Azərbaycan xalqının son 29 illik taleyində mühüm rol oynamış 4 iyun Gəncə olaylarından artıq bir qərinəyə yaxın vaxt keçsə də, həmin hadisələrin mahiyyəti və nəticələri ətrafında doğan suallar bitmək bilmir. Bəhs edilən olayların fəal iştirakçı və şahidlərindən olmuş AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədovla hafta.az üçün növbəti söhbətimiz məhz bu mövzuda oldu.
-Etibar bəy, belə bir fikir də gəzir ki, 1993-cü il iyunun 4-də hakimiyyətə qarşı qiyam qaldırmaqda ittiham olunan keçmiş Milli Qəhrəman və baş nazirin müavini Surət Hüseynov guya əslində heç bir xarici qüvvəyə, Moskvaya-filana işləməyib, o, əvvəl sadəcə yun zavodunun direktoru, sonra isə korpus komandiri kimi Qarabağın doğrudan da erməni işğalından azad edilməsi üçün əlindən gələni edən vətənpərvər bir insan olub. Sadəcə, AXC hakimiyyətinin bəzi üzvlərinin ona qarşı fitnəkar siyasəti sayəsində Surət Hüseynov Elçibəyə qarşı qiyam etmək məcburiyyətində qalıb. Bu fikirə münasibətiniz necədir?
-Əvvəla, kiminsə hansısa xarici qüvvələrə, xüsusi xidmət orqanlarına bağlılığını sübut etmək üçün bunu hüquqi əsaslarla, faktlarla sübut etməlidir. Eyni zamanda təqsirsizlik prezumpsiyası var və bu, dünyada da qəbul olunub, Azərbaycan qanunvericiliyində də var. Yəni kimsə özünün günahsız olduğunu sübut etməməlidir. Kimlərsə hansısa şəxsi itiham edirlərsə, sübut irəli sürməlidirlər. O dövrdə hakimiyyətdə olanlar vaxtında kimin xarici dövlətlərlə əlaqədə olması, dövlət əleyhinə işləməsini əllərində olan xüsusi orqanlar vasitəsilə müəyyən etməli və əsaslı ittihamlar irəli sürməli idilər. Bu halda da fərziyyə kimi söylənilənlər sübuta yetirilməlidir. Lakin heç də kimlərsə kiminsə tam günahsız olduğunu da iddia edə bilməz. Və Surət Hüseynovun da xidmətlərinə qiyməti məhz AXC hakimiyyəti verib, ona Milli Qəhrəman adı verib, onu korpus komandiri, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndə, baş nazirin müavini vəzifələrinə təyin edib. Görünür, onlar hansısa xidmətlərini nəzərə alıblar ki, bu səlahiyyət, vəzifə və fəxri adı Surət Hüseynova veriblər...
-Son vaxtlar bəzi internet resurslarında belə fikirlər də səsləndirilir ki, guya Gəncədə Surət Hüsreynov və tərəfdarlarına qarşı hazırlanmış “Tufan” kod adlı əməliyyatdan Elçibəyin bir dövlət başçısı kimi xəbəri olmayıb, həmin planı əsasən keçmiş parlament sədri və baş nazir hazırlayıb və icra etməyə cəhd göstərib. Hərçənd onlar da o dövrdə belə bir əməliyyatın olduğunu və onun hazırlanması və icrasında iştiraklarını inkar edirdi... Bu haqda nə deyə bilərsiniz?
-Əslində həmin əməliyyat haqda hadisələr baş verəndən sonra mən də, digərləri də məsələ qaldımışıq. Sual etmişik ki, bu əməliyyat kim tərəfindən hazırlanıb, kim tərəfindən idarə olunub və silahlı qüvvələr doğrudan da prezidentin xəbəri olmadan istifadə olunubsa, bu da cinayətdir. Həmçinin ordudan daxili məsələlərdə pralamentin qərarı olmadan istifadə edilibsə, bu da qanun pozuntusudur...
