Əli Kərimli artıq öz siyasi fəaliyyətinin uğursuz olduğunu bilir - Nuhəli Kərimov

17:15 19.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Əli Kərimli özü “Osmanqızı” TV-yə müsahibəsində qeyd edib ki, “mən cəbhəçilərin partiyadan istefa verməsindən narazı qalmıram, heç kimi qınamıram və bizim qələbəmiz, uğurlarımız görünmür. Ona görə də, istəyərdim ki, istefa versinlər və müstəqil həyatlarını yaşasınlar”. Bu etiraf Ə.Kərimlinin özünün perspektivinə inamsızlığının göstəricisidir”. Bunu hafta.az-a açıqlamasında “Azərbaycan fermeri” qəzetinin baş redaktoru, AXCP sədri Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimov Ə.Kərimlinin “Milli Şura”nı buraxmaq barədə qərarını açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Əli Kərimli artıq öz siyasi fəaliyyətinin uğursuz olduğunu bilir: “Yəni istəyir ki, onunla əlaqəsi olan nə qədər siyasi qurumlar və fərdlər varsa anlasınlar ki, siyasi mübarizə aparmaq əbəsdir. Buna görə də, onu ittiham etməsinlər. Ancaq reallıq ondan ibarətdir ki, AXCP-nin və “Milli Şura”nın uçuruma sürüklənməsi Ə.Kərimlinin səhv, yanlış siyasəti səbəbindən baş verib”.

N.Kərimov onu da bildirdi ki, AXCP sədri Əli Kərimlinin “Milli Şura”dan imtina etməsi onun siyasətdən getməsi deməkdir: “Əli Kərimli xarici maraqlı dairələrin istək və arzularına uyğun fəaliyyətini qurduğuna görə, siyasi uğursuzluğa düçar oldu. Xalqdan ayrı düşənlər, milli və dövlətçilik maraqlarına qarşı çıxanlar uğur əldə edə bilməzlər. Bu baxımdan, Ə.Kərimlinin siyasi intiharı gözlənilən idi. Əminəm ki, yaxın vaxtlarda AXCP-də fəaliyyətini dayandıracaq. Çünki sıravi üzvlər və partiya funksionerləri AXCP-nin gələcəyinin olmadığını anlayırlar. Sabahı müəmmalı təşkilatda qalmaq öz-özünü aldatmaqdan başqa bir şey deyil”.