Əhmədin bank hesabına 22 milyard dollar köçürüldü  

16:01 03.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Vanda yaşayan 32 yaşlı Əhməd Cihangir Takalonun bank hesabına hələlik açıqlanmayan bir mənbədən təxminən 1 trilyon lirə yatırılıb.

Hafta.az yazır ki, Takalonun hesabındakı balans qəfildən təxminən 21,8 milyard dollara yüksəlib və bu, nəzəri olaraq onu dünyanın ən varlı insanları sırasına daxil edib. Lakin bank bloklanması səbəbindən o, təxminən bir aydır ki, pula çıxış əldə edə bilmir.

NTV-nin reportajına görə, Azərbaycanda anadan olan və təxminən 10 ildir Türkiyədə yaşayan Takalo supermarket alış-verişi zamanı bank kartı ilə ödəniş edə bilməyib.

Bu nasazlığın səbəbini öyrənmək üçün bank filialına gedəndə həyatının şokunu yaşayıb. Araşdırmalar nəticəsində onun hesabında tam olaraq 999 milyard 999 milyon 999 min 999 lirə 99 kuruş məbləğində qalığın olduğu bilinib.

Takalo bildirib ki, sözügedən böyük məbləğin hesabına necə və hansı vasitələrlə köçürüldüyünə dair heç bir məlumatı yoxdur və bu fövqəladə vəziyyətə görə bütün hesabları bank tərəfindən qorunma məqsədilə dondurulub və araşdırma başlanıb.

NTV-yə danışan Takalo məsələ ilə bağlı bankdan rəsmi məlumat istədiyini, lakin davam edən inzibati və hüquqi araşdırma prosesi səbəbindən hələlik ətraflı izahat almadığını bildirib.