Hindistanın şimalındakı Uttar Pradeş ştatında 26 yaşlı Nikki Payla illərdir ərinin zorakılığına və təzyiqinə məruz qalıb. Nəhayət, ərinin tələblərini yerinə yetirə bilməyən Nikki, avqustun 21-də qayınanasının köməyi ilə əri tərəfindən yandırılaraq öldürülüb.
Hafta.az-ın yazdığına görə, hadisədən sonra qadının ailəsi 2016-cı ildə Vipin Bhati ilə evləndiyini bildirib. Bu evlilik zamanı Bhati ailəsi Nikki Payla və onun bacısından dəfələrlə cehiz olaraq qiymətli əşyalar və pul tələb ediblər. Ailənin tələbləri arasında Scorpio SUV, Royal Enfield motosikleti, qızıl-zinət əşyaları və 3,6 milyon rupi (təxminən 67 min manat) nağd pul var idi.
Tələbləri yerinə yetirilməyəndə qəzəblənən kişi anasının köməyi ilə arvadını yandırıb. Ağır yaralanan qadın özəl xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Hadisə xəstəxanadan gələn xəbərdən sonra məlum olub. Qarşısında polisləri görən vəhşi ər qaçmaq istəyərkən ayağından güllələnib və tutulub. Ata Setya Vir və qardaşı Rohit Bhati, eləcə də anası “işgəncələrə şərik olmaq” ittihamı ilə saxlanılıb. Qəddar ər ilkin ifadəsində arvadının intihar edərək özünü yandırdığını bildirərək ittihamları rədd edib. Bundan peşman olmadığını bildirən Bhati, "Həyat yoldaşımla ara-sıra mübahisə edirdik, bu normaldır. Hər evlilikdə belə olur" deyib.