Dünya yeni epidemiya ilə üz-üzə - TƏHLÜKƏ

16:40 05.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası başa çatmamış, indi də başqa bir virusun təhlükəsinə yaxalanmışıq. Xüsusilə də 1-10 yaş arası uşaqlar arasında sürətlə yayılan və öldürücü təsiri böyük olan bu xəstəlik qaraciyərdə yaranır. Hələlik xarakteri və yaranma səbəbi məlum olmadığından virus tibb elmi üçün sirli olaraq qalır.

İlk olaraq Böyük Britaniyada təsbit edildiyi deyilən sirli virus indiyədək 13 ölkədə yayılıb. Sirli hepatit virusu səbəbindən, artıq bir nəfər dünyasını dəyişib. Tibb alimlərinin fikrincə, azyaşlılar aarsında yayılan sirli hepatitin yaranmasına adenovirus səbəb ola bilər.

Qeyd edək ki, indiyədək dünyada 200-ə yaxın belə xəstə müəyyən edilib. Onlardan 114 nəfəri müalicə olunarkən, 10 uşağın üzərində məcburiyyətdən qaraciyər transplantasiyası aparılıb.

Liverpul Universitetinin yoluxucu xəstəliklər professoru Kalum Semple qeyd edir ki, “Adenorivus”, “COVID-19” pandemiyası zamanı tətbiq edilən tədbirlərə görə demək olar ki, yoxa çıxmışdı və görünür, indi dalğa ilə geri dönüb.

Mütəxəssislər simptomları olan uşaqların 48 saat məktəbə göndərilməməsi lazım olduğunu, əlyuma kimi gigiyena tədbirlərinin virusların yayılmasını azaldacağını vurğulayırlar.

Sirli hepatitdən danışan professor Onur Yaprakın fikrincə, qısa müddətdə 13 ölkəyə yayılan sirli hepatitin 41-ci tip adenovirusla əlaqəsi olsa da, səbəbi hələ də tapılmayıb. Hepatit A, B, C, D, E virusları kimi yeni əlifba hərfini götürəcək virusun aşkar olunmayacağını heç kim iddia edə bilməz. Həmçinin, hepatitə səbəb olan viruslardan birinin məsum bir kursla mutasiyaya uğrama ehtimalı da diqqətdən kənarda qalmamalıdır.

Ümumdünya Səhiyyə Təşkilatının “müəyyən edilməmiş” olaraq xarakterizə etdiyi virusun uşaq və gənclərdə qaraciyər transplantasiyasına mənfi nəticələrə səbəb ola biləcəyini ifadə edən professor Yaprak "Xəstəliyin səbəbi ilə bağlı konkret fakt tapılmasa da, son araşdırmalar onu 41-ci tip adenovirusla əlaqələndirir", – deyib. “Hepatit qaraciyərin iltihabı deməkdir; Viruslar, toksinlər, dərmanlar, otoimmun xəstəliklər kimi bir çox səbəbdən inkişaf edə bilər. Qaraciyərdə məskunlaşan və hepatitə səbəb olan beş virus müvafiq olaraq A, B, C, D və E viruslarıdır. Hepatit B və C-də əsas yoluxma yolu qan və iynələrdir. Hepatit A çirklənmiş su və qidadan keçir, Hepatit E isə qida ilə çirklənmə ilə yanaşı, çöl donuzu və maral kimi heyvanların ətinin yeyilməsi ilə yoluxur”, – deyən professor Yapraka görə, qaraciyərdə məskunlaşan və hepatitə səbəb olan A, B, C, D və E virusları səbəbindən, hər il 1 milyon insan həyatını itirir. Bu viruslarla yanaşı, qaraciyərə yerləşməyən, qaraciyərə təsir edən viruslar da hepatitə səbəb ola bilər. Buna misal olaraq herpes, EBV, CMV, adenoviruslar, enteroviruslar, adətən, yuxarı tənəffüs yollarının infeksiyalarına və qastroenteritlərə səbəb olan qrip viruslarını göstərmək olar. Professor qeyd edir ki, bu viruslar adətən tənəffüs yolları və ya çirkli əllərimiz vasitəsilə orqanizmə daxil olur, qan və immun sistemi hüceyrələrini yoluxduraraq qaraciyərə təsir edir.

Professor Onur Yaprak izah edir ki, hepatitin ən qorxulu nəticəsi qaraciyər çatışmazlığıdır. Kəskin qaraciyər çatışmazlığını əvvəllər heç bir qaraciyər xəstəliyi olmayan bir şəxsdə anıdən başladığını təyin edən professor Yaprak bu vəziyyətin əsas səbəbləri arasında viruslar, toksinlər, metabolik xəstəliklər, dərman və kimyəvi maddələrə məruz qalma olduğunu bildirib.

