ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatı yayılıb. Hesabatın Ermənistana aid hissəsində qeyd olunur ki, 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatlar yayılıb. Bundan əlavə, Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb.
Həmçinin, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbirstanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb. 2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib.
Hesabata münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev hafta.az-a açıqlamasında vurğulayıb ki, bu, gələcəkdə Azərbaycanın Ermənistana qarşı atacağı addımlarda əlimizi güclü edəcək. Görünən odur ki, Ermənistan cavabdehlikdən yayına bilməyəcək:
“ABŞ Dövlət Departamenti bu cür bilgiləri öz saytında yerləşdirməklə Ermənistana istər I Qarabağ, eləcə də II Qarabağ müharibəsində Azərbaycan ərazilərində əsir götürülən hərbçilərə, əhaliyə qarşı törədilmiş cinayətlərdən məlumatlı olduğunu çatdırır”.
Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən bu sanksiyaların tətbiq edilməsinə, Azərbaycan tərəfdən Ermənistana qarşı qaldırılacaq iddialara görə kompensassiyaların ödənilməsinə gətirib çıxara bilər.
“Biz gələcəkdə bütün faktların hüquq müstəvisində öz əksini tapması üçün bu bilgilərə istinad edə biləcəyik. Çünki bu məlumatları beynəlxalq təşkilatlar əldə edir və ABŞ Dövlət Departamentinin saytında paylaşılır. Bu faktlara əsasən birbaşa Ermənistana əhaliyə, ərazilərimizə, hərbçilərimizə qarşı törədikləri cinayətkar əməllərə dair iddialar qaldırıla bilər. Ermənistan istənilən halda ərazilərimizdə törətdiyi bu vandalizm hərəkətlərinə görə cavab verəcək. Təbii ki, bu zamana bağlı məsələdir. Aərbaycanın da bu yöndə çalışmaları mövcuddur”.
E.Şıxəliyev qeyd edib ki, 44 günlük müharibəyə qədər erməni vandalizminin sübutları işğal altındakı ərazilərdə olduğu üçün əlimizdə güclü sübutlar yox idi.
“Ancaq torpaqlarımız azad olunandan sonra gedib o yerlərdə kütləvi məzarlıqları araşdırmağa, işğal altındakı rayonlarımızdakı zərəri hesablayıb beynəlxalq təşkilatlarla paylaşmaq imkanımız yaranıb. Azərbaycan ermənilərin törətdiyi dağıntıların, qırğınların həcmini hesablaya bilir və bu da istənilən halda hüquq müstəvisində əlimizi güclü edəcək”.