Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycan Müdafiə Nazirliyi ilə Rusiyanın Qarabağdakı “sülhməramlı” kontingentinin komandanlığı arasında son həftələr qızışmaqda olan söz polemikası fonunda bölgədəki durum, “sülhməramlı”larla bundansonrakı davranışın tənzimlənməsi yolları, Laçın yolundakı Ermənistanla dövlət sərhədində Azərbaycan tərəfinin müvafiq postlar qurması, ermənilərlə savaşın bərpası ehtimalı, həmçinin, Rusiyanın Ukraynaya qarşı təcavüzkar savaşının qış mövsümündə gözlənilən gedişi və s. barədə danışdıq.
- Son vaxtlar Azərbaycan Müdafiə Nazirliyi ilə Rusiyanın Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş “sülhməramlı” kontingentin komandanlığı arasında söz polemikası xeyli kəskinləşib. Qarşıdurma getdikcə dərinləşir. Digər tərəfdən, ermənilər atəşkəsin pozulması intensivliyini getdikcə artırırlar. Sizcə, bu durum prosesləri haraya doğru aparır, bölgədə yeni genişmiqyaslı savaş baş qaldıra bilərmi?
- Bəli, son vaxtlar Yuxarı Qarabağ və Şərqi Zəngəzur ətrafında gərginlk artıb. Bu gərginlik onunla bağlıdır ki, Azərbaycan son iki il ərzində həmin bölgədə öz imkanlarını xeyli artırıb. Odur ki, rəsmi Bakı hazırda istəyir ki, Rusiya hərbçilərinin fəaliyyəti də biz istədiyimiz istiqamətdə olsun. Əslinə qalsa, bu, düzgün taktikadır. “Sülhməramlılar” orada öz funksiyalarını düzgün yerinə yetirdikləri halda, onların orada olmasının xeyrinə qane olmaq olar. Ona görə ki, indiki mərhələdə ermənilər sanki bizdən hansısa kəskin hərəkət gözləyirlər ki, yenə dünyaya haray-həşir salsınlar ki, vay, qoymayın, bizi qırdılar. Yəni bu, bəllidir. Bu məqamda biz həmişə deyə bilərik ki, orada sülhməramlılar var, onlar vəziyyətə nəzarət etməlidir.
Bəs necə edək ki, Rusiyanın sülhməramlı sayılan kontingentinin fəaliyyəti bizim xeyrimizə olsun? Bu, təbii ki, incə diplomatik iş tələb edir. Və daim Rusiya kontingenti ilə iş aparılmalıdır. Yəni biz xırda addımlarla öz məqsədimizə doğru irəliləməliyik. Misal üçün, “Laçın dəhlizi” deyilən ərazidəki vəziyyəti götürək. Biz deməliyik ki, o ərazidə Azərbaycan dövləti olaraq sülhməramlılarla birgə iş aparmaq niyyətindəyik. Yəni orada biz sərhəd, gömrük, fitosanitar və s. xidmətlər qurmalıyıq, siz də öz müşahidə-nəzarət postlarınızda öz işinizi görün, yəni təhlükəsizliyi və sülhü təmin edin. Biz də qanunlara uyğun olaraq öz işimizi görək. Hesab edirəm ki, biz ilkin mərhələdə bunu etməliyik və Qarabağdan Ermənistana və əksinə gedib-gələn erməniləri Laçında sərhəd postlarındakı Azərbaycan dövlətinin hərbçilərinin, sərhədlçilərinin, məmurlarının varlığına öyrəşdirməliyik. Artıq 30-32 il ərzində haylar bizə yalnız səngərdən, silahların nişangahlarından baxmağa vərdiş ediblər, indi zəhmət çəksinlər, üzbəüz ünsiyyətdə olub qanunlarımızla hesablaşsınlar. Və qoy ermənilər bilsinlər və əmin olsunlar ki, Azərbaycanın onlara qarşı əsla, öz beyinlərinə yeritdikləri kimi, soyqırım-filan törətmək məqsədi yoxdur. Sadəcə, istəyirik ki, onlar da digər yerli və xarici vətəndaşlar kimi Azərbaycan ərazisində yaşayanda və yaxud bu dövlətin sərhədindən keçəndə bizim qanunlarımızla hesablaşsınlar...
