İqtisadi rayonların yeni bölgüsünü çox yüksək qiymətləndirirəm. Bu fikirləri hafta.az-a Real partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, azad edilmiş rayonların da bura əlavə edilməsi və Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması həmin iqtisadi zonalara daxil olan rayonların eyni mərkəzdən idarə olunması üçün planlaşdırmağa fürsətlər yaradır:
“Əslində bundan öncə də iqtisadi zonalar var idi. Ancaq hazırkı yeni formatdadır. Düşünürəm ki, növbəti addım kimi bu zonaların idarə etmə sistemi ilə bağlı müəyyən dəyişikliklər edilməsi olmalıdır. İnzibati ərazi vahidlərinə də çevrilə bilər ki mərkəzləşdirilmiş qaydada idarə oluna bilsin. Bunun da həm iqtisadi, həm də sosial həyata müsbət təsirləri olsun. Ona görə də həmin zonalarda yaşayan insanların sosial problemlərini həll etmək məqsədilə həmin iqtisadi zonalar gələcəkdə inzibati ərazi vahidi kimi təşkil edilməlidir”.
Natiq Cəfərli Şərqi Zəngəzur iqtisadi zonasının yaradılmasını gələcəkdə ölkəmizə siyasi baxımdan böyük üstünlüklər qazandıra biləcəyindən də bəhs etdi:
“Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması çox maraqlı və olduqca doğru bir addımdır. Bunu gələcəkdə Ermənistanın Qarabağla bağlı iddialar səsləndirəcəyi təqdirdə əlimizdəki ciddi arqumentlərdən biri hesab edirəm. Məntiqlə baxsaq əgər Şərqi Zəngəzur varsa deməli onda Qərbi Zəngəzur da var. Qərbi Zəngəzur isə Ermənistan ərazisidir. Əgər Ermənistan ərazi iddialarından əl çəkməsə, bu coğrafi məfhumu siyasi və inzibati anlayışa çevirmək üçün ilkin addım atılıb”.