Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü seçmək hüququ var
Hindistanın dünyaca məşhur insan haqları müdafiəçisi Mahatma Qandi deyib: “Qadını “zəif cins” olaraq görmək bir böhtan və kişilərin qadınlara qarşı etdiyi haqsızlıqdır. Əgər güc dedikdə kobud qüvvət nəzərdə tutulursa, əlbəttə, qadınlar kişilərdən daha az vəhşidirlər, ancaq güc əgər əxlaqi bir gücdürsə, o zaman qadınlar kişilərdən düşünə bilməyəcəyiniz qədər üstündür. Qadınlar bizdən daha fədakar, daha cəfakar, daha cəsur insanlar deyilmi? Qadınlar olmadan kişilər ola bilərmi?”. Qandinin bu fikirləri səsləndirməsindən təxminən bir əsrə yaxın vaxt keçir. Bəzi cəmiyyətlərdə bu gün də kişi qadından üstün tutulur və hesab edilir ki, qadın “zəif cins” olaraq heç vaxt kişilərlə bərabər səviyyədə tutula bilməz. Bu səbəbdəndir ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, gender bərabərliyi məsələsi hələ də dünya dövlətləri, o cümlədən ölkəmiz üçün aktual mövzu olaraq qalmaqdadır.
Qeyd edək ki, gender dedikdə, ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti başa düşülür. Gender bərabərliyi isə qadın və kişilərin hüquq bərabərliyi, bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar, onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir. Bərabər imkanlara gəlincə, burada insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait, təminatlar nəzərdə tutulur. Azərbaycanda gender bərabərliyi "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunla tənzimlənir.
2006-cı ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənərək qüvvəyə minən bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Bu qanunun 5-ci maddəsində "Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri”, 6-cı maddəsində isə "Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri” açıq şəkildə göstərilib. Qeyd olunub ki, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilərlə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət müxtəlif tədbirlər görür.

Hər 100 kişidən 78-i, hər 100 qadından isə 63-ü iqtisadi cəhətdən fəaldır
Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlində Azərbaycanda əhalinin 50.1 faizini qadınlar təşkil edib. Sonuncu açıqlanan məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin 48.6, məşğul əhalinin isə 48.1 faizi qadınlardan ibarətdir. Burada maraqlı məqam ondan ibarətdir ki, əməkqabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər 100 qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır. İqtisadi cəhətdən qeyri-fəal, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən qadınların 632 min nəfəri ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər, yəni, “evdar” statusu olanlardır. Bu kateqoriyadan olan kişilərin sayı isə 33 min nəfərdir. Rəsmi göstəricilərə görə qadın işsizlərin sayı da kişilərə nisbətən 40 faiz çoxdur. Azərbaycanda iqtisadi fəaliyyət növlərinə görə muzdla işləyən kişi və qadınların nisbəti isə aşağıdakı kimidir:
İqtisadiyyat üzrə kişilər 59.2 faiz, qadınlar 40,8 faiz;
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə kişilər 77,9 faiz, qadınlar 22,1 faiz;
Mədənçıxarma sənayesi üzrə kişilər 86,6 faiz, qadınlar 13,4 faiz;
Emal sənayesi üzrə kişilər 75,1 faiz, qadınlar 24,9 faiz;
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə kişilər 89,0 faiz, qadınlar 11,0 faiz;
Su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə kişilər 64,0 faiz, qadınlar 36,0 faiz;
Tikinti sahəsi üzrə kişilər 92,9 faiz, qadınlar 7,1 faiz;
Ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə kişilər 75,2 faiz, qadınlar 24,8 faiz;
Nəqliyyat və anbar təsərrüfatı üzrə kişilər 82,8 faiz, qadınlar 17,2 faiz;
Turistlərin yerləşdirilməsi və ictimai iaşə üzrə kişilər 68,9, qadınlar 31,1 faiz;
İnformasiya və rabitə üzrə kişilər 70,3 faiz, qadınlar 29,7 faiz;
Maliyyə və sığorta fəaliyyəti üzrə kişilər 65,3 faiz, qadınlar 34,7 faiz;
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar üzrə kişilər 64,7 faiz, qadınlar 35,3 faiz;
Peşə, elmi və texniki fəaliyyət üzrə kişilər 55,7 faiz qadınlar 44,3 faiz;
İnzibati və yardımçı xidmətlərin göstərilməsi üzrə kişilər 68,6 faiz, qadınlar 31,4 faiz;
Dövlət idarəetməsi və müdafiə, sosial təminat üzrə kişilər 72,3 faiz, qadınlar 27,7 faiz;
Təhsil üzrə kişilər 26,9 faiz, qadınlar 73,1 faiz;
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrə kişilər 22,4 faiz, qadınlar 77,6 faiz;
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət üzrə kişilər 37,1 faiz,qadınlar 62,9 faiz;
Digər sahələrdə xidmətlərin göstərilməsi üzrə kişilər 65,7 faiz, qadınlar 34,3 faiz.