Digər hansısa məsələləri də biz Rusiya kontingenti vasitəsilə həll edə bilərik. Yəni “sülhməramlı”ların torpaqlarımızda varlığı məsələsinə praktik baxımdan yanaşmalıyıq. Yoxsa populist çıxışlar etmək, hay-küy qaldırmaq, “sülhməramlı”lara torpaqlarımızdan çıxıb getmək çağırışı etməklə biz Azərbaycana qarşı təxribatlara şərait yarada bilərik...
- Yəni bir sıra şərhçilərin də dediyi kimi, Putin Azərbaycana qarşı “Cənubi Osetiya” variantından istifadə edə bilər?
- Bəli. Özü də düşmənlərimiz yalnız “Cənubi Osetiya” yox, “Sumqayıt” variantından da istifadə edə bilərlər. Yəni 1988-ci ildə Sumqayıt hadisələrində olduğu kimi, ermənilərin özləri-özlərini öldürüb Azərbaycan ordusunun üzərinə atması da mümkündür... Bu,ermənilərin daim yararlandığı iyrənc bir metoddur. İndi biz düşmənlərimizə sərf edən yolla gedək, yoxsa daha rasional, praktik bir yolla?.. Hesab edirəm ki, öncə qeyd etdiyim praktik yol bizim məqsədlərə çatmağımıza xidmət edən ən əlverişli bir yoldur... Hər halda taktiki baxımdan biz radikal yanaşmanı dəyişməliyik... Rusiya hərbçilərinə də xoşluqla demək olar ki, biz sizi qovmuruq ki... Biz deyirik ki, qalın, amma öz sülhməramlı funksiyalarınızı və 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələləri icra edin və bizə Laçın yolunda sərhədimizə nəzarət etməyə şərait yaradın - əks halda sizin ərazimizdən çıxmağınızı tələb edəcəyik. Əsas tezislər bunlardan ibarət olmalıdır...
- Rusiya Müdafiə Nazirliyinin və “sülhməramlı” kontingentin Qarabağ və Şərqi Zəngəzurun bir hissəsində Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı saymazyana davranışlarını əsas götürüb demək olarmı ki, həmin ərazi faktiki olaraq Rusiyanın işğalı altındadır?
- Xeyr. Mən bununla heç vaxt razı olmamışam. Biz bunu işğal faktı kimi tanımırıq. Eləcə də Rusiya bunu bəyan etmir... Və yenə də deyirəm, biz daha çox praktiki məsələlərə meydan verməliyik... Bəzən deyirlər ki, yox, Rusiya kontingenti Qarabağda biz dediklərimiz şərtlərlə razılaşmaz... Düzdü, Ukrayna müharibəsindən əvvəlki şəraitdə razılaşmazdılar. Ancaq hazırkı şəraitdə razılaşarlar. Ən azı ona görə ki, Qarabağda, Laçın “dəhlizi”ndə xidmət edən Rusiya komandirləri, zabitləri də yaxşı başa düşürlər ki, onları buradan çıxarsalar, göndərəcəklər Ukraynaya - Donbasa, ən qaynar nöqtələrə...
Deyirik ki, Laçın “dəhlizi”ni öz nəzarətimizdə saxlamaq lazımdır. Bunun iki yolu var, - açıq danışaq, - ya xoşluqla, ya hərbi güc hesabına Rusiya hərbçilərini oradan qovmaq, ya da onları bizim şərtləri, yəni sərhəd məntəqələrimizdə lazımi sərhəd, gömrük və s. postlarını qurmaqla razılaşdırmaq... Amma təəssüf ki, Azərbaycanda bəziləri ya siyasətdən uzaq olub vətəni, sadəcə, emosiyalarla sevməklə, ya da “məşhurlaşıb” gündəmdə qalmaq üçün haray salırlar ki, yox, gəlin Rusiya “sülhməramlı”larını Qarabağdan birdəfəlik qovaq, rədd olub getsinlər və s. Bu saat mən də belə fikir söyləsəm, bir çoxları deyəcək ki, afərin, vətənpərvərdir... Amma ondan sonra, yəni Rusiya hərbi kontingentinin Qarabağdan çıxmasını rəsmən və qəti şəkildə tələb edəndən sonra nə baş verəcəyini də gəlin fikirləşək... Təkrar edirəm ki, söz deyişməsindən açıq qarşıdurmaya keçmək vaxtı deyil, praktik, rasional addımlarla real iş görmək gərəkdir...
