Milli Mətbuatımız 151 yaşında

15:57 22.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Mətbuatının yaranmasının 151 ili tamam olur. Milli Mətbuatımız bu müddət ərzində dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, milli şüurun formalaşmasında, cəmiyyətin maariflənməsində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayıb.  Cəmiyyətin güzgüsü sayılan mətbuat bu dəfə öz fəaliyyətinə elə həmin güzgüdən baxır, keçdiyi yolu dəyərləndirir.

 “Çap mediasının yaşaması və inkişafı üçün dövlət dəstəyi institutu qorunmalıdır”

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Hafta.az-a bildirib ki, Azərbaycan Milli Mətbuatının 151 illik yubileyi bütövlükdə ölkənin ictimai həyatında hər kəsin önəm verdiyi əlamətdar hadisələrdən biridir.

Baş redaktorun sözlərinə görə, milli mətbuatın yaranma tarixinin və onun ildönümlərinin artıq cəmiyyət tərəfindən qəbul edilən, dəyər verilən mühüm hadisəyə çevrilməsi sevindirici haldır:

“Azərbaycan Milli Mətbuatı 151 il ərzində böyük və şərəfli inkişaf yolu keçib. Dünyada bu qədər zəngin mətbuat tarixinə malik xalqlar çox deyil. Bu, həm xalqımız, həm də dövlətimiz üçün qürur mənbəyidir. Milli mətbuatımız müxtəlif ictimai-siyasi mərhələlərdən keçərək hər dövrün çətinliklərini aradan qaldırmağı bacarıb, zamanın tələblərinə uyğun yenilənərək inkişafını davam etdirib.

A.Quliyev qeyd edib ki, ötən əsrdə yalnız çap mediasından ibarət olan Azərbaycan mətbuatı bu gün televiziya, radio, xəbər portalları və sosial şəbəkələri özündə birləşdirən geniş media sisteminə çevrilib:

“Bu gün Azərbaycanda çoxşaxəli media mühiti formalaşıb. Çap mətbuatı ilə başlanan yol artıq onlayn media, televiziya, radio və rəqəmsal platformalar vasitəsilə daha geniş auditoriyaya çıxış əldə edib. Bu, milli medianın inkişafının mühüm göstəricisidir. Hesab edirəm ki, əldə olunan uğurlarla yanaşı, həllini gözləyən problemlər də açıq müzakirə olunmalıdır. Belə əlamətdar günlərdə təkcə uğurlardan danışmaq kifayət deyil. Problemləri də obyektiv şəkildə qiymətləndirməliyik ki, gələcək inkişaf üçün düzgün istiqamətlər müəyyənləşdirilsin".

A.Quliyev, xüsusilə çap mediasının dövlət tərəfindən dəstəklənməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müstəqil çap mediasına göstərilən dəstəyin zəifləməsi gələcəkdə bu sahənin inkişafına mənfi təsir göstərə bilər:

“Çap mediasının yaşaması və inkişafı üçün dövlət dəstəyi institutu qorunmalıdır. Bu dəstəyin zəifləməsinə imkan vermək olmaz. Xüsusilə müstəqil çap mediasının fəaliyyətinin davamlılığı baxımından bu məsələ strateji əhəmiyyət daşıyır”.

A.Quliyev jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinin də günün aktual məsələlərindən olduğunu bildirib. O qeyd edib ki, media əməkdaşlarının əməkhaqqı səviyyəsi digər sahələrlə müqayisədə aşağı olduğundan onların pensiya təminatı da qənaətbəxş deyil:

“Jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, xüsusilə pensiya təminatında onların əməyinin xüsusi meyarlarla qiymətləndirilməsi vacibdir. Bu gün media əməkdaşlarının pensiyaları digər peşə sahibləri ilə müqayisədə xeyli aşağıdır. Bu istiqamətdə qanunvericilik səviyyəsində yeni mexanizmlərin tətbiqinə ehtiyac var. Əgər jurnalistlərin sosial müdafiəsi gücləndirilərsə, bu, bütövlükdə Azərbaycan mediasının gələcək inkişafına mühüm töhfə verəcək”.

