DYP bölmə rəisi cərimələndi?! –

19:20 08.06.2016
Yazını böyüt
Yazını kiçilt

GÜNÜN TƏZADLARI

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yol Hərəkəti Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun xidməti avtomobili ilə yol hərəkəti qaydalarını pozması ilə bağlı xəbər yayıldı. Bu barədə foto da sosial şəbəkələrdə paylaşıldı. Belə ki, V. Əsədov 99 YP 333 dövlət nömrə nişanlı xidməti avtomobilini piyada keçidinin üzərində park edib. Bu haqda mediaya açıqlama verən V.Əsədov bildirib ki, törətdiyi pozuntuya görə cəriməni ödəyib: «Kiçik bir xəta törətmişəm, bunun da cəriməsini ödəmişəm. Bununla da göstərdim ki, kimliyindən asılı olmayaraq, qaydanı pozan hər kəs cəriməni ödəməlidir. Qanun qarşısında hər bir hərəkət iştirakçısı bərabərdir...».

 

Cəmi 3,5 saat oruc tutulan kənd tapıldı

On bir ayın sultanı olan Ramazan bu il də ilin ən qızmar günlərinə təsadüf edib. Buna baxmayaraq, müsəlmanlar uzun saatlarla ac-susuz qalaraq dinin önəmli şərtlərindən birini yerinə yetirirlər. Azərbaycan da oruc müddətinin ən çox davam etdiyi ölkələrdəndir. Belə ki, təqvimə əsasən, bu müddət 17 saata qədərdir. Lakin bundan daha uzun müddət oruc tutan ölkələrin sayı az deyil. Belə ki, Skandinaviya ölkələrində oruc müddəti 22 saatı da keçir; məsələn, İsveçin Kiruna, Norveçin Tromso, İslandiyanın paytaxtı Reykravikdə 22, Stokholm, Oslo, Kopenhagen, Helsinkidə 20 saat. Ən qısa oruc müddəti isə Omandakı bir kənddədir. İki minə yaxın əhalisi olan Vekan kəndində Günəş 11:00-da doğur, 14:30-da batır...

 

Saakaşvili çadıra köçdü

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iş otağını tikilməkdə olan yolun kənarındakı çadıra köçürub. Hafta.az-ın ANS PRESS-ə istinadla verdiyi məlumata görə, bu barədə Saakaşvili “Facebook” profilində yazıb. Odessa vilayətinin qubernatoru hazırda bütün işlərini və iş görüşmələrini çadırda aparır. İyunun 5-də Saakaşvili gələn həftə iş otağını təmir işləri gedən Оdessa-Reni yolunun kənarına aparacağını qeyd etmişdi.

 

Qızıl oğurladılar – dəmir çıxdı

Samux Rayon Polisinin saxladığı oğrular bəxtlərindən şikayət etdilər. Hafta.az Kəpəz TV “Region” TV-yə istinadla xəbər verir ki, bir neçə evə soxulmuş Samux sakinləri – 23 yaşlı Sahib Məlikzadə və 20 yaşlı Tural İbrahimov törətdikləri cinayətlər barədə belə danışıblar. Tural İbrahimov: “Mən məhlənin ayağında gözlədim. Evlər görünmürdü. Sahib evə girdi, çıxdı. Dedi gedək şəhərə, bunu sataq. Getdik şəhərə. Mən maşında gözlədim. Gəldi ki, qızıl deyil, dəmirdir”. Sahib Məlikzadə, saxlanılan digər şəxs: “Üç evə daxil olmuşam. 2- dən heç nə götürə bilmədim. Ən birinci daxil olduğum evdən plastik kart, sandığın içərisindən qızıl sırğa götürmüşəm. O da dəmir çıxıb. İkinci evdən də əliboş çıxmışam...».

 

Şotland polisi qadın uniformasına hicab da əlavə edəcək

Əhalisinin 1.4 %-ni, təxminən, 77 min nəfərini müsəlmanlar təşkil edən Şotlandiyada polis idarəsi müsəlman qadınların polis qüvvələrində iştiraklarının təşviqi çərçivəsində, hicab taxılmasına icazə verməyi planlaşdırdığını bildirib. Hafta.az deyerler.org-a istinadla xəbər verir ki, Şotland Polis İdarəsindən verilən açıqlamada "İş-gücündə müxtəliflik strategiyası" çərçivəsində aparılan təbliğatla qadın polislərin geyiminə hicabın əlavə olunmasının Şotlandiya əhalisinin tərkibindəki müxtəlifliyi əks etdirmək məqsədilə edildiyi qeyd olunub. Şotland Polisi Ehtiyat Qüvvələr İdarəsinin rəhbəri Piter Bleyr qeyd olunan planla insanların işə qəbul proseslərinə təsir edən lazımsız baryerlə mübarizəni qarşılarına məqsəd qoyduqlarını söyləyib. Qeyd edək ki, Şotlandiyada, Böyük Britaniyada, təxminən, 3 milyon müsəlman yaşayır.

 

ABŞ iqtisadiyyatı tənəzzülə uğrayacaq

ABŞ iqtisadiyyatının inkişafı yavaşıma mərhələsinə daxil olub və ölkənin fond birjalarının kəskin azalması milli və qlobal iqtisadiyyatı tənəzzülə apara bilməsi haqqında xəbərlər yayıldı. "Report"un "The Financial Times"a istinadən verdiyi xəbərə görə, bunu "Zero Hedge" maliyyə portalının analitiki Maykl Snayder bildirib. Analitiklər ABŞ-ın son iqtisadi statistika əsasında qeyd edirlər ki, ölkənin iqtisadi inkişaf tempi 2016-2017-ci illərdə proqnozlardan aşağı olacaq. OECD və "Fitch" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, ABŞ iqtisadiyyatının bu il 1,8% artması gözlənilir. Bu təşkilatların bundan əvvəlki proqnozları müvafiq olaraq 2% və 2,1% olub. Proqnozlar reallaşarsa, ABŞ iqtisadiyyatı 2011-ci ildən etibarən ilk dəfə 2%-dən az artım göstərəcək.

rubrikasından digər xəbərlər