Əfsanəvi "Murov Qartalı"nın xanımından böyük şirkətlərə ÇAĞIRIŞ - "ŞƏHİD XANIMLARINI..."

19:33 07.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İctimai birlik olaraq Ramazan Bayramında regionlarda idik. Bakıda şəhid ailələri ilə bağlı tədbirlər, ziyarətlər çox edilir. Regionlar isə bəzən kənarda qalır. Axı Azərbaycan tək Bakıdan ibarət deyil. Regionlarda bizim kifayət qədər Şəhid ailələrimiz var.

Bu fikirləri hafta.az-a "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə deyib:

"Bu dəfə Göyçay rayonunda olduq. Orada bir tək övladını şəhid verən ananı ziyarət etdik. Oğul itirmək çox ağır dərddir. Düşünürəm, o insanlara elə kömək etməliyik ki, heç olmasa, sosail-məişət problemlərinin qayğısını çəkməsinlər. Onlar oğul, ər, ata, qardaş dərdini onsuz da yaşayırlar. Üstəlik, məişət qayğıları olanda üzərlərinə artıq yük düşür. Belə olanda həmin insanların həyatı dözülməz hal alır.

Biz həmin regionda olan bir şəhid ailəsində olduq. Onun iki övladı var. Şəhid könüllü olaraq döyüşüb. Bir məsələ var ki, könüllü döyüşənlərin ailələri təqaüd almırlar. Ən böyük problem də budur. Onların övladları sadəcə atasızlığa görə müavinət alırlar. Nəzər alın ki, bir uşağa ödənilən pul cəmi 80 manatdır. Şəhidin yoldaşı - qadın özü heç yerdə işləmir, təhsili yoxdur, amma uşaqların gələcəyi qarşıdadır və həmin pula onları dolandırmaq çətindir. Düzdür, Prezident təqaüdü olaraq 500 manat alır.

Bu pul da şəhidin 5 nəfər vərəsələri arasında bölünür və hərəsinə 100 manat düşür. Təsəvvür edin, bununla nə etmək olar? Həmin ailənin xanımını məşğulluğa cəlb edib, işlə təmin etmək lazımdır. Bu istiqamətdə çətin məsələlər var. Qadın uşağını böyütməli, oxutmalı, ona təhsil verməlidir. Xüsusilə regionlarda bu məsələlərə diqqət olunmalıdır. Düzdür, hazırda orada icra başçısı yoxdur, amma region olaraq, yəqin ki, orada icra strukturu var və bu ailələrin hər birinin onlarda siyahısı var. Onlarda hər ailənin gəlir siyahısı var və ona uyğun olaraq diqqətdə saxlanılmalıdır.

Həmişə təklifim olub ki, şəhid ailələrinə kənardan dəstək vermək əvəzinə, ailənin içərisində olan resursdan istifadə edilməlidir. Məsələn, dediyim o xanımı hansısa peşəyə alışdırıb yaxşı bir işlə təmin etmək olar. Bu, həm özünəgüvəni artıracaq, həm də gələcəyə daha əminliklə baxmasına imkan yaradacaq. Ümumiyyətlə, o ailələrdə işlə təminat məsələsi ən böyük probemlərdən biridir. Hətta bizim təhsilli, diplomu olan şəhid ailələrinin xanımları da bu gün iş axtarışındadırlar. Onların işlə təminatı məsələsi problem olaraq qalır.

Məşğulluq Xidməti tərəfindən təklif olunan işlər onların ixtisasına, həyat tələblərinə uyğun gəlmir. Fərqi yoxdur, kim olursa-olsun iş axtararkən maaşı əsas götürülür. Hər bir insan işə qəbul olunanda birinci növbədə alacağı məvaciblə nə dərəcədə dolana biləcəyini hesablayır. Maaş ən azından elə olmalıdır ki, gəliş-gedişini, gündəlik xərclərini ödəyə bilsin.

Bizim də əlimizdə hazırda iş axtaran, iş növbəsi gözləyən xanımların siyahısı var. Mənim müraciətim ölkədə fəaliyyət göstərən böyük şirkətlərdir. Hansı ki, insan resursları ilə kifayət qədər düzgün iş qura biliblər, təminatlı şirkətlərdir. Çox istərdim ki, o şirkətlər bu xanımları diqqətdə saxlasınlar, onlara təcrübə keçəndən sonra öz sektorlarında işlə təmin etsinlər.

Şəhid xanımlarının o cür şirkətlərdə işləmək haqqıdır. Azərbaycanda olan böyük şirkətlər belə xanımları normal işlə təmin etsələr, problemin həllinə nail ola bilərik. Amma bu məsələ hələ də problemli olaraq qalır".