AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektorunun əsasında Toponimika şöbəsi yaradılıb.
İnstitutdan hafta.az-a bildirilib ki, Toponimika şöbəsi Qərbi Azərbaycan toponimlərinin və işğaldan azad edilmiş ərazilərin onomastik mənzərəsinin bərpası, adların müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq.
Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub. Yeni yaradılan şöbə Qərbi Azərbaycanda ermənilər tərəfindən adları dəyişdirilmiş toponimlərin milliləşməsi istiqamətində tədqiqatlar aparacaq.
Şöbəyə Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov rəhbərlik edəcək.