Bu günlərdə Əfqanıstanda 50 cütlük kütləvi nikah mərasimində toy edib.
Hafta.az-ın yazdığına görə, ölkədəki aztəminatlı cütlüklər arasında kütləvi toyların sayı getdikcə daha çox artır. Xeyriyyə təşkilatının təşkil etdiyi kütləvi toy mərasimində cütlüklərə hədiyyə olaraq xalça və məişət əşyaları verilib. Məlumata əsasən, təşkilati işləri öz üzərinə götürən Selab Fondu cütlüklər üçün 1600 dollar ödəyib.
Qeyd olunub ki, bütün ölkədə olduğu kimi cütlüklərin bəzəkli gəlin maşınlarında daşındığı şadlıq sarayında rəqs və musiqi qadağan edilib, əvəzində Quran oxunur.
Toy xərclərini təkbaşına qarşılaya bilməyəcəyini deyən 18 yaşlı Ruhullah Rezayi AFP-yə açıqlamasında "Ənənəvi toy bizə ən azı 200-250 min əfqani (6,5 min manat) başa gəlir. Amma bu yolla xərc cəmi 10-15 min əfqani olacaq. Ailə yaxınlarımızdan toya 35 nəfər dəvət etdik, hansı ki, ənənəvi toyda bu rəqəm 300-400 idi" deyib.
Rezayi işindən gündə 350 əfqani (təxminən 8 manat) qazana bildiyini deyib.
AFP-nin xəbərində bir çox bəy namizədinin kütləvi toy mərasimində iştirak üçün uzun müddət növbə gözlədiyinə diqqət çəkilib.
23 yaşlı Samiullah Zamani "Üç ildir ki, bu günü gözləyirəm. Gəlini görməyə səbirsizlənirəm" deyib.