- "Azərbaycan Respublikası Əməm Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsinə əsasən Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2000-ci il tarixli qərarı «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
Əmək stajından asılı olaraq işçilərə:
beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü;
on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü;
on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
***
Ölkə daxilində malların satışı üzrə vasitəçilik fəaliyyəti necə tənzimlənir və ƏDV ödəyicisi olan MMC üçün hansı vergi öhdəlikləri yaranır?
- Mövcud qanunvericiliyə görə, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.
***
Hansı halda birinci dərəcə əlillik təyin edilir?
- Hazırda qüvvədə olan qaydalara görə, birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:
2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (I01-I09, I11.0, I13.0-I13.2, I23-I23.8, I24-I24.8, I25.3-I25.5, I50-I50.9);
2.1.2. talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9);
2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (I27.0-I27.9, I28.0-I28.8);
2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9);
2.1.5. xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9);
2.1.6. ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0);
2.1.7. inkurabel onkoloji xəstəliklər (C00-C97);
2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (I60-I66.9,G80-G80.9, S06.0-S06.9);
2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9);
2.1.10. iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98);
2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9);
2.1.12. hər iki bud-çanaq oynaqlarının ankilozu (M24.6);
2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79);
2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9);
2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9);
2.1.16. İİV-infeksiyasının IV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24).
***
- Minimum işsizlikdən sığorta ödənişi nə qədərdir?
- Minimum sığorta ödənişi minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Hazırda ölkəmizdə minimum əməkhaqqı məbləği 250 manatdır.