Göründüyü kimi sadəcə üç fəaliyyət növü üzrə qadınların sayı kişilərdən daha çoxdur – təhsil, səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət. Çalışan qadınların yarısından çoxu məhz bu üç sahədə fəaliyyət göstərir. Hazırda ölkədəki orta məktəblərdə müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 79 faizi, ali təhsil müəssisələrində isə 55 faizi qadınlardır. Ümumilikdə, təhsil sektorunda 250 minə yaxın qadın çalışır. Həkimlərin isə 66 faizi qadınlardan ibarətdir.
Biznes dünyasında da qadınların mövqeləri kişilərə nəzərən çox zəifdir. Ötən ilin əvvəlinə Azərbaycanda fərdi sahibkarların sayının 914 min nəfər olduğu bildirilib. Onların 198.4 mini (21.7 faiz) qadınlardan, 715 mindən çoxu isə kişilərdən ibarətdir.
İdarəetmə sahəsində gender balansı
Bir məqamı vurğulamaq yerinə düşər ki, son illər Azərbaycanda qadınların idarəetmədə rolunun ötən dövrlərlə müqayisədə xeyli yüksəldiyini müşahidə edirik. Məsələn, hazırda Azərbaycanda səlahiyyətlərinə görə, Prezidentdən sonra ikinci şəxs olan I vitse-prezident vəzifəsini qadın icra edir. Bu post 2017-ci ildə yaradılıb və buraya ölkənin Birinci xanımı Mehriban Əliyeva təyin edilib. Mehriban xanım Əliyeva bundan öncə uzun illər parlamentin deputatı da olub. Bundan başqa, Azərbaycanda Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri və İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman, Dövlət İmtahan Mərkəzi postlarını illərdir qadınlar icra edir. Eyni zamanda, Abşeron rayon icra hakimiyyətinin başçısı vəzifəsini də xanım yerinə yetirir.
Ötən il keçirilən parlament seçkisində Milli Məclisə 22 qadın deputat seçilib. Parlamentin ötən çağırışında isə qadın deputatların sayı 21 olub. Yeni parlamentdə kişi deputatların sayı isə 99-dur. Parlamentdə qadınlar iki komitəyə rəhbərlik edirdilər: Ailə, qadın və uşaq məsələləri komitəsi və Mədəniyyət komitəsi.
Bundan əlavə, İlham Əliyevin göstərişi ilə, ölkənin bütün icra hakimiyyəti orqanları başçılarının müavinlərindən azı biri mütləq qadın olmalıdır. 2013-cü ildə bu rəqəm 35 idisə, 2019-cu ildə bu göstərici 76 nəfərə çatıb.
Digər tərəfdən, 2019-cu ilin statistikasına əsasən, ölkəmizdə hakim qadınların sayı 78 nəfərdir, başqa sözlə hakimlərin 14 faizi qadındır. Azərbaycanda prokurorluq orqanlarında rütbə nəzərdə tutan vəzifələrdə çalışan işçilərdən 81 nəfəri qadındır. Bu, prokurorluq orqanları işçilərinin sayının 7 faizini təşkil edir. Hazırda 6 qadın prokuror təyin edilib. Ötən illər ərzində nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 səfir və 1 konsul da qadındır.
Peşələrə qadın-kişi fərqi qoyulmalıdırmı?
Azərbaycan Respublikası Konstitusiyasında qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu təsbit edilib. Buna baxmayaraq bəzi sahələrdə kişilərin sayı qadınlardan dəfələrlə çoxdur. Elə sahələr də var ki, orada ancaq kişiləri görmək mümkündür və yaxud da əksinə. Bəzi sahələrdə qadınların sayı kişilərin sayını dəfələrlə üstələyir. Məsələn, təhsil və səhiyyə sahəsində qadınların, idarəetmə, hüquq mühafizə orqanları, məhkəmə sistemində kişilərin sayı daha çoxdur. Mütəxəssislər bunun əsas səbəbini cəmiyyətdəki bəzi stereotiplərlə əlaqələndirilər. Onlar hesab edirlər ki, peşələr arasında qadın və kişi fərqinin qoyulması əmək bazarında gender bərabərliyinin pozulması ilə nəticələnir. “Qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması sonrakı mərhələlərdə vətəndaşlara, xüsusilə qadın və uşaqlara, ümumi halda isə genofonda mənfi təsir edə bilər.