Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq, xidmətin nəzarət etdiyi çimərliklərdə və IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həmin tədbirlər çərçivəsində ilkin olaraq, xidmət tərəfindən sahilboyu ərazilərdə yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə monitorinqlər aparılıb. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli sahələrin müəyyənləşdirilməsi, eyni zamanda, çimərlik operatorlarına təhlükəsizlik qaydaları ilə bağlı təlimatların təqdim edilməsindən ibarətdir.
Bu barədə Hafta.az-a FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib.
O deyib ki, çimərlik mövsümündən öncə xidmətin nəzarət etdiyi çimərliklərdə, eləcə də IDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr və təmizləmə işləri aparılıb. Üzmə sərhədlərini müəyyən edən məhdudlaşdırıcı nişanlar quraşdırılıb. Çimərlik istifadəçilərinin məlumatlandırılması məqsədilə, çimərlik ərazisində maarifləndirici lövhələr yerləşdirilib. Bunlardan əlavə, xidmətdə vakant matros-xilasedici vəzifələri üzrə də müsabiqə elan olunub. Həmçinin xidmətin balansında olan texnika və vasitələr, dalğıc əməliyyatlarında istifadə edilən avadanlıqlar işlək vəziyyətə gətirilib. Xidmətin aidiyyəti şöbələri isə mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir:
“Xidmətin əməkdaşları tərəfindən sahilboyu ərazilərdə aparılan monitorinqlər zamanı xüsusi təhlükəli çimərlik əraziləri müəyyən edilib. Belə ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində Mil qaya, Şimal Qress deyilən ərazi, Sabunçu rayonu Bilgəh qəsəbəsində 12-ci dalan “Daçnik” kimi tanınan ərazi, Binəqədi rayonunun Novxanı qəsəbəsində Sarı qaya deyilən ərazi, Qaradağ rayonunda “Mayak” deyilən ərazi təhlükəli ərazilər kimi qeydə alınıb. Sözügedən ərazilərin mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olması bu ərazilərdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükə yaradır. Lakin FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşların nəzarətsiz qeyri çimərlik ərazilərindən, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir. Bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Ən çox rast gəlinən risk faktorları çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan ərazilərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul edib sərxoş vəziyyətdə suya daxil olmaq və uşaqların nəzarətsiz buraxılmasıdır. Nəzarət olunan çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, burada xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilkin yardım imkanları mövcuddur. Nəzarətsiz çimərliklərdə isə belə təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır. Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməkləri tövsiyə edilir”.
Akşin Əlili diqqətə çatdırıb ki, cari il 13 nəfər çimərlik mövsümündə olmaqla, ümumilikdə 19 sudaboğulma təhlükəsi ilə üzləşən şəxs xidmətin əməkdaşları tərəfindən xilas edilib. Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb:
“Sularda təhlükəsizliyin təmin olunması üçün yalnız xilasedicilərin olduqları çimərliklərdən istifadə edilməli, xilasedicilərin cağırışlarına və ərazidə quraşdırılan maarifləndirici lövhələrin tələblərinə sözsüz əməl olunmalıdır. Təhlükə zamanı 112-yə zəng edin”.