Viruslara bağlı kəskin qaraciyər çatışmazlığında ölüm nisbətinin yüzdə otuza çata biləcəyini ifadə edən Yaprak hadisələrin yüzdə iyirmi beşində qaraciyər nəqlinin lazım olduğunu söyləyib. O, uşaqlarda kəskin qaraciyər inkişafına səbəb olan virusları aşağıdakı kimi sadalayıb: “Herpes daha çox körpə və yenidoğulmuş uşaqlara, EBV isə bir neçə yaşlı uşaqlar və yeniyetmələrə təsir göstərir. Uşaqlarda kəskin qaraciyər çatışmazlığı ilə əlaqəli digər viruslara adenovirus, dang qızdırması, enterovirus ailəsinin üzvləri və paramiksovirus daxildir. Sirli hepatitin viruslardan və ya toksinlərdən əmələ gəlib-gəlmədiyi, əgər virusdursa, bu vəziyyətə hansı virusların səbəb verməsi ilə bağlı araşdırmalar davam edir. İlkin tapıntılar klassik hepatit viruslarından daha çox adenovirus növü olan “Adenovirus-41”in bu mənzərəyə səbəb olması ehtimalını gücləndirir. Çünki 169 uşaqdan 74-də adenovirus infeksiyası aşkar edilib. Bununla belə, məlum adenovirusların illərdir mövcud olmasına baxmayaraq, belə kütləvi hepatitə səbəb vermədiyi üçün daha geniş araşdırmaya ehtiyac var. Bu baxımdan xəstələnən və qaraciyər transplantasiyası əməliyyatı edilən uşaqlarda aparılacaq patoloji müayinə işıqlandırıcı olacaq”.

Hepatitin sirrinin çox qısa vaxtda açılacağına ümid etdiyini bildirən Yaprak sözlərini belə tamamlayıb: “Hepatit virusları onillər əvvəl əlifbaya uyğun şəkildə - hərflərlə adlandırılıb və heç kim təminat verə bilməz ki, gələcəkdə əlifbanın daha çox hərfindən istifadə olunmayacaq. Həm də pandemiyada cəmiyyət mutasiya sözünü eşitdi. Hər kəs virusların zamanla mutasiyaya uğradığını bilir. Heç kim hepatit viruslarından birinin az ehtimalla da olsa, mutasiyaya uğrama ehtimalını nəzərdən qaçırmamalıdır”.

ABŞ-ın biotexnologiya firması Sana-da Gen Terapiyası və Virusologiya şöbəsinin direktoru Semih Tarin sirli hepatit hadisələri haqda danışarkən deyib ki, normalda qaraciyər çatışmazlığına yol açan hepatitin yaranmasına A, B, C və D virusları səbəb olur. Tədqiqatlar nəticəsində adenoviruslu insanların sayının üstünlük təşkil etdiyini qeyd edən Tarin "Bu, uşaqlarda adenovirusun aşkarlanması sual yaradır. Çünki adenovirus normal olaraq sağlam uşaqlarda qaraciyər hepatitinə səbəb olmur", - deyib.

Adenovirusun indiyədək yalnız immun çatışmazlığı olan insanlarda hepatitə səbəb olduğunu vurğulayan Tarin bildirib ki, indiki yoluxmalarda immun çatışmazlığı yoxdur. Bu səbəbdən hepatit viruslarının tam olaraq haradan gəldiyi bilinmir.

Sirli hepatit infeksiyalarında adenovirüs əlaqəsi ehtimalının yüksək ola biləcəyini ifadə edən Tarin də deyib ki, indiyədək əldə edilən dəlillər hadisələrin “Adenovirus 41”lə əlaqəli olduğunu göstərir, ancaq bu əlaqəni təsdiqləmək üçün araşdırmalar da davam edəcək.

Bəs bu xəstəlik epidemiyaya, daha sonra pandemiyaya səbəb ola bilərmi? Tarin sirli hepatit hadisələrinin yeni bir qlobal epidemiyaya səbəb olma ehtimalını zəif görür. "Hazırda narahatlıq üçün heç bir səbəb yoxdur, lakin eyni zamanda, hadisələrin dəqiq səbəbini də bilmirik. Bunu tezliklə öyrənəcəyik", - o deyib.

Türkiyə Elmi Komitəsinin üzvü və KLİMİK Dərnəyinin sədri, professor Serap Şimşək Yavuz “Hazırda kiçik uşaqlarda görülən və sürətlə qaraciyər çatışmazlığına səbəb olan bir klinik mənzərə var. Biz bunu adətən hepatit cədvəllərində görürük, lakin indiyədək bu cür virus görülməyib. Xəstəlikdən 1-5 yaş arası uşaqlar daha çox təsirlənir. Bir qrupda adenovirus, digər qrupda isə COVID-19 aşkar edilib. Bəzi fərziyyələr var. Biri uşaqların böyüklərə nisbətən COVID-19 virusuna daha yaxın vaxtlarda məruz qalması, digəri isə adenovirus və COVID-19-un birləşməsidir”, - deyib.