“Jurnalist etikası yalnız peşə qaydaları toplusu deyil, həm də cəmiyyət qarşısında mənəvi məsuliyyətdir”

Əməkdar jurnalist Qulu Məhərrəmli Hafta.az-a bildirib ki, Azərbaycan Milli Mətbuatının 151 illik yubileyi təkcə keçilən tarixi yolun xatırlandığı gün deyil, həm də medianın bugünkü vəziyyətinə və gələcəyinə yenidən baxmaq üçün mühüm fürsətdir.

Onun sözlərinə görə, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin informasiya istehsalında əsas platformalardan birinə çevrildiyi müasir dövrdə peşəkar jurnalistikanın üzərinə düşən məsuliyyət daha da artıb.

Q.Məhərrəmli hesab edir ki, bütün dəyişikliklərə baxmayaraq jurnalistikanın əsas missiyası dəyişməz olaraq qalır - həqiqəti cəmiyyətə olduğu kimi çatdırmaq:

“Jurnalistikanı “cəmiyyətin vicdanı” adlandırmaqdan daha çox “cəmiyyətin güzgüsü” kimi xarakterizə etmək doğru yanaşmadır. Çünki media cəmiyyətdə baş verən hadisələri təhrif etmədən, olduğu kimi əks etdirməli, ictimai proseslərin obyektiv mənzərəsini yaratmalıdır. Əgər bu güzgü bulanıq olarsa və reallığı təhrif edərsə, cəmiyyət də özünü düzgün görə bilməz. Məhz buna görə jurnalistikanın ən mühüm vəzifəsi həqiqəti axtarmaq, onu peşəkarlıqla araşdırmaq və dürüst şəkildə ictimaiyyətə təqdim etməkdir".

Q.Məhərrəmli bildirir ki, jurnalist etikası yalnız peşə qaydaları toplusu deyil, həm də cəmiyyət qarşısında mənəvi məsuliyyətdir. Onun sözlərinə görə, özünənəzarət jurnalistin peşəkarlığının tərkib hissəsi sayılsa da, həqiqəti gizlətməyə xidmət edən özünüsenzura medianın inkişafına ciddi maneə yaradır. Çünki gizlədilən həqiqət gec-tez üzə çıxır və bu, həm cəmiyyətə, həm də dövlətə daha böyük ziyan vurur. Əksinə, problemlərin vaxtında işıqlandırılması onların həlli üçün imkan yaradır və sağlam ictimai mühitin formalaşmasına töhfə verir.

Q.Məhərrəmli rəqəmsallaşmanı jurnalistikanın inkişafına xidmət edən mühüm amil kimi qiymətləndirir:

“Texnologiya medianın imkanlarını genişləndirib, informasiyanın operativliyini artırıb və auditoriyanı qlobal miqyasda böyüdüb. Lakin texnologiya heç vaxt peşəkarlığı əvəz edə bilməz. Gələcəyin mediası yüksək texnoloji imkanlarla yanaşı, həqiqətə sadiqliyi, etik prinsipləri və ictimai məsuliyyəti özündə birləşdirməlidir. Medianın gələcəyi, ilk növbədə, cəmiyyətin inkişafından asılıdır. Güclü vətəndaş cəmiyyəti, azad düşüncə və peşəkar jurnalistika bir-birini tamamlayan anlayışlardır”.

“Jurnalistika heç vaxt sensasiya naminə həqiqətdən uzaqlaşmamalıdır”

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Hafta.az xəbər verir ki, Azərbaycan mediası əvvəlki dövrlərlə müqayisədə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Rəqəmsal texnologiyaların sürətli inkişafı, informasiya mühitinin qloballaşması və dövlət tərəfindən media sahəsində həyata keçirilən ardıcıl islahatlar ölkəmizdə müasir media sisteminin formalaşmasına ciddi təkan verib. Azərbaycan mediası artıq təkcə ölkədaxili auditoriyaya deyil, beynəlxalq informasiya məkanına da çıxış imkanlarını genişləndirir və milli maraqların müdafiəsində daha fəal mövqe nümayiş etdirir.