İkincisi də, çox adam deyirdi ki, mənim heç nədən xəbərim yoxdur. Lakin yadınızdadrsa, 25 il sonra iyun hadisələri ərəfəsində keçirilmiş Təhlükəsizlik Şurasının iclasının protokolları mətbuatda dərc olundu və məlum oldu ki, elə həmin Şuranın sədri prezident Elçibəy özü olub. Bu məsələlər dövlət başçısının yanında müzakirə olunub və qanuna zidd olaraq ayrıca sərəncam olmadan Ali Sovetin sədri və baş nazir də bu məsələlərdə rəhbər rol oynayıblar. Yəni qanunsuzluq çox olub və heç kəs də bunu boynundan atmamalıdır. AXC iqtidarında sözügedən əməliyyatdan hamının da xəbəri olub. Sadəcə, həmin əməliyyatı uğursuz və bacarıqsız hazırlayıblar və nəticədə ölkədə belə qarşıdurma və xaos yaranıb..
-AXC iqtidarının bir sıra aparıcı şəxsləri deyirdi ki, keçmiş DTK arxivləri açılsa, ölkədə vətəndaş savaşı olacaq. Amma arxivlər açılmadı. Və bundan sonra həmin iqtidar bir alayın qiyamı nəticəsində yıxıldı və üstəlik, cəmi bir neçə ay ərzində daha 6 rayonumuz Rusiya-Ermənistan qüvvələri tərəfindən işğal olundu... Buradan hansı nəticəyə gəlmək olar?
-Nəticəni kim necə istəyir, çıxarsın, ancaq həmin dövrdə rəsmi olaraq parlamentdə DTK arxivlərinin açılması tələbi ilə mən çıxış etmişəm. Bu tələb bir neçə dəfə tərəfimdən irəli sürülüb. Lakin təəssüf ki, həmin arxivlər açılmayıb. Və bir məsələ də ondadır ki, SSRİ dağıldıqdan sonra arxivlərin açıldığı heç bir ölkədə vətəndaş müharibəsi baş verməyib. Mənim təklifim ondan ibarət idi ki, arxivlər açılsın, amma günahı olmayan heç kəsi təqib etmək də lazım deyil... Sadəcə, heç olmasa, “KQB” ilə xalqın, ölkənin ziyanına ciddi əməkdaşlıq etmiş, çuğulçuluq etmiş şəxslər üzə çıxarılsın ki, onlar sonradan Azərbaycanda rəhbər vəzifələrə irəli sürülməsin. Və eyni zamanda bu şəxslər cəmiyyət qarşısında öz günahlarını etiraf etsinlər. Lakin bunları etmədiklərinə görə hamıdan çox danışan, hamıdan çox qışqıran bəzən elə həmin DTK ilə əlaqəsi olanlar oldu. Və sonradan da özləri bir-birini ittiham etməyə başladılar. Biri dedi ki, mən arxivə girmişəm və öyrənmişəm ki, filankəslərin DTK ilə əlaqəsi olub. Bir sözlə, həmin keçmiş imperiya arxivlərinin açılmaması çox böyük və bağışlanılmaz səhv idi...
-Bilirik ki, siz 1993-cü il iyunun 17-də prezident Əbülfəz Elçibəy Kələkiyə getdikdən sonra dəfələrlə parlamentdə Əbülfəz bəyin Bakıya qayıtmasının vacibliyini onun nəzərinə çatdıraraq, onun təhlükəsizliyi üçün əlinizdə olan bütün imkanlardan istifadə edəcəyinizi bildirmisiz. Və hətta parlamentin bir iclasında məhz sizin təşəbbüsünüzdən sonra Azərbaycanın o vaxtkı qanuni prezidentinə müraciət ünvanlanır və ondan səlahiyyətlərinin icrasına davam etmək üçün Bakıya qayıtması xahiş olunur. Həmin müraciət lehinə 36, əleyhinə - 0, bitərəf – 2 nəfər olmaqla qəbul edilir. Amma Əbülfəz Elçibəy yenə də Bakıya qayıtmaqdan imtina edir. Bəs prezident vəzifə başına qayıtsaydı, siz doğrudan da onun təhlükəsizliyini təmin edə bilərdinizmi? Məsələn, o vaxt hay düşmüşdü ki, guya Surət Hüseynov hətta prezident və digər yüksək vəzifə sahiblərinə qarşı sərt tədbirlər görəcək, dar ağacı quracaq və s. Siz Surət Hüseynovu Elçibəyə qarşı hansısa sərt hərəkətlərdən çəkindirə bilərdinizmi?
