Elşad Mirbəşir: “Azərbaycana qarşı bu cür iddiaların heç bir əsası yoxdur”

13:15 02.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“İranın vurulmasında Azərbaycanın İsrailə dəstək verməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. İran çox yaxşı bilir ki, ABŞ, Avropa ölkələri Azərbaycanı İrana qarşı öz cəbhələrinə cəlb etmək üçün çox çalışıb. Amma Azərbaycan heç vaxt kimsəyə qarşı başqa bir kimsənin yanında yer almayıb. Çünki bu bizim xarici siyasət prinsiplərimizə, mövqelərimizə ziddir”.

Bu barədə Hafta.az-a siyasi analitik, professor Elşad Mirbəşir deyib.

E.Mirbəşir qeyd edib ki, bu gün İsrail-İran müharibəsindən istifadə edərək İranın nüfuzlu kanallarında, tanınmış ekspertlərin dili ilə “İsrail İranı Azərbaycanın silahları ilə vurur” sözləri cəfəngiyyatdır, tamamilə heç bir əsasa söykənməyən iddialardır:

“Azərbaycan bütün dünya ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı maraqların qorunması şəraitində, konstruktiv əməkdaşlığın qurulmasını dəstəkləyib və öz xarici siyasətini bu istiqamətdə qurub. Bu baxımdan Azərbaycana qarşı yönələn bu cür iddiaların heç bir əsası yoxdur”.

E.Mirbəşir diqqətə çatdırıb ki, Azərbaycanla İran arasında zaman-zaman gərginliklər olsa da, ölkəmiz hər zaman mehriban qonşuluq münasibətlərin qorunmsı üçün praktiki addımlar atıb. Lakin bəzən qarşı tərəfin əks addımları münasibətlərdə gərginlik yaradıb.

Professor hazırda Azərbaycan-İran arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.O, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərinin hər iki ölkədə münasibətlərin tənzimlənməsində mühüm hadisə kimi qəbul edilməsini təsadüfi saymayıb:

“Pezeşkiandan özncə də İranın həlak olan prezidenti İbrahim Rəisi ilə Azərbaycan prezidenti İlham Əliyev arasında kifayət qədər normal dialoq mühüiti formalaşmışdı. Və sonuncu dəfə Araz çayının üzərində  açılışlarda birgə iştirak münasinətlərdə yeni bir mərhələnin əsası idi. M.Pezeşkianın səfəri dövlətlərarası münasibətlərin inkişafı çün çox böyük ümidlər yaratdı. Azərbaycanla İran qonşu ölkələrdir və bu reallığı dəyişmək mümkün deyil. Ona görə də ən doğru yol  konstruktiv münasibətlər qurmaq, sıx iqtsadi, ticari əlaqələri inkişaf etdirməkdən ibarətdir. Ümidvaram ki, İran ali rəhbərliyi də məhz bu reallıqdan çıxış edərək mövqelərini formalaşdıracaq və ona uyğun addımlar atacaq. Çünki Azərbaycan öz milli maraqları çərçivəsində tam müstəqil siyasət yeridən ölkədir. Nə öz ərazisindən, nə də öz resurslarından qonşu ölkələrə qarşı isifadə edilməsinə imkan verməz”.