Son illər donor ölkəyə çevrilən Azərbaycan xarici borcunu azaltmağı hədəfləyib
Xəbər verildiyi kimi, Azərbaycan Dünya Bankının pandemiyaya görə ayırdığı kreditdən imtina edib. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 Aləti" layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb. Kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən, həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil".
Qeyd edək ki, Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək məqsədilə hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihənin dəyəri 95 milyon ABŞ dolları təşkil edirdi və bu məbləğin hamısı bankın öhdəliklərinə daxil idi. Layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi isə sentyabrın 6-da gözlənilirdi.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 milyard dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb. Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfeli 10 layihədən ibarətdir və 803 milyon dollar təşkil edir. Bu ilin mayın 21-də bankın Direktorlar Şurası Azərbaycanda Salyan-Biləsuvar yolunun yaxşılaşdırılmasına yönəlmiş və bank tərəfindən 65 milyon dollar məbləğində kreditin ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsini təsdiqləyib.
Məlumat üçün bildirək ki, əslində bu, Azərbaycan Hökumətinin Dünya Bankının təklif etdiyi kreditdən imtina etməsi ilə bağlı ilk hal deyil. Məsələn,
Azərbaycan Hökuməti 2019-cu ildə ölkədə məcburi köçkünlərin rifah halının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) üzrə layihə üçün Dünya Bankından alınan kreditin qalan hissəsini istifadə etməkdən imtina edib və beləcə layihənin başa çatma tarixi 31 dekabr 2020-ci ildən 2019-cu ilin sonuna dəyişdirilib. Azərbaycan tərəfinin tələbi ilə bank kreditin 51,196 milyon dollarlıq istifadə olunmamış hissəsi üzrə ödənişi ləğv edib.
Bəs görəsən, müharibədən yeni çıxmış ölkə olan Azərbaycanın Dünya Bankı tərəfində ayrılan sözügedən kreditə ehtiyacı var idimi? Ümumiyyətlə, ölkəmizin mövcud maliyyə resusları hökümətin qarşıdakı illər üçün nəzərdə tutduğu layihələri reallaşdırmasına nə dərəcədə imkan verir?
Qeyd edək ki, bu gün Azərbaycan xarici kreditlərə çox böyük ehtiyatla yanaşır. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında vurğulayıb ki, bizim əslində xarici kreditlərə ehtiyacımız yoxdur: “Azərbaycan indi xarici kreditlərə çox böyük ehtiyatla yanaşır. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər. Yoxsa əvvəlki illərdə hansısa tikintilərə, yol tikintisinə və bəzi tikintilərə kreditlər götürülürdü. Bunun heç bir əsası yoxdur. Çünki görülən bu işlər dollartutumlu işlər deyil. Ona görə hökumətə kreditlərlə bağlı bir daha tapşırıq verirəm ki, çox ehtiyatla davransınlar. Bizim əslində xarici kreditlərə ehtiyacımız yoxdur. Biz indi özümüz kreditoruq. Beynəlxalq İnkişaf Agentliyinin hesabatında da Azərbaycan donor ölkə kimi tanınır".
Yeri gəlmişkən, bu il yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 100,4 milyon ABŞ dolları və yaxud 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19 faizini, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və yaxud ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 821,5 milyon ABŞ dolları (14 996,5 milyon manat) və yaxud ÜDM-in 20,7 faizini təşkil edib. Statistik məlumata görə, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir. Ötən ilin sonuna birbaşa daxili dövlət borcu 1 726 milyon manat və yaxud ÜDM-in 2,4 faizi, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və yaxud ÜDM-in 0,3 faizi, daxili dövlət borcu 1 942,1 milyon manat və yaxud ÜDM-in 2,7 faizi qədər olub.
Mövzunu hafta.az-a şərh edən İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Əli Əlirzayev bildirib ki, ölkəmizin Dünya Bankının təklif etdiyi kreditdən imtina etməsində bir sıra səbəblər var. Onun sözlərinə görə, son illər donor ölkəyə çevrilənAzərbaycan xarici borcunu azaltmağı hədəfləyib: “Biz müstəqilliyin ilk illərində beynəlxalq maliyyə qurumlarından borc almağa məcbur idik. İndi vəziyyət müsbətə doğru xeyli dəyişib. Düzdür, dünyanı cənginə almış pandemiya əksər ölkələri həm xaricdən, həm də daxildən vurdu. Həm dünyada iqtisadi vəziyyətin pisləşməsi ilə, həm də ölkələrdə sərt karantin rejiminin tətbiq olunması ilə dünya ölkələri şətin vəziyyətə düşdülər. Bu, Azərbaycana da aiddir. Üstəgəl, Azərbaycan həm də müharibədən çıxmış bir ölkədir. Biz pandemiya dövründə də beynəlxalq maliyyə qurumlarına kömək üçün müraciət etmədik. Mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Bu, heç də o demək deyil ki, Azərbaycan yüksək inkişaf etmiş ölkələr ilə müqayisə edilməlidir. Sadəcə, xarici borcumuz xüsusən valyuta ehtiyatlarımız baxımından elə də yüksək həddə deyil. Ona görə də ölkə iqtisadiyyatı üçün bir sıra vacib sahələrdə nəzərdə tutulan işlərin görülməsi üçün kreditlər alınması mümkün sayılır. Kredit yenə də kreditdir və dövlətin borclanması deməkdir. Ona görə də Azərbaycan xarici kreditlərə artıq çox ehtiyatla yanaşır”.
Hazırda ölkəmizin kifayət qədər maliyyə resursunun olduğunu vurğulayan ekspert bununla yanaşı qeyd edir ki, nə qədər ehtiyatların olsa da borc alıb-borc verməsən mümkün deyil: “Hətta maliyyə baxımından ən təmin olunmuş ölkələr də vacib işləri borc hesabına görürlər. Bizdə problem ondadır ki, dövlət zəmanəti ilə borc alan iri dövlət şirkətlərinə nəzarət mexanizmi zəifdir. Yəni çox böyük həcmdə dövlət zəmanəti ilə xarici kredit cəlb etmiş qurumlar aldıqları borcları sonradan qaytarmırlar və sonda onların əvəzində dövlət ödəniş etməli olur. Bu qurumların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində son illər bir sıra tədbirlər həyata keçirilsə də, təəssüf ki, vəziyyət fərqli deyil. Halbuki ölkə başçısı da dəfə dövlət zəmanəti ilə xarici borc alan qurumları məsuliyyətli olmağa çağırıb və çağırır. Odur ki, belə qurumların dövlət zəmanəti ilə kredit almasını məhdudlaşdırmaq, prioritet layihələrə görə alınacaq kreditlərə xidmətlə bağlı onlar üzərində ciddi nəzarət təşkil etmək lazımdır. Dövlətin adından borc alan qurumlar özləri məsuliyyət daşımalı, borca xidmət göstərərək dövlətin üzərinə ağırlıq salmamalıdırlar. Hesab edirəm ki, bu gün Azərbaycan daha çox valyuta gətirən sahələr üçün borc götürməlidir. Digər məqsədlər üçün əldə olunan kreditlər səmərəsizdir, sadəcə, dövləti yükləməyə xidmət edir”.