4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

20:05 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”na qoşulan müəssisələr üçün üçüncü təcrübə mübadiləsi sessiyası keçirilib.

Mərkəzdən hafta.az-a bildirilib ki, tədbirdə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqram çərçivəsində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. Qeyd edib ki, proqrama qoşulan 18 müəssisədə texnoloji transformasiya üzrə fərdi yol xəritələrinin icra mərhələsinə başlanılıb. Bildirilib ki, proqramın icrası zamanı müəssisələr üzrə 400-dən çox potensial texnolojitransformasiya təşəbbüsü və 160-dan çox dayanıqlılıq praktikası qiymətləndirilib. Bu təşəbbüslər arasından təxminən 80 prioritet həll seçilərək onlar üzrə texniki, əməliyyat və maliyyə əsaslandırmaları hazırlanıb.

İcra mərhələsində müəssisələrə ekspert dəstəyi göstərilir, eyni zamanda, yol xəritələrində nəzərdə tutulan təşəbbüslərin həyata keçirilməsi üçün maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində dəstək tədbirləri həyata keçirilir.

Sessiya çərçivəsində beynəlxalq ekspertlər müəssisələrdə avtomatlaşdırma, qabaqcıl analitika və robot texnologiyalarının tətbiqi, eləcə də transformasiya proseslərinin effektiv idarə olunması, hesabatlılığın təmin edilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər, beynəlxalq təcrübələri iştirakçılarla bölüşüblər.

Sessiyada proqramda iştirak edən müəssisələrin strateji inkişaf və transformasiya proseslərinə məsul 50-yə yaxın mütəxəssisi iştirak edib.

Qeyd edək ki, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir.

Müəssisələr proqram barədə ətraflı məlumatı “industry4.az” internet səhifəsindən əldə edə bilərlər.