Yaxşı mütəxəssis olmaq üçün xaricdə təhsil vacibdir
Aprelin 22-23-ü tarixlərində keçirilmiş buraxılış imtahanlarında respublika üzrə ən yüksək nəticə göstərən şagird 17 yaşlı Beyləqan sakini Aygün Məhərrəmovadır. Yuxarı Aran qəsəbəsində Şəhid Sirac Mehtiyev adına tam orta məktəbin şagirdi olan Ayğün 300 bala qarşı 297,1 bal toplayıb.
Qeyd edək ki, Aygünün özündən böyük bacısı və qardaşı da ən yüksək balla ali məktəblərə qəbul olunib. Aygün isə təhsil aldığı müddətdə respublika səviyyəli olimpiadalarda yüksək nəticə göstərdiyinə görə, dəfələrlə medal və diplomlara layiq görülüb. İndi Məhərrəmovlar ailəsi Aygünün ali məktəbə qəbul olunacağı günü səbirsizliklə gözləyirlər. Aygün həm də orta məktəbi qızıl medalla bitirəcək iddialılar sırasındadır. “Həftə içi” qəzeti olaraq ucqar kənd məktəbində təhsil alan bu istedadlı gənclə həmsöhbət olduq.
- Aygün, buraxılış imtahanından belə bir nəticə əldə edəcəyini gözləyirdinmi?
- Ümumiyyətlə, imtahana hazırlaşanda qarşıma məqsəd qoymuşdum və özüm üçün birillik plan hazırlamışdım. Artıq bir il boyunca mən nə edəcəyimi bilirdim. Həmin plan üzrə bir il ərzində çox nizamlı şəkildə çalışdım. Bilirdim ki, özümə tətbiq etdiyim qadağalara əməl etsəm, istədiyim nəticəni əldə edə biləcəm.
- Özün üçün hansı qadağalar qoymuşdun?
- Daha çox sosial şəbəkədən istifadə etməyi özümə qadağa qoymuşdum. Düzdür, sosial şəbəkədən tam uzaqlaşmamışdım. Günümün daha çox hissəsini kitablarımla keçirirdim. İnternetdən isə yalnız dərslərlə bağlı məsələlər olanda istifadə edirdim. Bildiyiniz kimi, imtahanlarda ingilis dili fənnindən dinləmə mətnləri düşür. Tək hazırlığa getməklə ingilis dilində olan dinləməni mükəmməl yazmaq mümkün deyildi. Ona görə də ingilis dili bilgilərimi daha da təkmilləşdirmək üçün videoçarxlara, eyni zamanda, teledərslərə baxırdım. Əlavə müəllim hazırlığına da gedirəm. Hesab edirəm ki, insan nəyisə xəyal edirsə, onu gerçəkləşdirmək gücündədir. Yəni, özümdə belə bir inam formalaşdırmışdım ki, ən yüksək nəticə əldə edə bilərəm. Mən həm də uşaq yaşlarımdan müxtəlif bilik yarışlarında iştirak edirdim. 2019-cu ildə Azərbaycan dili fənni üzrə Respublika Olimpiadasının qaliblərindən biriyəm. Bu tədbirlərdə iştirak ilk öncə məni özümə tanıtdırıb və bilik, bacarığımın daha da inkişaf etməsinə imkan yaradıb.
- Sənədlərini hansı qrupa təqdim etmisən? Gələcəkdə ixtisasca kim olmaq istəyirsən?
- Sənədlərimi 4-cü qrupa təqdim etmişəm. Qarşıda məni daha bir sınaq, qəbul imtahanı gözləyir. Ən böyük arzum isə həkim olmaqdır.
- Qəbul imtahanlarında da yüksək nəticə göstərəcəyinə inanırsanmı?
- Təbii ki, özümə güvənirəm. Hesab edirəm ki, ən yüksək nəticə əldə etmək savadla yanaşı, həm də şans məsələsidir. Məsələn, məni buraxılış imtahanında 300 bal toplamaqdan cəmi 1 sual ayırıb. Azərbaycan dilindən bir suala yanlış cavab vermişəm. Calışacağam ki, qəbulda da istədiyim hədəfə nail ola bilim.
- Gələcəkdə təhsilini xaricdə davam etdirmək fikrin varmı?
- Əgər Tibb Universitetinə qəbul olunaramsa, belə bir planım var. Hələ hansı istiqamət üzrə həkim olacağımı da müəyyənləşdirməmişəm. Bunu qismət olarsa, oxuduğum dövrdə dəqiqləşdirəcəyəm. Yaxşı mütəxəssis olmaq üçün xaricdə təhsil vacibdir.