Əfqanıstanda regionun ən iri əczaçılıq fabriklərindən biri açıldı

12:35 06.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində çox böyük əczaçılıq fabriki istifadəyə verildi.

Hafta.az-ın yazdığına görə, İslam Əmirliyi administrasiyası tərəfindən istifadəyə verilən və özəl tərəfdaşlıq əsasında inşa edilən fabrikdə beynəlxalq standartlara uyğun dərmanlar istehsal olunacaq.

Fabrikin ölkənin əczaçılıq ehtiyaclarını ödəyəcəyi və aşağı standartlı dərmanların Əfqanıstana daxil olmasının qarşısı alınacağı düşünülür.

Ümumilikdə 70 investorun toplanması ilə qurulan və 50 milyon dollara başa gələn fabrik “Snow Pharma” şirkəti tərəfindən idarə olunacaq və Qəndəharın Ayno Mina rayonunda fəaliyyət göstərəcək. Ümumdünya Səhiyyə Təşkilatı və GMP (Good Manufacturing Practices) standartlarına uyğun dərman istehsal edəcək fabrikdə gündəlik 5 milyon tablet, 2,2 milyon kapsul və 100 min şüşə siropun istehsal ediləcəyi bildirilir.

Snow Pharma-nın meneceri Məhəmməd Said Siddiqi bildirib ki, fabrikdəki işçilərin 90 faizi əfqandır, onlar bir çox insana iş imkanı verir və fabrikdə istehsal standartı kifayət qədər yüksəkdir.

Xatırladaq ki, Əfqanıstan indiyə qədər dərman ehtiyacını Pakistan, İran, Hindistan və Çin kimi region ölkələrindən qarşılayırdı. Lakin ölkəyə daxil olan dərmanların çox aşağı standartları problemlər yaradırdı.

Oxunma sayı 170