- Belə çıxır ki, bəzilərinin populist çıxışlarına rəğmən hazırda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun qalan hissəsini hərbi yolla öz yurisdiksiyasına qaytarması üçün şərait hələ yetişməyib?
- Yox, ümumiyyətlə, deyilən işləri görmək üçün şərait yetişib. Amma bunu sırf hərbi yolla həll etməkdən söhbət getmir. Düzdü, hamı bilir ki, Qarabağ və Şərqi Zəngəzurdakı Rusiya hərbi kontingenti və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun bölgədəki gücündən qat-qat zəifdirlər. Lakin məsələ ondadır ki, biz problemi hərbi güclə həll etsək, qarşı tərəf bizdən qisası, başqa -siyasi istiqamətdə də ala bilər. Məsələn, ermənilər yenə dünyaya haray sala
bilərlər ki, ay aman, qoymayın, Azərbaycan bizi qırdı... Fransa Senatı, yaxud elə Rusiya Duması hansısa bədnam qətnamə və ya ABŞ Dövlət Departamenti sanksiya qəbul edəcək və s. və i.a. Yəni hesab edirəm ki, hələlik dediyim o nisbətən yumşaq metoddan istifadə etmək lazımdır. Əgər nəticə verməsə, sonra baxarıq. Baxaq görək, Ukrayna savaşında hadisələr necə inkişaf edəcək...
- Sizcə, İlham Əliyevin Brüssel danışıqlarından imtina etməsi Azərbaycan tərəfinin savaş yolu seçməsi deməkdir?
- Xeyr. Bu, onu göstərir ki, Azərbaycan təzyiq dilini qəbul etmir. Fransa “mənəm-mənəm” deyərək həm vasitəçilik edir, həm də öz daxili siyasətində bu və ya digər şəkildə ermənipərsət mövqe sərgiləyir. Prezident də buna cavab verdi ki, yox, biz təzyiq və təhdidləri qəbul etmirik. Və hesab edirəm ki, düz elədi. Onsuz da - Brüsseldi, Vaşinqtondu, Moskvadı –hamısı istənilən halda bu mövzuya qayıdacaqlar. Və onlar öz mövqelərində dəyişiklik etdikdən sonra biz məsələyə baxmağa hazır olacağıq...
- Bəs onda bu savaş ritorikasını qızışdıran kimdir? Bölgədə genişmiqyaslı hərbi əməliyyatların bərpası hansı dövlətə sərf edir; Rusiyaya, Avropaya, yoxsa elə Ermənistana, yaxud İrana?..
- Zənnimcə, bu, heç bir tərəfə sərf etmir. Çünki Rusiya o durumda deyil ki, Cənubi Qafqazdakı növbəti müharibədən, yəni hərbi əməliyyatların bərpasından uduş əldə edə bilsin. Fransanın bu bölgədə heç bir hərbi imkanı yoxdur. İranı götürsək, onun öz daxili problemləri özünə bəs edir. Bəlkə də Ermənistana, Paşinyana Qarabağın tam şəkildə Azərbaycanın rəsmi nəzarətinə qaytarılmasıyla nəticələnəcək savaş o mənada sərf edə bilər ki, Qarabağ prolemindən birdəfəlik qurtulsun. Amma sonra deyəcək ki, bəs hərbi əməliyyatların başlanmasının günahı Azərbaycandadır, özü də Qarabağda soyqırım törədib... Yəni təxminən davranışı belə olacaq...
- Necə hesab edirsiniz, Rusiya və Ukrayna bu qışdan necə durumda çıxacaq?
