Regional investisiya mərkəzi kimi mövqeyimiz möhkəmlənir - Şərh

12:21 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq sistemində artan rolunun növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrinin, beynəlxalq maliyyə institutlarının rəhbərlərinin, investorların və biznes dairələrinin təmsilçilərinin iştirakı ilə təşkil olunan tədbir ölkənin investisiya potensialının təqdimatı, yeni tərəfdaşlıqların qurulması və uzunmüddətli inkişaf hədəflərinin müzakirəsi baxımından mühüm platforma rolunu oynayır".

Hafta.az xəbər verir ki, bunu açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib.

O, bildirib ki, İslam İnkişaf Bankı Qrupunun Bakı toplantıları çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər Azərbaycanın investisiya cəlbediciliyinin daha da artmasına, ölkəyə yönələn maliyyə resurslarının genişlənməsinə xidmət edir:

"Bu vəsaitlərin infrastrukturun modernləşdirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, kənd təsərrüfatının inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və yaşıl iqtisadiyyat layihələrinin həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir. Qlobal miqyasda geosiyasi gərginliklərin artdığı, investorların daha sabit və təhlükəsiz bazarlara üstünlük verdiyi bir dövrdə Azərbaycan siyasi sabitliyi, əlverişli biznes mühiti və praqmatik iqtisadi siyasəti ilə etibarlı tərəfdaş kimi diqqət çəkir. Eyni zamanda, ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Zəngəzur dəhlizinin açılması perspektivi və tranzit imkanlarının genişlənməsi Azərbaycanın regional logistika və ticarət mərkəzi kimi əhəmiyyətini daha da artıraraq yeni sənaye, nəqliyyat və investisiya layihələri üçün əlverişli zəmin formalaşdırır”.

Ekspertin sözlərinə görə, bu əməkdaşlığın mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və davamlı inkişafının dəstəklənməsidir:

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri, kənd təsərrüfatının inkişafı, suvarma sistemlərinin bərpası, ağıllı kənd konsepsiyasının genişləndirilməsi və yaşıl enerji təşəbbüsləri beynəlxalq maliyyə institutları üçün cəlbedici investisiya istiqamətləri hesab olunur. Eyni zamanda, İslam maliyyəsi alətlərinin tətbiqinin genişlənməsi maliyyə sektorunun modernləşdirilməsinə, alternativ maliyyələşdirmə mexanizmlərinin inkişafına və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına töhfə verə bilər. Bu proses innovasiya və startap ekosisteminin güclənməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və rəqəmsal transformasiyanın sürətlənməsinə xidmət edir. Bakıda 57 ölkədən nümayəndələrin, investorların və biznes liderlərinin iştirakı ilə keçirilən toplantılar isə kiçik və orta biznes subyektləri üçün yeni tərəfdaşlıqların qurulması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və özəl sektorun inkişafının təşviqi baxımından mühüm platforma rolunu oynayır.

Ümumilikdə, İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları yalnız iqtisadi əməkdaşlıq platforması deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, geosiyasi əhəmiyyətinin və investisiya potensialının nümayiş etdirildiyi mühüm tədbir kimi qiymətləndirilə bilər. Bu toplantılar ölkənin regional iqtisadi mərkəzə çevrilməsi istiqamətində atdığı addımların beynəlxalq səviyyədə dəstəkləndiyini göstərməklə yanaşı, gələcək maliyyə və investisiya əməkdaşlıqları üçün yeni perspektivlər açır”.