Televiziyada və müxtəlif sosial şəbəkələrdə əllərin yuyulması və spirtlə dezinfeksiya edilməsi ilə bağlı tövsiyyə xarakterli elanlar verilir. İnsanların gün ərzində bir neçə dəfə spirtlə əllərini dezinfeksiya etməsi daha çox yayqındır. Lakin sosial şəbəkə istifadəçilərinin spirtin əllərə müxtəlif təsirləri barədə paylaşımları əks olunur.
Ölkədə satılan tibbi spirtin keyfiyyəti standartlara cavab verirmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hafta.az-a bu barədə danışarkən dedi ki, son günlər spirt haqqında birliyə çoxlu şikayətlər gəlir:
“Biləsuvar, Saatlı rayonlarından zəng edənlər bildirirlər ki, aldığımız spirtlərin qoxusu yoxdur. Məlum olan odur ki, bəzən heç bir spirt keyfiyyətində olmayan maddələr satılır. Bildirmək istərdim ki, vətəndaşlar aldıqları spirtin həqiqiliyini yoxlamaq üçün qaranlıq şəraitdə yandırsınlar. Spirt özü istilik verdiyi üçün ehtiyyatlı olmaq lazımdır. Əgər o göy alovla yanırsa, deməli, standartlara cavab verən spirtdir. Qeyd edim ki, İranda həqiqi olmayan, standartlara cavab verməyən spirtlərdən kütləvi zəhərlənmə halı da baş verib. Artıq Azərbaycanda yerli spirt hazırlanacaq. Prezident bununla bağlı tapşırıq verib”.
Tibb eksperti professor Adil Qeybulla isə bildirdi ki, hətta spirtdən zəhərlənmə halları da baş verir:
“Bu labaratoriyalarda araşdılmalıdır. Etil spirti 96 faizli olmalıdır. Lakin onu durulaşdıraraq 75 faizə endirirlər. Tibbi spirt tam təhlükəsiz olmalıdır. Həm əllərə, həm bədənin digər nahiyələrinə vurulur. Ona görə də bu standartlar gözlənilməlidir. Əgər aptekdən alınan spirt zəhərlənmə verirsə deməli ciddi araşdırmaya ehtiyac var".
A. Qeybulla qeyd etdi ki, etil spirtini gün ərzində istənilən qədər istifadə etmək olar:
”Həqiqətən də standartlara cavab verirsə... Onun tərkibə qatqılar qatılır. Çox adam şikayət edir ki, spirt vurduqda əlimizdə quruluq olur. Bu, problem deyil”.