Vətən savaşının Zəfər tarixindən üç il keçir. Mövcud geosiyasi reallıqlar Azərbaycanın 30+3 illik ötən tarixinə yenidən nəzər salıb, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün daha aktiv addımların atılması zərurətini ortaya qoyur. Düşmən məğlub olsa da, tətikdədir. Bu gün “Zəfər Günü” tarixində Qarabağ həqiqətlərini toplayan tarix yazan, 30 il Qarabağ müharibəsini, ermənilərin Azərbaycanda törətdiyi soyqırımı faktlarını, erməni vandallğını fotolentlərin kadrlarında dünyaya bildirən fotoqraf, şahid dünya şöhrətli tanınmış fotoqraf Reza Degati “Həftə içi”nə müsahibəsində Qarabağın ötən günü, bugünü və gələcəyinə Zəfər Günündən baxır.
– Öz missiyasını yerinə yetirən fotoqraf Reza Degati bu gün Qarabağda hansı yolla irəliləyir, hansı işlərin üzərində çalışır?
– Mən işlərimə yenə də davam edirəm. İki gün olar, Qarabağdan gəlmişəm. Bu dəfə 43 ölkədən xarici səyyahları könüllü olaraq Qarabağa apardım, onları müşayiət etdim. Onlara Qarabağda baş verənlər haqqında, Xocalı, bu şəhərin yaşadığı acılar, soyqırımı və digər məlumatları verdim. Səyyahları Şuşada tarixi abidələrin erməni vandallığına məruz qalan dağıntıları ilə yanaşı, bir çox rayonlarda aparılan bərpa işləri ilə tanıs etdim.
İşğaldan azad edilən ərazilərdə Azərbaycanın apardığı bərpa işlərini yaxından izləmək maraqlı idi. Düşmənin, işğalçının viran qoyduğu torpaqları azad edən əsl sahibi Azərbaycan dövləti, xalqı əraziləri dirildir, gözəlləşdirir. Ən maraqlı mənzərə ilə Laçında qarşılaşdıq. Laçında insanlar öz evlərinə qayıdıblar. Bunu dünyaya göstərmək maraqlıdır.
Eyni zamanda, Qarabağın acısını, ermənilərin törətdiyi dağıntıları hələ də fotolentə köçürürəm. Bu dağıntılar böyükdür, onların hamısını lentə köçürmək hələ uzun illər aparacaq. Eləcə də öz yurduna qayıdan insanların həyat hekayələrini dinləmək, haradan gəldiklərini öyrənmək, hansı həyatı yaşadıqlarını bilmək, onları fotolara köçürmək mənə çox maraqlıdır.
– Azərbaycanın Zəfərə doğru gedən yolundan siz də öz fotolarınızla keçdiniz. Bu gün Qarabağa Zəfər Günündən baxsaq, fotoaparatınızın foksu nəyə tuşlanıb?
– Mən 43 ildir ki, dünya müharibələrini çəkirəm. Müharibə, dağıntılar, o dağıntıların yaratdığı xarabalıqlar, yarımçıq qalmış insan ömürləri… Bunları çəkmək mənə xoş deyil. Elə adamlar var, müharibə şəraitində işləmək, çəkməyi sevir, bu, onlara xoşdur. Müharibəni, onun dağıntılarını, ölümlərini çəkmək mənə xoş deyil. Mən sülhü çəkmək istəyirəm. Ona görə də müharibəyə gedib, onun fraqmentlərini lentə köçürəndə daha çox müharibənin acısını insanlara göstərib, onları qırğınlara son qoymağa çağırıram.
Həmişə düşünürəm ki, iki qonşu dövlət arasında axtardığım sülh yolunu nə qədər də çətin olsa tapmaq mümkündür. Müharibə edən ölkələrin sonradan sülh, qarşılıqlı əməkdaşlıq şəraitində yaşamasını göstərən nümunələr də var. Ümid edirəm, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanar. Bir zaman gələcək, Qafqaz xalqları hamısı bir yerdə rahat yaşayacaqlar. Bu gün Zəfər yolunda mənim fotoaparatımın foksu sülhə tuşlanıb, məhz bu ideya üzərində çalışır.
– Zəfərə tuşladığınız fotoaparatın foksunda daha nələri görürsünüz?
– Bu gün hamı Zəfər Gününü sevinc, qürurla qeyd edir. Unutmalı deyilik ki, iki qrup insanlar var ki, hamı onlara borcludur. Əgər onlar olmasaydı, bu Zəfər də olmayacaqdı. Təbiidir ki, bütün bu Zəfərin üstündə Azərbaycan Hökuməti, Azərbaycan Prezidenti durur. Bir də adları “Milli Qəhrəman” olan, 1992-ci ildən bu yana Qarabağ müharibəsində şəhid olanların hamısının adları, şəkilləri var. İnsanlar onları xatırlayır, anır. Bir qrup adam da var ki, onların adını “Səssiz Milli Qəhrəmanlar” qoymuşam. Bu “Səssiz Milli Qəhrəman”lar şəhidlərin anaları, ataları, bacıları, qardaşları, uşaqları, ailələridir. Düzdür, hamı onlara təsəlli verir, onlara yetişdirdiyi qəhrəmana görə “Sağ ol” deyir. Amma yenə də uşağa ata, bacıya qardaş, valideynə övlad lazımdır. Onlar bu itkilərini ömürlərinin axırına qədər yaddan çıxara bilməyəcəklər. Mən istərdim ki, onlara da bir orden təsis edilsin. Onlara “Səssiz, Adsız Milli Qəhrəman” adı verilsin.