Mikrobioloq Tutku Taşkınoğlunun fikrincə, bu xəstələrdə məlum infeksion hepatit (hepatit A-E) ilə heç bir əlaqə qurulmadığı üçün yeni və ya fərqli bir virus ola biləcəyi vurğulanır. “Xəstələrin heç birinə COVID-19 peyvəndi vurulmayıb və onların 77 faizində adenovirus aşkar edilib. Hazırda günahkar adenovirus kimi görünsə də, kliniki tapıntılar öyrəşdiyimiz mənzərəyə uyğun gəlmir. Bu, COVID-19 da daxil olmaqla başqa bir infeksiyanın və ya ekoloji səbəbin ola biləcəyi ehtimalını artırır” deyən mikrobiloloqa görə, xəstəliyin ilkin əlamətləri aşağıdakılardır: tünd sarı sidik, qusma, gözlərin və dərinin saralması (sarılıq), qaşınma, əzələ və oynaq ağrıları, hərarət, zəiflik və yorğunluq, anoreksiya.

Uşaq qastroenterologiya, hepatologiya və qidalanma mütəxəssisi, doktor Əsra Polat deyib ki, ishal, qusma, sarılıq və qaraciyər fermentləri yüksəlmiş uşaq xəstələrdə “COVID” tarixinin də araşdırılması lazımdır. Onun fikrincə, həm “COVID”in özünün, həm də bu aylarda uşaqlarda çox rast gəlinən digər virus infeksiyalarının qalıcı qaraciyər zədələnməsinə yol vermədən müalicəsi üçün valideynlərin diqqətli olması və həkimə müraciət etməsi lazımdır.

Əsra Polat deyib ki, məsələn, İngiltərədə son vaxtlar səbəbi təyin olunmayan hepatitlər, xüsusilə sarılıqla müraciət edənlərdə artım var. Bu naməlum hallar İngiltərədə qorxulu hala gəlib və araşdırmalar davam edir. Ancaq bunun səbəbini hələ də bilmirlər. Hamımızın bildiyi kimi, sarılıq, daha doğrusu qaraciyərin iltihabına səbəb ola biləcək bir çox amillər var. “Viral infeksiyalarda hepatit virusları, yəni qaraciyərə spesifik təsiri olan viruslar xaricində bir çox fərqli virus da qaraciyərə təsir göstərə bilir. Bunlar sadə qaraciyər infeksiyasından (sadə hepatit) irəliləmiş xroniki hepatitə qədər inkişaf edə bilir və hətta orqan çatışmazlığına səbəb olaraq qaraciyər nəqlinə gətirib çıxarır. Bu səbəblərdən biri də “COVID-19” infeksiyasıdır. Koronavirus həyatımıza daxil olandan bəri çox şey öyrəndik. Xüsusilə də koronavirus hallarında qaraciyər tutulmasının olduğunu gördük. 2020-ci ilin sentyabr ayından etibarən koronavirusdan sonra inkişaf edən fərqli bir xəstəliklə qarşılaşdıq. Bu, MİS-C infeksiyasıdır, yəni çoxiltihablı sindromdur. Uşaqlarda görülən MİS-C bir çox xəstədə çox səs-küylü idi. Burada izlədiyimiz və reanimasiya şöbəsində uzun müddət müalicə alan xəstələrimiz də vardı. “COVID” infeksiyasında, daha çox MİS-C infeksiyası zamanı qaraciyər fermenti dəyərlərində anormallıqlar aşkar etdik. Ancaq infeksiyanın idarə olunması ilə bu xəstələrin qaraciyər dəyərlərinin də sağaldığını gördük”, - deyib Ə.Polat.

Ə.Polat deyib ki, bu cür infeksiya xüsusilə gözlərdə saralma ilə başlaya bilər. “belə halı hiss edən kimi həkimə müraciət edin. Çünki erkən diaqnoz bizim üçün hər zaman önəmlidir. “Covid” pandemiyası zamanı uşaqlarda bu infeksiyanın böyüklərə nisbətən bir az daha yüngül keçdiyini gördük. Onlar infeksiyaya yoluxduqlarını belə bilmirlər. Qaraciyər simptomları ilə gələn xəstələri qiymətləndirərkən, “COVID”in yaxın ailə tarixini mütləq şübhə altına almalıyıq. Çünki son vaxtlar “COVID” infeksiyası qaraciyər fermentinin açıqlana bilməyən yüksəlişinə və izah olunmayan sarılığa səbəb ola bilər”, - deyib həkim.

Qeyd edək ki, bu günədək ABŞ, İngiltərə, İspaniya, İsrail, Danimarka, İrlandiya, İtaliya, Norveç, Fransa, Rumıniya, Belçika və Hollandiyada müşahidə edilən və səbəbi müəyyən edilə bilməyən hepatit hadisələri ən son Kanadada aşkarlanıb. İndiyədək 13 ölkəyə yayılan virusa 200-ə yaxın uşaq tutulub. Xəstəliyin “müəmmalı” və “müəyyən edilməmiş” kimi səciyyələndirilməsi yeni qlobal epidemiya ehtimalını gündəmə gətirib. Çünki vaxtilə “COVID -19” da adı çəkilməzdən əvvəl “sirli ağciyər xəstəliyi” olaraq təyin edilmişdi.