Fransanın işğalı zamanı minalanmış ərazilər hələ də sirr olaraq qalır.
Hafta.az-ın İndependent Arabia-ya istinadən yazdığına görə, Parisin xəritələri verməkdən imtina etməsi hələ də insanların həyatını itirməsinə səbəb olur. Bu da iki ölkə arasında fikir ayrılığı yaradır.
Əlcəzair 1962-ci ildə müstəqillik qazanmasına baxmayaraq, Fransanın minalarından hələ də təsirlənir. Bu minalar müstəqillik müharibəsi zamanı inqilabın qarşısını almaq üçün ölkə sərhədlərinə yerləşdirilib. Burada məqsəd inqilab liderlərinin və döyüşçülərinin Əlcəzair məsələsini tanıtmaq, silah və pul toplamaq məqsədilə Tunis və Mərakeşə, oradan da dünyanın müxtəlif ölkələrinə getməsinin qarşısını almaq olub.
Əlcəzairin uzun illər ərzində 8 minə yaxın mülki vətəndaşı mina terrorunun qurbanı olub. Bu cür gizli ölümlərin qarşısını almaq üçün Əlcəzair tərəfi dəfələrlə rəsmi Parisin qarşısında məsələ qaldırmasına baxmayaraq, fransızlar yerləşdirdikləri minaların xəritələrini gizlədirlər.
Bu vəziyyət Əlcəzairi şərq və qərb sərhədlərində insanların çəkdiyi zərərləri azaltmaq üçün həll yolları axtarmağa sövq edib. Bu ərazilər mina və partlayıcı maddələrin partlaması riski altındadır.
Əlcəzair Fransa müstəmləkəçiliyindən miras qalan 11 milyon minanın 9 milyonunu məhv etməyi bacarıb və 50 min hektardan çox ərazini təmizləyib.
BMT-yə təqdim edilən hesabata görə, Əlcəzair 4830 nəfəri müstəqillik müharibəsi zamanı, 2470 nəfəri isə müstəqillik əldə etdikdən sonra olmaqla ümumilikdə 7300 nəfərin mina partlaması nəticəsində həyatını itirdiyini müəyyən edib. Bu faciəli hadisələr nəticəsində insanların ən azı 20 faizi əlil olub. Xəsarət alanların 44 faizi çoban, 23,6 faizi yoldan keçən təsadüfi adam, 0,4 faizi avtomobil sürücüsü, 29,5 faizi isə digər fəaliyyətlə məşğul olan şəxslərdir.
Nüvə mühəndisi Ammar Mansuri xəritələrlə bağlı bu məlumatları paylaşıb: "20 oktyabr 2007-ci ildə xəritələr götürüldü, lakin onlar artıq işləmir. Bu partlayıcılar sürüşmə, külək, qum və digər faktorlar səbəbindən hərəkət edir. Ona görə də onlar göstərilən yerdə yerləşmir və bu səbəbdən də həmin xəritələrin heç bir dəyəri və mənası yoxdur. Müstəqillik dövründə Fransa bu xəritələri bizə təqdim etməli idi".
Tarixçi professor Həsən Zaqidi Fransanın üzərinə düşəni etməli olduğunu ifadə edərək deyib: "Fransız işğalı minaları yerləşdirmək üçün xəritələrə güvənmədi, sahədəki hərbi mühəndis qüvvələrinin ixtiyarına buraxıldı. Ona görə də minaların müxtəlif həndəsi formalarda - dairəvi, kvadrat, düzbucaqlı, əyri və digər çoxbucaqlı formalardan istifadə olunmaqla qoyulması davam etdirilib. Fransanın Əlcəzairə təqdim etdiyi xəritələr təxmini doğrduur və bu problemi həll etmək üçün kifayətdir. Beynəlxalq hüquq insan soyqırımına səbəb olan işğalçıların, minaların və nüvə radiasiyasının yaratdığı problemlərdə müstəqilliyini qazanan dövlətə hər cür bu fəlakətlərdən qaçmağa kömək edir”.
Xəritələrin verilməsi məsələsi ilə yanaşı, qurbanlar, o cümlədən daimi əlilliyi olanlar üçün təzminatların ödənilməsi Əlcəzairlə Fransa arasında keçirilən bütün görüşlərdə ciddi şəkildə gündəmə gəlir.
Əlcəzair Milli Mina Qurbanları Assosiasiyasının prezidenti Məhəmməd Cavadi təzminatla bağlı deyib: “Fransa dövləti ilə əməkdaşlıq edərək, işğal dövründə mina qurbanlarının təzminat iddialarını izləyirik və Fransanın işğal zamanı törətdiyi cinayətləri tanımasını istəyirik”.
Əlcəzairli tarixçi Erzaki Farad, Əlcəzairin mövzu ilə bağlı səhlənkarlığına işarə edərək, belə deyib: "Fransanın üzr istəməməsinin əsas səbəbi Əlcəzairin bu tələbi irəli sürəcək gücə və xalqın dəstəyinə sahib olmamasıdır. Biz əlcəzairlilər məcbur etmək üçün nə etdik ki, Fransa üzr istəsin? Yaxşı, parlamentimiz müstəmləkəçiliyi cinayət hesab edən qanun qəbul etdimi? Fransa parlamenti Fransa müstəmləkəçiliyini müstəmləkələşdirilən ölkələrdə mədəniyyət yayan müsbət fenomen kimi görən qanun qəbul etdi. Almaniyanın İkinci Dünya Müharibəsində nasizmin məğlubiyyətindən sonra etdiyi kimi, Fransa Əlcəzairdə törətdiyi cinayətləri boynuna almadan iki ölkə arasında normal münasibət qurmaq mümkün deyil".