-Bəli, mən Surəti belə hərəkətlərdən çəkindirə də bilərdim. Amma əslində Elçibəy qayıdıb prezident vəzifəsinin icrasına davam etsəydi, onun üçün elə böyük təhlükə də olmayacaqdı. İkincisi də ölkə prezidenti heç bir təhlükədən qorxmamalıdır. Çünki o, vətəndaşların və ölkənin təhlükəsizliyinə zəmanət verir və onların qarantıdır... Əbülfəz bəylə bu mövzuda söhbət zamanı o bildirmişdi ki, təhlükəsizlik məsələsi var. Mən də cavab vermişdim ki, biz onun təhlükəsizliyini təmin etməyə hazırıq. Və yeri gəlsə, biz prezident kimi daim onun yanında olmağa hazırıq – o bilsin ki, təhlükəsizliyinə xələl gəlməyəcək. Təəssüf ki, Elçibəy heç bir şeyi nəzərə almadı və Bakıya qayıtmadı...
-Bəs Surət Hüseynov doğrudanmı AXC hakimiyyəti başında duranlara qarşı amansız tədbirlər görmək niyyətində idi. 4 iyun hadisələri ərəfəsində və ya sonra sizinlə söhbətləri zamanı o, konkret o vaxtkı dövlət başçısı Əbülfəz Elçibəy haqda kəskin ifadələr işlədirdimi?
-Yox, Surət mənim yanımda heç vaxt prezidentə qarşı sərt fikirlər bildirməyib. Və mən onunla sonuncu dəfə artıq 4 iyun hadisələri baş verdikdən sonra Gəncədən çıxıb Bakıya hərəkət etməyə hazırlaşanda görüşmüşəm. Həmin görüşdə Surət Hüseynova bildirmişdim ki, o, səhv addım atmaqdadır. Əgər o, həqiqətən özünü zərər çəkmiş hesab edirsə, hakimiyyət tərəfindən ona qarşı haqsız hücum edildiyini bildirirsə, müdaxilə edilən tərəf kimi haqlıdır. Ancaq Gəncədən Bakıya tərəf hərəkətə başlayandan sonra artıq o, qiyamçı hesab olunacaq. Və Surət Hüseynova konkret bildirmişdim ki, qiyamçı hesab olunacağın halda mən də səni heç vaxt müdafiə edə bilmərəm və etməyəcəyəm də. Çünki onun Gəncədən çıxıb Bakıya hərəkət etməyi artıq qiyam idi və dediyim kimi, bu haqda qəti fikrimi ona çatdırdım...
-Etibar bəy, 4 iyun 1993-cü il olaylarından sonrakı təxminən iki aylıq dövrdə özünüzün yol verdiyiniz hansısa səhvlərə görə bu gün peşmançılıq çəkirsinizmi?
-Səhvlər deyəndə, bəzi məqamlar olub ki, gözləməyə məcbur olmuşam. Məsələn, 4 iyundan sonra mən Əbülfəz bəydən təklif gözləyirdim. Hesab edirdim ki, özü müraciət etsə, daha doğru olar. Ancaq o, birbaşa müraciət etmədi. Və yalnız iyunun 8-dən sonra mən özüm məsələlərə müdaxilə etməyə başladım. Hesab edirəm ki, o, mənim səhvim idi, gərək əvvəldən belə edəydim. Bu cür bəzi məqamlar olub ki, ona görə təəssüf edirəm...