Qusarçayın sahil torpaqlarının sel nəticəsində yuyulmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərə başlanılıb.
Hafta.az bildirir ki, Qusar Rayon İcra Hakimiyyətindən verilən məlumata görə hazırda ağır texnikaların köməyi ilə sel sularının maneəsiz və təhlükəsiz axması üçün məcra təmizləmə işləri aparılır.
İyunun 26-da rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov əlaqədar qurumların rəhbərləri, mütəxəssislər və ərazidə fəaliyyət göstərən daş karxanalarının sahibləri birlikdə müzakirələr aparıb, yarana biləcək fəsadların qarşısını almaq üçün görülməli işləri müəyyənləşdiriblər.
Bildirilib ki, son günlər isti havalar səbəbindən dağlarda qarın sürətlə əriməsi, həmçinin mütəmadi yağışlar nəticəsində Qusarçayda sel suların səviyyəsi artıb. Bir çox hallarda texnikaların gördüyü işin əhəmiyyəti azalır, sel suları yenidən istiqamətini dəyişərək sahil torpaqları yuyur. Bu səbəbdən çayın bir sıra ərazilərində suyun istiqamətinin dəyişdirilməsi üçün əsaslı tədbirlər görülməlidir.