"Azərbaycan Türk dünyasının əsas mərkəzlərindən biridir"

15:03 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Türk xalqlarının milli oyanışı və yenidən dirçəlişi XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Türk dünyasında yeni mərhələ başlandı. Osmanlı imperiyasının yerində Türkiyə Cümhuriyyəti yarandı, Azərbaycan Xalq Cümhuriyyəti isə Səfəvilər və digər türk dövlətlərinin dövlətçilik ənənələrinə söykənərək quruldu. Belə bir tarixi şəraitdə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirilməsi təsadüfi deyildi".

Hafta.az xəbər verir ki, bunu açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə doktoru Faiq Ələkbərli söyləyib.

Onun sözlərinə görə, həmin dövrdə müstəqil türk dövləti kimi yalnız Türkiyə mövcud idi. Sovet imperiyasının tərkibində yaşayan türk xalqları, xüsusilə Azərbaycan türkləri öz milli varlıqlarını qorumaq məqsədilə dil, ədəbiyyat, əlifba və milli kimlik məsələlərini ön plana çıxarırdılar:

"Birinci Türkoloji Qurultayda aparıcı rol məhz Azərbaycan alimlərinə və ziyalılarına məxsus idi. Qurultayın Bakıda keçirilməsi təsadüfi deyildi. Hətta Sovet hakimiyyətinin müəyyən siyasi planları olsa da, Azərbaycan ziyalıları milli dilin, əlifbanın və mədəniyyətin qorunması istiqamətində mühüm fəaliyyət göstərirdilər. Təəssüf ki, sonradan repressiyalar baş verdi və həmin ideyaların həyata keçirilməsi yarımçıq qaldı. Təxminən 70 il sonra türk dövlətləri yenidən müstəqillik qazandılar və ortaq dəyərlər ətrafında birləşmək imkanına malik oldular.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən milli əlifba, ortaq dil və ümumtürk birliyi məsələlərinə qayıtdı. Tarix boyu Azərbaycan türk dünyasının əsas mərkəzlərindən biri olub. XX əsrin əvvəllərində olduğu kimi, XX əsrin sonu və XXI əsrin əvvəllərində də bu missiyasını uğurla davam etdirir".

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu kurs Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır:

"Prezident İlham Əliyevin Türk dünyasına yönəlmiş siyasəti uzaqgörən və strateji baxışın nəticəsidir. Dövlətimizin başçısının “Bizim ailəmiz türk ailəsidir, başqa ailəmiz yoxdur” fikri, eləcə də 2025-ci ildə Türkoloji Qurultayın yenidən Azərbaycanda keçirilməsi təşəbbüsü türk həmrəyliyinə verilən böyük önəmin ifadəsidir. Bu baxımdan Qurultayın yenidən Bakıda keçirilməsi tamamilə məntiqi və tarixi zərurətdən irəli gələn qərardır. Prezident İlham Əliyevin irəli sürdüyü tezislər Türk dünyasının elmi, mədəni, iqtisadi və siyasi baxımdan yeni güc mərkəzinə çevrilməsinə xidmət edir. Bu gün Türk Dövlətləri Təşkilatında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm Türkiyə ilə, həm Mərkəzi Asiyanın türk dövlətləri ilə, həm də İraq, İran və digər bölgələrdə yaşayan türk xalqları ilə əlaqələrin inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərir. Vahid türk əlifbasının formalaşdırılması, ortaq türk dilinin inkişafı və ümumtürk kimliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan öz aparıcı mövqeyini qoruyub saxlayır".

Faiq Ələkbərli hesab edir ki, dünya çoxqütblü beynəlxalq münasibətlər sisteminə doğru irəlilədiyi bir dövrdə türk dövlətlərinin daha sıx inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Belə bir şəraitdə Türk dünyasının qlobal güc mərkəzlərindən birinə çevrilməsi baxımından Azərbaycanın rolu daha da artır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət təşkilatın təkcə elmi və mədəni deyil, həm də siyasi və iqtisadi baxımdan nüfuzunun artmasına mühüm töhfə verir:

“Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində həyata keçirilən siyasət və Türk dünyasının birliyinə xidmət edən təşəbbüslər gələcəkdə daha böyük nəticələr verəcək. Əminəm ki, keçmişdə olduğu kimi, gələcəkdə də Azərbaycan Türk dünyasının aparıcı güclərindən biri olacaq, Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsinə və yeni dünya nizamında türk dövlətlərinin güclü mövqe tutmasına mühüm töhfələr verəcək".