Azərbaycan və Tacikistan arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

17:17 19.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 19-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimovun Tacikistan Respublikasının maliyyə nazirinin birinci müavini Məcidi Yusuf Xayrullo ilə görüşündə iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsindən irəli gələn əməkdaşlıq perspektivləri, Hökumətlərarası Komissiyanın 8-ci iclasının nəticələri, həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və investisiya əməkdaşlığının gücləndirilməsi imkanları müzakirə olunub.

Hafta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Anar Kərimov iki ölkə arasında formalaşmış dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib, qarşılıqlı ticarət dövriyyəsində müşahidə olunan müsbət dinamikanı qeyd edib. O, iqtisadi əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğulayaraq, aqrar-sənaye, sənaye kooperasiyası, nəqliyyat və logistika sahələrində böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, A.Kərimov beynəlxalq maliyyə institutları çərçivəsində əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib, bu platformalarda qarşılıqlı dəstək və koordinasiyanın daha da gücləndirilməsinin zəruriliyini bildirib.

M.Y.Xayrullo Azərbaycan ilə Tacikistan arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. O, iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsi, investisiya mühitinin daha da aktivləşdirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Görüş zamanı, həmçinin, ölkəmizdə dövlət maliyyəsi sahəsində həyata keçirilən islahatlar, o cümlədən büdcə planlaşdırılması, xəzinədarlıq sistemi, dövlət borcunun idarə edilməsi və rəqəmsal transformasiya sahəsində görülən işlər barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətlərdə təcrübə mübadiləsinin və institusional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.