- Doğrusu, mən rus analitik və təbliğatçılarına qulaq asanda görürəm ki, hamısı böyük təşviş içindədirlər. Xüsusən Solovyov gərginlik və panika içindədir və son verilişlərini də bu ruhda, bu səpkidə aparır. Bu da onu göstərir ki, doğrudan da, Rusiyanın durumu çox gərgin və ağırdır. Daxili siyasi problemlər də göz qabağındadır. Fikirlər, rəylər bölünüb. Digər tərəfdən isə Kremldə hansısa ciddi siyasi böhran olsa və hakimiyyət çevrilişinə cəhd olsa, Qərb çalışacaq ki, həmin proseslər onun təsiri altında getsin. Və Putinin yerinə gələcək siyasi dairələr daha praktik davranışlar göstərsinlər. Hesab edirəm ki, hazırda Rusiyadakı proseslər məhz bu istiqamətdə gedir. O biri tərəfdən Qərbdə, ABŞ-da bu problemləri görsələr də, düşünürlər ki, bəlkə də Rusiyanı tam dağıdıb parçalamaq doğru deyil və hakimiyyətin dəyişməsini hansısa nisbətən sakit durumda təmin edək. Buna görə də artıq Qərb tərəfindən də Ukrayna savaşında danışıqların bərpa olması, atəşkəs elan edilməsi çağırışları səslənir...
Sırf müharibə meydanına gəldikdə, qarşıdan sərt qış mövsümü gəlir və hərbi əməliyyatların azalması və intensivliyinin aşağı düşməsi artıq göz qabağındadır. Baxaq, görək... O da var ki, Avropada geniş qeyd olunan Milad, Yeni il bayramları ərəfəsindəyik. Və orada siyasi elita bu dövrdə məzuniyyətə getməyə, istirahət etməyə vərdiş edib. Yəni bu aylarda istər-istəməz siyasi fəallıq azalır... Hesab edirəm ki, qarşıdakı 10-15 gün ərzində hansısa ciddi hadisələr baş verməsə, bəlkə də Rusiya-Ukrayna savaşı mövzusunda həlledici olaylar Yeni ildən sonraya qalacaq...
- Putin ordusunun ölkənin enerji infrastrukturuna bu günədək vurduğu və bundan sonra vuracağı zərbələr qışda istilik, yanacaq, işıq problemlərini daha da ağırlaşdırsa, bu, Ukrayna xalqının mübarizə əzminə və yekunda hərbi əməliyyatlara və rəsmi Kiyevin siyasi qərarlarına təsir göstərə bilərmi?
- Bəli, belə problemlər Ukraynada, təəssüf ki, artıq başlayıb. Düzdü, Ukrayna dövləti Rusiya raketlərinin, dronlarının dağıtdığı infrastruktur obyeklərinin çoxunun işini bərpa edib. Ancaq yenə də problemlər qalır və bundan sonra da Rusiyanın kütləvi raket hücumları davam edərsə, həmin problemlər qışın sərt soyuqlarında daha da güclənə bilər. İnanmıram ki, Ukraynada kimsə küçəyə çıxıb Zelenski hökumətindən hərbi əməliyyatları dayandırıb Rusiyaya təslim olmağı tələb edəcək – bu mümkün deyil. Ukraynada ümumi əhval-ruhiyyə hələ də yüksəkdir. Amma rəhbərlik tərəfindən texniki atəşkəs və humanitar məsələləri həll etmək üçün İstanbulda və ya digər məkanda danışıqlara başlamaq təklifləri ola bilər...
- Onda belə çıxır ki, hələ gələn ilin, yəni 2023-cü ilin yayınadək Ukraynada savaşın tam bitəcəyini gözləmək olmaz?..
- Bəli... Açığı desək, mən həm də buna görə təklif edirəm ki, Ukraynada müharibə tam yekunlaşmamış Qarabağ və Zəngəzurda kəskin davranışlara yol verməyək... Hamıdan öncə özümüzü meydanın ortasına atmayaq... Putin son çıxışlarında deyib axı ki, Rusiyanın məhv olacağı barədə şayiələr hələ vaxtından əvvəl yayılıb...