Bu gün koronavirusdan ölənlərin sayı xarici ölkələrdə artmaqda davam edir. Artıq Azərbaycanda bir nəfər virusdan ölüb, eləcə də, digər İslam ölkələrində bu virusdan ölənlər var. Bəs virusdan ölən şəxslər İslam dininə görə necə dəfn olunmalıdır?
Nazirlər Kabineti yanında operativ qərargahdan mətbuata bildirilib ki, Azərbaycanda virusdan ölən şəxsin dəfn prosesi çox güman ki, qapalı və məhdud şəkildə olacaq: ”Mərhumun ailə üzvləri dəfndə hansısa şəkildə iştirak edə bilər, amma buraxılıb-buraxılmayacaqları barədə dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin rəyindən asılıdır. Vəfat edən şəxs çox güman ki, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər mütəxəssislərin iştirak etdiyi xüsusi komissiyanın nəzarəti ilə dəfn olunacaq. Dəfn mərasimində vəziyyətə uyğun olaraq mütəxəssislərin rəyinə əməl olunmalıdır”.
İlahiyyatçı Tural İrfan isə hafta.az-a açıqlamasında dedi ki, bu vaxta qədər virus xəstəlikləri bu adla olmasa da, həmişə müşahidə edilib:
“Peyğəmbərimizin dövründə cüzzam, vəba yayılıb. Peyğəmbərin hədisi də var ki, əgər cüzzamlı xəstə görsəniz ondan qaçın. Məqsəd onun yayılmamasıdır. Dəfnə gəldikdə isə, şəriətin öz qaydaları var. Əgər yoluxma riski çox olarsa, onu məhdudiyyətlər çərçivəsində dəfn edirlər ki, virus yayılmasın. Demək olar ki, ÜST-nin göstərişi ilə dinin dediyi üst-üstə düşür. Sadəcə olaraq şəriət hökmləri var. Onlar həyata keçirilməlidir.
Məsələn, mərhumun yuyulması. İslam dinində ölən şəxsə qüsul verilir, kəfənlənir və dəfn edilir. Xəstəliyin yayılma ehtimalı varsa mərhumu dəfn edənlər, yuyanlar üzüqapalı şəraitdə bunu edə bilərlər. Yox əgər heç yaxına getmək mümkün deyilsə, tibbi göstəriş varsa, o zaman yuxarıda dediklərimi də ixtisar etmək olar”.
İlahiyyatçı sosial şəbəkələrdə səslənən dini ayinlərlə virusdan qurtula bilmə məsələsinə də aydınlıq gətirdi:
“Peyğəmbərin bir hədisi var. Orada belə buyrulur: elm ikidir; elm və din elmi. Peyğəmbər tibb elmini din elmindən üstün tutur. O deməkdir ki, insanlar elmə, həqiqətə, reallığa üstünlük verməlidirlər. Amma insanların dini ayinləri oxumaqla virusun aradan qaldırılmasına inanması xürafatdır, cahillikdir. Belə xəstəliklərin qarşısını yalnız və yalnız elmlə ala bilərlər. Ona görə xurafatlara inanmaq lazım deyil. Bizi yaradan Allaha dua etmək lazımdır”.