– Qarabağda zəfərə gedən yolda ölüm, dağıntılar, qaçqınlıq həyatı yaşayanlar bu gün sizin fotolarınızda dünya ictimaiyyətinə necə təqdim olunur?
– Əslində, bütün Qarabağ işğal altında çox ağır bir dövrü yaşadı və bu gün də işğalın ağır nəticələri qalır. Qarabağda törədilənlər müharibə təxribatı deyil, bu, qəsdən planlaşdırılmış cinayətdir. Ermənilərin törətdiyi bu zülmlərə baxanda, belə aydın olur ki, onların psixoloji problemi var və bu həll olunmasa, onlar bu iddiadan əl çəkə bilməyəcəklər. Ona görə, mən 3 ildir şəhər-şəhər, kənd-kənd gəzib, həm şəkil, həm video, həm yerdən, həm göydən dronlarla çəkilişlər aparıram. Bu faktlar, ilk növbədə, tarix üçün qalmalıdır. Bu faktlar dünya tarixində olmalıdır ki, bu vəhşilikləri törədənləri tanısınlar, bilsinlər. Eyni zamanda, bu gün aparılan bərpa işləri maraqlıdır. Ermənilər 30 il işğal etdikləri əraziləri dağıtmaqdan başqa bir iş görməyiblər. O yerləri doğma bilən, ata ocağı kimi sevən adamlar, üç ildə o yerləri yenidən dirçəldib, böyük işlər görüblər. Əminəm ki, ermənilər o ərazilərə mina basdırmasaydı, Azərbaycan üç ildə etdiyindən çox, 10 qat bərpa işləri aparardı. İndi məcburi köşkünlərin hamısı evlərində idi. Məsələn, Laçın şəhərində mina yox idi. Orada mina olmadığına görə, 1 il ərzində Azərbaycan Hökuməti, şirkətləri oranı elə təmizləyib gözəlləşdiriblər ki, elə bil, İsveçin gözəl şəhərlərindən biridir. İnsanlar ora qayıdırlar. Onlara evlərinin açarları verilir. İnsanlar öz evlərinə girəndə isti suyu, mətbəxi, yorğan-döşəyini yerində görür. Girir, yaşayır…
– Zəfər fotolarının rəngi nədir?
– Həqiqətin rəngi nədirsə, o… Bir insanı, milləti, məmləkətin adamlarının 100 il fikirlərini, inanclarını yalanlarla sarsıtdınsa, bunu onların başından çıxarmağa illərlə vaxt lazım olur. Nə yaxşı ki, fotolar dünyada ortaya böyük əsərlər qoyur. Nə yaxşı ki, bu vəziyyətdə həmin fotoları hazırlayıb dünyaya göstərə bilirəm. Dünya insanları fotolara inanırlar. Qırx ildir adım elə bir yerdə dayanır ki, tamaşaçı dediyim sözə inanır. Hesab edirəm, bu mövzu daim dünyaya çatdırılmaldır və bu gün mən buna çalışıram.
– Sizcə, Qarabağ müharibəsində həqiqətin qalib gəlməsinin əsası nə oldu?
– Dünyada həmişə həqiqəti aşkar etmək çətin olub. İndi də çətindir. Hər yerdə, hər bir ölkədə, məmləkətdə kimsə haqqı deyəndə, müəyyən qrup insan var ki, onun haqqının eşidilməsini istəmirlər…
Bu işə başlayanda üç il türmədə olmuşam, beş ay mənə işgəncə verilib. 43 ildir ki, sürgün həyatı yaşayıram. Amma 30 ildir Qarabağ barəsində həqiqətləri Fransada, dünyanın digər ölkələrində göstərirəm. Buna görə, erməni lobbisi mənə psixoloji, maddi təzyiqlər göstərir. İnternetdə haqqımda çox pis yazır, yaxud sərgi olanda gəlib dağıdırlar, cırırlar.
Bir də var görünməyən, maliyyə təzyiqləri. Məsələn, biləndə ki, hansısa bir muzeydə, qalereyada sərgim olacaq, ondan əvvəl həmin yerlərin rəhbərliyinə hədə-qorxu gəlirlər ki, bu sərgi baş tutmamalıdır. Ermənilər mənim çox sərgilərimə təzyq edib, olmasına imkan verməyiblər. Əlbəttə ki, təzyiq qarşısında işə davam etmək mənə çətindir.
– Reza bəy, deyirsiniz ki, indi Qarabağda son 30 ildə baş verənlərlə bağlı həqiqətləri dünyanın diqqətinə çatdırmaq hərzamankındən daha vacibdir. Niyə belə düşünürsünüz?
– İndi Azərbaycanın əlində erməni vandallığını, soyqırımlarını, dağıntılarını göstərən bütün sənədlər var. Ermənilər insanların başına nə oyunlar gətiriblərsə, hansı təxribatları törədiblərsə, hamısı Azərbaycanın ovcundadır. Bunu göstərmək Azərbaycanın tarixi məsuliyyətidir.
Mən tarixi fotolarla yazan adamam. Bütün bunların hamısını göstərməliyik. Dünya burada nə olduğunu bilməsə, ona inanmasa, davamlı sülh olmayacaq. Bunu ermənilərə, erməni diasporlarına göstərməliyik. Erməni lobbisi həmişə özünü elə göstərib ki, guya türklər onlara qarşı zülmlər törədiblər. Həqiqətləri dünyaya çatdırmalı, inandırmalıyıq. Bir adamın çirkin, yanlışını özünə göstərib səhv olduğunu deməsən, o, həmin işini təkrar edə bilər. Ona görə də əlimizdə olanları dünyaya göstərməliyik ki, bu vandallıq yenidən başlamasın.