“Düymə basıldı, “poltoloqlar”, deputatlar Azərbaycanın üzərinə gəlir” - Vüqar İskəndərov

15:46 24.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya Azərbaycana qarşı informasiya təxribatına başlayıb. Belə ki, mütəşəkkil bir kampaniya belə bir tezis yayır ki, guya Rusiya hakimiyyətinin mövqeyi Azərbaycan xalqına deyil, “Azərbaycanın qərbyönlü hakimiyyəti”nə qarşıdır. “Daxili müxalifət” adından ölkə rəhbərliyini tənqid edəcək idarə olunan ruporların meydana çıxması mümkün sayılıb.

Bu istiqamətdə Hafta.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, siyasi partiyalar arasında kimlərinsə Rusiyaya işləməsi məsələsi aktual deyil.

Deputat qeyd edib ki, siyasi partiyalarımız arasında milli birlik var:

“Siyasi partiya olaraq düşüncə, fikir ayrılığı olasa da, milli məsələlərdə partiyalarımız birləşib, ortaq mövqe ortaya qoya bilir. Ölkəmizdə siyasi konfiqurasiya normaldır, pozitivdr. Digər təhlükələrin olması hazırda real deyil”.

V.İskəndərov Rusiya-Azərbaycan münasibətlərinin 2022-ci il müqaviləsi ilə tənzimlənməsinə diqqət çəkib. Eyni zamanda son zamanlar Rusiyanın sərgilədiyi mövqenin bu münasibətlərə xələl gətirdiyini təəssüflə vurğulayıb:

“Mülki təyyarəmizin Rusiya tərəfindən vurulması, ölkəmizin dövlət orqanlarına kiber hücumların aparlması, azərbaycanlılara qarşı total hücumlar, həbs olunan insanlarımızın işgəncələrlə öldürülməsi və sair hallar açıq-aydın göstərir ki, düymə basılıb və bir çox “politoloqlar”, deputatlar, dövlət nümayəndələri bu kampaniyaya qoşularaq Azərbaycanın üzərinə gəlir. Görünür ki, Azərbaycanın, Prezident İlham Əliyevin regionda və dünyada artan gücü, nüfuzu, qlobal müstəvidə möhkəmlənmiş yeri və apardığı müstəqil daxili-xarici siyasət Rusiyanı narahat etməyə başlayıb. Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər və burda itirdiyi zaman Rusiyanı aqressivləşdirib. Əslində 10 noyabr bəyannaməsinin 9-cu bəndi yerinə yetirilməklə, Rusiya bölgədə bu yöndə münasibətlərin tənzimlənməsi məsələsini həll edə bilərdi. Lakin indiyə qədər apardığı yarıtmaz, manipulyativ siyasətlə dəhlizin açılmasını istəmədiyini ortaya qoydu. Hazırda Azərbaycan-Ermənisan sülh müqaviləsinin imzalanması üçün dövlətlərarası münasibətlərin tənzimlənməsində müsbət impulslar görünür. Rusiya narahatdır, düşünür ki, iki ölkə arasında münasibətlər tənzimlənərsə, burada mövqeyi zəifləyər və ümumiyyətlə Rusiyaya gərək qalmaz. Bu, Rusiyanın Qafqaz siyasətinə əksdir və onu qıcıqlandırır”.

V.İskəndərov bildirib ki, emossiyalara qapılmadan sərgilənən düzgün mövqe, Prezidentin uğurlu daxili-xarici siyasəti ölkəmizi qoruyur, nüfuzunu artırır, inkişaf etdirir:

"Rusiya Azərbaycana təsir göstərmək üçün əlində olan kartlardan istifadə edir. Belə ki, Rusiyada yaşayan azərbaycanlılara qarşı çıxş edir və fəaliyyət imkanlarını daraldır. Lakin bunların heç bir effekti olmayacaq.

Azərbaycanın isə Rusiya və ölkəmizdə yaşayan rus əsilli vətəndaşlara, miqrantlara münasibəti tamamailə fərqlidir. Azərbaycanın Rusiya, ölkəmizdə yaşayan ruslarla heç bir problemi yoxdur, ola da bilməz. Çünki Azərbaycan bütün dünyaya tolerant bir ölkə kimi nümunədir. Bunu hər kəs yaxşı bilir. O mənada belə presedentlərin olması mümkün deyil".