Duru yağlar - dünyada ucuzlaşır, Azərbaycanda bahalaşır

14:51 17.11.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan əksər qida məhsulları üzrə idxaldan asılı ölkədir. Son bir ildə ərzaq məhsulları bazarında qiymətlərin kəskin şəkildə bahalaşması da idxal inflyasiyası ilə əlaqələndirilir. Müşahidələr göstərir ki, qiyməti daha çox bahalaşan ərzaq məhsullarından biri də bitki yağlarıdır. Maraqlıdır, görəsən, Azərbaycan qarğıdalı və günəbaxan yağları ilə bağlı idxaldan nə dərəcədə asılıdır? Ölkəmizdə əkilən qarğıdalı və günəbaxan sahələrinin təxminən neçə faizi yağ istehsalına yönəldilir?

Məsələni hafta.az-a şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, ölkəmiz qarğıdalı və günəbaxan yağı ilə bağlı idxaldan asılıdır:

"Azərbaycan duru yağı çox az istehsal edir. Hətta Azərbaycan məhsulu adı altında bazara çıxan duru yağların xammalı xaricdən gətirilir. Dünya bazarına daha çox duru yağı Rusiya və Ukrayna çıxarır. Bu iki ölkə dünyada tələbatın təxminən 50 faizini qarşılayırlar. Ukraynadakı vəziyyət duru yağ istehsalına təsirsiz ötüşməyib. Azərbaycan da daha çox qarğıdalı və günəbaxan yağlarından istifadə edilir. Digər ölkələr palma və soya yağlarından istifadə etsə də, Azərbaycanda əsas tələbat günəbaxan və qarğıdalı yağlarınadır. Bu faktorlar qiymətlərin bahalaşmasına təsir göstərir. Ümumilikdə, Azərbaycan bu sahədə təxminən 94 faiz idxaldan asılıdır. Bizdə əkilən qarğıdalı sahələri əsasən yem məqsədilə istifadə edillir. Günəbaxan sahələri də məhsul tam yetişməmiş yığılır və tum satışı üçün istifadə edilir. Yəni, Azərbaycanda əkilən qarğıdalı və günəbaxan sahələri yağ istehsalı üçün nəzərdə tutulmayıb. Həm də bizdə elə böyük sahələrdə bu məhsullar əkilmir ki, onlardan yağ istehsal edilsin".

Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi bu asılılığı aradan qaldırmağa çalışmalıdır. Ölkəmizdə qarğıdalı və günəbaxan əkini artırılmalıdır: "İndi qarğıdalının məhsuldarlığını artırmaq çətin deyil. Yeni hibrid sortlar var ki, hektara 15-16 ton məhsul götürmək mümkündür. Biz günəbaxan istehsalını da artırmalıyıq. Bunun üçün sistemləşdirmə işi aparılmalıdır, növbəli əkin sistemi yaradılmalıdır ki, məhsuldarlıq iki dəfə artsın. Bizdə torpaqlar münbitdir. Sadəcə, bu sahəyə baxan məmurlar işi bilmirlər ki, prosesi düzgün idarə etsinlər".

V.Məhərrəmov həmçinin son 6 ayda dünya bazarlarında bitki yağlarının ucuzlaşdığını da vurğulayıb: “Bizdə monopoliya olduğundan bu ucuzlaşma baş vermir. Demək olar ki, son 6 ayda qiymətlər 25-30 faiz ucuzlaşıb. Halbuki dünya bazarında qiymət bahalaşan kimi bizdə də dərhal bahaşır. Amma ucuzlaşma baş verəndə monopolistlər bu addımı atmırlar. Çünki buna nəzarət edən yoxdur, onlar da fürsətdən yararlanıb daha çox qazanc əldə edirlər”.

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən münasibət öyrənməyə çalışsaq da, quruma etdiyimiz zənglər cavabsız qaldı.

Məlumat üçün bildirək ki, 2021-ci ildə ölkəyə 73 milyon 609 min ABŞ dolları dəyərində 54 min 333 ton günəbaxan yağı idxal edilib. Azərbaycan günəbaxan yağını əsasən Rusiyadan, Türkiyədən və Ukraynadan tədarük edib. 2021-ci ildə Azərbaycan 35 milyon 828 min ABŞ dolları dəyərində 20 min 527 ton qarğıdalı yağı idxal edib. Bu məhsulu Azərbaycan əsasən Argentinadan, Brazilyadan və Rusiyadan alıb.