B.Quliyev qeyd edib ki, xüsusilə Vətən müharibəsindən sonra informasiya cəbhəsinin əhəmiyyəti daha da artdı:

“Jurnalist yalnız xəbəri çatdıran şəxs deyil, həm də informasiya təhlükəsizliyinin təmin olunmasında, dezinformasiyaya qarşı mübarizədə və dövlət maraqlarının beynəlxalq ictimaiyyətə düzgün təqdim edilməsində mühüm missiya daşıyır. Peşəkar jurnalistikanın qarşısında ciddi çağırışlar da qalmaqdadır. Ən böyük problemlərdən biri sosial şəbəkələrdə sürətlə yayılan təsdiqlənməmiş məlumatlar, saxta xəbərlər və manipulyativ informasiya axınıdır. Belə bir şəraitdə operativlik qədər dəqiqlik, obyektivlik və məsuliyyət prinsipləri xüsusi əhəmiyyət kəsb edir. Jurnalistika heç vaxt sensasiya naminə həqiqətdən uzaqlaşmamalıdır. Süni intellekt və rəqəmsal media imkanları jurnalistikanın inkişafı üçün yeni perspektivlər açır. Bu texnologiyalar jurnalistin yerini tutmamalı, əksinə onun fəaliyyətini daha keyfiyyətli və səmərəli təşkil etməsinə xidmət etməlidir. Çünki hadisəni düzgün qiymətləndirmək, milli maraqları nəzərə almaq və ictimai məsuliyyət hissi yalnız peşəkar jurnalistin üstünlüyüdür”.

“Mətbuat dövrü başa çatır, amma medianın missiyası davam edir”

Əməkdar jurnalist Azər Həsrət Hafta.az-a bildirib ki, Azərbaycan Milli Mətbuatının 151 illik yubileyi ərəfəsində media sahəsində baş verən qlobal dəyişikliklərə diqqət yetirmək vacibdir.

Onun sözlərinə görə, bu gün artıq təkcə Azərbaycanda deyil, bütün dünyada ənənəvi mətbuat özünün transformasiya mərhələsini yaşayır:

“Qəzetlərin tirajının azalması, oxucu auditoriyasının rəqəmsal platformalara yönəlməsi və süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında yeni reallıqlar formalaşdırır. Əslində söhbət jurnalistikanın və ya medianın yoxa çıxmasından deyil, informasiyanın ötürülmə formasının dəyişməsindən gedir. Tarix boyu informasiya müxtəlif vasitələrlə insanlara çatdırılıb. Qədim dövrlərdə daş kitabələr, gil lövhələr, papiruslar və əlyazmalar bu funksiyanı yerinə yetirib. Daha sonra kağızın ixtirası ilə mətbuat meydana gəlib və əsrlər boyu cəmiyyətin əsas informasiya mənbəyinə çevrilib. Bu gün isə həmin missiyanı rəqəmsal platformalar, sosial media və yeni texnologiyalar üzərinə götürür”.

A.Həsrət bildirir ki, media əvvəlki dövrlərlə müqayisədə daha geniş imkanlara malikdir. Azərbaycan jurnalistlərinin səsi dünyanın müxtəlif ölkələrində eşidilir, informasiyalar saniyələr ərzində qlobal auditoriyaya çatdırılır:

“Dövlətin media siyasəti, rəqəmsallaşma prosesləri və texnoloji yeniliklər informasiya mühitinin inkişafına əlavə imkanlar yaradır. Bütün dəyişikliklərə baxmayaraq, medianın əsas missiyası dəyişmir. İstər qəzet, istər televiziya, istərsə də rəqəmsal platforma olsun, əsas məqsəd cəmiyyəti obyektiv və operativ informasiya ilə təmin etməkdir. Forma dəyişə bilər, texnologiyalar yenilənə bilər, amma həqiqəti çatdırmaq, ictimai maraqlara xidmət etmək və maarifləndirmək kimi fundamental prinsiplər həmişə aktuallığını qoruyacaq. Bu baxımdan, mətbuatın klassik dövrünün tədricən başa çatması təbii tarixi proses sayıla bilər. Ancaq Həsən bəy Zərdabinin əsasını qoyduğu müqəddəs missiya – cəmiyyətə xidmət etmək, insanları məlumatlandırmaq və maarifləndirmək missiyası yeni media mühitində də yaşamaqda davam edəcək. Media dəyişir, amma onun cəmiyyət üçün əhəmiyyəti və rolu dəyişmir”.