Ədviyyatlar – çeşidli bitkilərin toxum, çəyirdək, meyvə, çiçək, qabıq, kök, yarpaq kimi hissələrinin bütöv, üyüdülərək, parçalanmış, yaxud qurudulmuş formaları ilə qidalara xüsusi qoxu, rəng və dad bəxş edən bitkilərdir. Qidalara az miqdarda qatılmasına baxmayaraq, dad və qoxularını dəyişməyə kifayət edir.
Ədviyyatların tarixi qeydlərə düşəndən daha əvvəllərə söykənir. Belə ki, araşdırmalara görə, hələ ilk insanlar qidanı bişirərək istifadə etməyə başlayanda dadlandırıcı kimi ona ədviyyat əlavə ediblər. Bəzi mənbələrdə isə ilk vaxtlar ədviyyatdan ətin xarab olmaması və xarab olmuş məhsulun pis qoxusunu ört-basdır etmək məqsədilə istifadə olunduğu söylənir. Bu gün ədviyyatlardan daha çox Hindistanda istifadə olunur. Avropa və Amerikada, xüsusən də İtaliya və Fransa mətbəxlərində ədviyyat böyük rola malikdir. Elə qardaş ölkə Türkiyə də ondan çox istifadə edən ölkələr sırasındadır. Milli mətbəximizdə isə bu rəngarəng bitki nümunələri yeməklərimizə daha da ləzzət qatır.
Hafta.az əməkdaşı bu möcüzəvi dadlandırıcılar haqqında araşdırma aparmaq məqsədilə ilk olaraq satış obyektlərinə üz tutdu.
Uzun müddət ədviyyat satışı ilə məşğul olan Kamil bəy bildirdi ki, məhsulların yüksək əksəriyyəti xaricdən gətirilir. Ən çox alınanları isə sarıkök, istiot, zəncəfil çörəkotu və darçındır. Qiymətləri də bir xeyli müxtəlifdir:
“Sarıkökün qiyməti 2 manatdan 20 manata qədər dəyişir. Ən bahalı olanlar tərkib etibarı ilə daha keyfiyyətli və qatqısızdır”.
Keyfiyyətlərinə gəldikdə isə satıcı bildirdi ki, toz halında satılan ədviyyatlara istənilən əlavə qatqıları vurmaq mümkündür. Üstəlik, təəssüflər olsun ki, hazırda belə məhsullar satışda çoxluq təşkil edir:
“Bəzən deyirlər ki, sarıkökün tərkibinə rəngli karandaşı yontayıb tozunu əlavə edirlər. Karandaş tozunun qiymətini kilo ilə hesablasaq gəlib sarıkökdən baha çıxır. Buna görə də, adətən ədviyyatların tərkibinə noxud və qarğıdalı üyüdüb qatırlar. Bunu da çox adam heç hiss etmir. başa düşmək üçün gərək ondan başın çıxa. Bir də yeməyə tökəndə qoxusundan və rəngindən ədviyyatın qatqısı olduğunu anlamaq olar. Çörəkotunu üyütdükdə tez xarab olur. Buna görə də o bütöv halda satılır və tərkibini dəyişdirmək mümkün olmur”.
Hazırda insanların ən çox aldığı ədviyyatlardan biri də kəklikotudur. Xalq arasında qısaca kəkotu da adlanır. Azərbaycan çəmənlərində və meşələrində yazda yarpaqlayan və xoş qoxusu olan otdur. Kəklikotunun Azərbaycanda bir neçə növü yayılıb. Onun həm çayını dəmləyib içirlər, həm də müxtəlif yeməklərdə istifadə olunur.
Onların xoş ətri dad və rəngindən bəhs etdik. Lakin ən əsas özəlliklərindən biri də müalicəvi olmalarıdır. Belə ki, ədviyyatlar ürək-qan-damar, mədə-bağırsaq problemləri, yuxusuzluq və sair kimi bir sıra narahatlıqları aradan qaldırmağa kömək edir.
Misal olaraq deyə bilərik ki¸mətbəximizdə sıxlıqla istifadə olunan cirə öskürəyə, mədə bağırsaq pozulmalarına olduqca faydalıdır. Mixək isə ağrıkəsici özəlliyə malikdir. Həmçinin o həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Darçın bağırsaların yaxşı işləməsinə xidmət edir, həzmi asanlaşdırıb qan dövranını sürətləndirir. Hil özünün antibiotik xüsusiyyətləri ilə daha çox seçilir. Bu səbəbdən də o sidik yolları infeksiyası ilə mübarizədə faydalıdır. Bir digər ədviyyat olan zəfəranın isə faydalarını saymaqla bitməz. Nəzərinizə çatdıraq ki bu bitki hələ orta əsrlərdə müalicə vasitəsi kimi istifadə olunurdu. İnkişaf edən elm isə sübut etdi ki, zəfəran ürək, mədə və qaraciyərin fəaliyyətinə faydalıdır. Həmçinin o, yuxugətirici özəllikləri ilə də seçilir.
Kəklikotunun da müalicəvi xüsusiyyətləri var. Onu suda qaynadılmaqla əldə olunmuş məhlulundan soyuqdəymənin və bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Kəklikotu iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir, ağciyərlər üçün xeyirlidir. Kəklikotu çiçəyinin sirkə və duzla qarışığını ödqovucu vasitə kimi qəbul edirlər. Bu bitkinin həlimi qarında spazmanı götürür, qurdları çıxardır, həzmə kömək edir. Kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli cücülərin dişlədiyi yerin üzərinə qoyurlar. Kəklikotunun əncirlə qarşdırılmış həlimini astma və öskürəkdə çox xeyirlidir. Kəklikotu təzə pendirlə yeyilsə insanı kökəldir. Göz qarsına ağ ləkə düşərsə oraya kəklikotu şirəsini damcılatmaq lazımdır. Kəklikotu yarpaqlarının bal ilə ovxalanmış məlhəmi bərk şişləri sovurur, oturaq sinirin iltihabında xeyirlidir.
Sonda bir məqamı da diqqətinizə çatdırmasaq işimiz yarım qalar. Faydalarını sadaladığımız ədviyyatlar artıq istifadə edildikdə və xronki xəstəliklər zamanı orqanizmə xeyirdən çox ziyan vura bilir. Ona görə də yaxşı olardı ki, ədviyyatlardan istifadə zamanı məsləhət alınsın.