Dövlət xidməti oğluna şəhid statusu verilməsini tələb edən anaya CAVAB VERDİ

16:49 24.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir müddət öncə Xızıda təlim zamanı qəzaya uğrayaraq vəfat edən Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusuna şəhid statusunun verilməməsi  haqqında məlumat vermişdik.

Xatırladaq ki, mərhumun anası Validə xanım şikayətində bildirmişdi ki, Kamil Məmmədov, 25 dekabr 1998-ci ildə Xaçmaz rayonunun Köhnə Xudat kəndində dünyaya gəlib. O, Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində Kəşfiyyat bölüyündə xidmət göstərib. 44 günlük Vətən müharibəsində iştirak edib və 9 medalla təltif olunub. Bunlardan 6-sı rayonların azad olunmasına, digər 3-ü isə döyüşlərdə fərqlənməyə və göstərdiyi şücaətə görədir. Kamil 15 yanvar 2021-ci ildə Xızı rayonunda təlim zamanı avto qəzaya uğrayıb, 28 yanvar 2021-ci ildə isə vəfat edib.

Problemlə bağlı dəfələrlə müvafiq orqanlara şikayət edən anaya, “Oğlunuz döyüşlərdən sonra vəfat etdiyi üçün, şəhidlik nəzərdə tutulmayıb" deyilsə də, qadının haqlı bir üsyanı var idi: “Axı DSX-nın helikopter qəzası zamanı həlak olan 14 hərbi qulluqçusuna şəhid statusu verildi. Onlar da təlim zamanı qəzada həlak oldular, Kamil də. Onda niyə oğlum şəhid sayılmır?”

Məsələ ilə bağlı müraciət ünvanladığımız qurumdan - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilir:

“Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.  Belə ki, müvafiq hərbi hissənin bildirişinə və 29.01.2021-ci il tarixli ölüm haqqında  şəhadətnaməyə əsasən, Məmmədov Kamil Şamil oğlu 15.01.2021-ci il tarixdə Xızı rayonu ərazisində baş vermiş avtomobil qəzası nəticəsində aldığı xəsarətlərdən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunarkən 28.01.2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən mərhum Məmmədov Kamil Şamil oğlunun şəhid hesab edilməsi yuxarıda göstərilən qanunvericiliyin tələblərinə ziddir”.