İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın üzündəki qançırları əks etdirən fotoların sosial mediada yayılmasından sonra ölkədə müzakirələr geniş vüsət alıb. Son bir neçə ayda Əhmədinejadın yoxa çıxmasının səbəbi ilə bağlı suallar yaranıb.
Hafta.az-ın yazdığına görə, İran mediasında geniş əks-səda doğuran fotoşəkillər Əhmədinejadın Quruluş Şurasının (DMTK) üzvlərinin müşayiəti ilə dini lider Xomeyninin məqbərəsini ziyarət edərkən çəkilib.
Bəzi fotolarda Əhmədinejadın xəstəliklərdən qorunmaq üçün mavi maska taxdığı və sol gözünün altında böyük qançır olduğu görülüb. Əhmədinejadın üzündəki qançırların səbəbi hələlik məlum deyil. Səhhətində problem olub-olmaması ilə bağlı ofisindən heç bir şərh verilməyib.

Əhmədinejad ötən ilin oktyabr ayından Qəzzadakı müharibə ilə bağlı heç bir mövqe tutmadığına görə İran mediası, xüsusən də onun islahatçı əleyhdarları tərəfindən sərt şəkildə tənqid edilir.
Əhmədinejad İranda prezidentliyi dövründə “populist” davranışlarına görə Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına məruz qalmışdı. Daha əvvəl İsrailin “silinməsini” istədiyini bildirdikdən sonra ona qarşı bir çox ittihamlar irəli sürülüb.
Əhmədinejadın yoxa çıxması mühafizəkar mediada bəzi suallar doğursa da, İranın ali dini lideri Əli Xamenei bütün hazırkı və əvvəlki rəsmiləri seçki tədbirlərində iştirak etməyə və martda keçiriləcək parlament seçkilərində iştirak nisbətini artırmağa çağırıb.
Əhmədinejadın ofisini təmsil edən “Dolat Bahar” internet saytı Tehranın cənubundakı İmam Xomeyni Beynəlxalq Hava Limanında Əhmədinejadın ölkədən çıxışının mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən qarşısı alındığını açıqlayıb.
Əhmədinejad keçmiş prezident Həsən Ruhaninin hakimiyyəti dövründə, xüsusən də 2017-ci ildə prezident seçkiləri yarışından kənarlaşdırıldıqdan sonra İran hökumətini və məhkəmə sistemini sərt şəkildə tənqid etmişdi.
Əhmədinejad 2021-ci ilin avqustunda mühafizəkar prezident İbrahim Rəisinin qalib gəldiyi seçkilərdən kənarda qalmasına kəskin etiraz edib. Seçkilərdən əvvəl Əhmədinejad demişdi ki, ölkə “dağılmağa doğru gedir”.
İranın ali dini lideri Əli Xamenei 2022-ci ilin sentyabrında Əhmədinejadın üzvlüyünü uzatmağa qərar versə də, keçmiş prezident Həsən Ruhani bu siyahıya daxil edilməyib.