Ölkəmizdə gender bərabərsizliyinin özünü ən çox göstərdiyi sahələrdən biri əmək bazarıdır.
Bu fikirləri hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib:
“Dünyada işsiz qadınların sayı kişilərdən xeyli çoxdur. Bu gün Azərbaycanda iqtisadi fəal kişilərin 51,8 faizi, qadınların isə 48,2 faizi məşğul əhalı qrupuna aiddir. İşsizlərin 57,5 faizini qadınlar təşkil edir. Əməkhaqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada kişi əməyi 1 dollar, qadın əməyi isə 77 sentlə qiymətləndirilir. Azərbaycanda qadınların orta əməkhaqqı kişi əməyinin yalnız 63,3 faizini təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6 faiz, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 faiz, emal sənayesi sahəsində 63,8 faiz, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 faiz, təhsil sahəsində isə 79 faiz təşkil edir. Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, bu sahədə qadınların sayı 225 858 nəfər təşkil edir. Yalnız təhsil sahəsində fəaliyyət göstərən qadınların sayı kişilərdən 1,8 dəfə çoxdur”.