Dünyanın hər yerindən anonim səyahət jurnalistləri, ekspertlər və mütəxəssislərdən ibarət 600 nəfərlik münsiflər heyətinin qiymətləndirməsi ilə müəyyən edilən Top 50 Otel siyahısı dünən Londonda keçirilən tədbirdə açıqlanıb.
Hafta.az-ın “The World's 50 Best”ə istinadən yazdığına görə, bu il ikinci dəfə hazırlanan siyahının başında Tailandın paytaxtında yerləşən “Capella Banqkok” dayanır.
2020-ci ildə pandemiyanın ortasında açılan “Capella Bangkok” ziyarətçilərə Tailandın ən qədim məhəlləsi Charoenkrungda 5 ulduzlu təcrübə təklif edir. Obyektin geniş və işıqlı 101 otağının hər birinin öz bağçası və hovuzu var.
Bir gecəsi 600 dollardan başlayan otel 2023-cü il siyahısına 11-ci yerdə olub.
Banqkok ilk 50-liyə ümumilikdə dörd otel əlavə edib.
Qeyd edək ki, builki siyahıda Asiya ölkələri seçilir. Qitədən 7 otel sözügedən əlliliyin ilk onluğunda yer alıb.
Ötən il İtaliyanı birinci yerə çıxaran “Passalacqua” bu il siyahıda ikinci olub.
Turizm ölkəsi Türkiyədəki heç bir otel bu siyahıya düşə bilməsə də, Boğaza baxan “The Peninsula İstanbul” sadəcə "İzləniləcək Otel" mükafatına layiq görülüb.
2023-cü ildə açılan “The Peninsula Istanbul” ilki 1937-ci ildə tikilmiş bir-birinə bağlı 4 binadan ibarətdir. Otelin gecəlik haqqı 1050 avrodan başlayır.
Siyahıya Tailanddan 5, İtaliyadan 4, Böyük Britaniyadan 4, Meksikadan 4, ABŞ-dan 4, Yaponiyadan 3, CAR-dan 2, Honq Konqdan 2, Sinqapurdan 2, Mərakeşdən 2, BƏƏ-dən 2, İndoneziyadan 2, Avstraliyadan 2, Maldiv Adalarından 1, Braziliyadan 1, İspaniyadan 1, Şri Lankadan 1, Hindistandan 1, Omandan 1, Ficidən 1 daxil edilib.