Əfqanıstanın Taliban rejimi ölkədə rəsmən istifadə ediləcək yeni təqvimi ictimaiyyətə təqdim edib.
Hafta.az-ın yazdığına görə, İslam Əmirliyi rəhbərliyinin təqdim etdiyi yeni təqvimdə köhnə dövrdən bir çox mühüm günlər çıxarılıb. Əfqanıstanda istifadə edilən hicri-şəmsi təqviminə əsasən, 1402-ci il üçün hazırlanan yeni təqvimdə “Şəhidlər həftəsi”, “Analar günü”, “Novruz”, “Müstəqillik günü”, “Konstitusiya günü”, “Əmək bayramı”, “Bayraq günü”, “Dil günü”, “Sevgililər günü” kimi mühüm günlər və həftələr daxil edilməyib.

Təqvimə “Molla Ömərə biət günü”, “Molla Ömərin ölüm günü”, “Amerikaya qarşı cihad günü”, “Sovet qoşunlarının Əfqanıstandan çıxarılması” kimi günlər əlavə edilib. Bunlardan başqa, təqvimdə Ramazan və Qurban bayramları da var.
İslam Əmirliyi rəhbərliyi bundan əvvəl Sevgililər Günü və Analar Günü kimi günləri ləğv etmişdi.