Ekvadorun Konstitusiya Məhkəməsi korrupsiyada ittiham olunan prezident Gilermo Lassoya qarşı parlamentin impiçment araşdırması başlaya biləcəyinə qərar verib.
Hafta.az-ın “Telesur”a istinadən yazdığına görə, bir neçə həftə əvvəl 59 müxalifət deputatı Lasso üçün korrupsiya və rüşvətxorluq kimi ittihamlarla impiçment iclası keçirməyi təklif etmişdi. Ekvador Konstitusiya Məhkəməsi korrupsiya ittihamı ilə impiçment iclasını təsdiqləyib, qanun pozuntusu ittihamı isə ləğv olunub.
Məhkəmənin qərarı Ekvador Parlamentinin impiçment proseduru keçirməsinə yol açır, lakin bu, hakimlərin ittihamları dəstəkləməsi demək deyil.
Məhkəmənin açıqlamasında qərarın 3 əleyhinə 6 səslə qəbul edildiyi bildirilib. Qərarla 2008-ci ildə konstitusiyanın qüvvəyə minməsindən sonra Ekvadorda ilk dəfə dövlət başçısının impiçment üçün mühakimə olunmasının yolu açılıb.
Ekvador parlamentinə impiçment tələb edən konstitusiya proseslərini həyata keçirmək üçün 30 gün vaxt veriləcək. Lassonun istefaya göndərilməsi üçün 137 yerlik parlamentdə 92 deputat onun istefaya göndərilməsinə səs verməlidir. Müxalifət nümayəndələri bu rəqəmə çata biləcəklərini düşünürlər.
Guillermo Lasso isə impiçment sessiyasında mühakimə olunmaq əvəzinə parlamenti buraxıb erkən seçkilər çağıra bilər. Ancaq belə olan halda həm prezident, həm də parlament seçkiləri yenilənməlidir.