Ərdoğanın da Trampdan qarşılıqlı istəyi var - Rəy

11:14 22.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"ABŞ Prezidenti Donald Trampın oğlunun Türkiyəyə yarı gizli səfərinin və Cumhurbaşqanı Rəcət Tayyib Ərdoğanla görüşünün mahiyyəti bəlli olub. Ağ Ev sahibi türkiyəli həmkarını sentyabrın 25-də ABŞ-a rəsmi səfərə dəvət edib. Görünür, Trampın oğlu Ərdoğanla bu səfərin təfərrüatlarını müzakirə edib".

Bunu hafta.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlunun fikrincə, Donald Tramp iş adamı kimi Ağ Evə dəvət etdiyi qonaqlardan və ya səfər etdiyi ölkələrdən siyasi və iqtisadi dividentlər əldə etməyə çalışır:

"Tramp digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də ikitərəfli ticarət sazişinin imzalanmasında maraqlıdır. Bundan başqa Tramp Türkiyənin ABŞ istehsalı olan “Boeing” təyyarələrini almasını istəyir. Ərdoğanın da Trampdan qarşılıqlı istəyi var. Ərdoğan Trampla F-16 və F-35 hərbi təyyarələrinin satışıyla bağlı razılaşma əldə etmək istəyir. ABŞ-ın keçmiş administrasiyası Türkiyəyə hərbi təyyarə satmadı. Tramp isə bir işadamı kimi Türkiyəyə hərbi təyyarələrinin satışını müzakirə etməyə hazır görünür. Çünki bu sövdələşmə ABŞ-a əlavə gəlir saxlayacaq. Prezidentlər Vaşinqtonda regional mövzuları da müzakirə edəcəklər".

E.Şahinoğlu vurğulayıb ki, Tramp Türkiyənin Avrasiya bölgəsində, o cümlədən Cənubi Qafqazda artan rolundan narahat deyil, əksinə, Zəngəzur dəhlizinin işə düşməsi iki ölkənin ortaq maraq dairəsindədir.