Bu günlərdə erməni bloqçu Natali Aleksanyanla maraqlı debatı baş tutmuş hərbi ekspert Ədalət Verdiyevlə hafta.az üçün budəfəki söhbətimizdə Ermənistanın bir cəmiyyət olaraq Azərbaycanla sülhə nə dərəcədə hazır olması, Rusiyanın və Ermənistandakı Qarabağ klanının Qarabağdan köçən ermənilər arasındakı, azı, 15 minə yaxın hərbiləşdirilmiş, özü də gənclərdən ibarət kütlədən Paşinyan hakimiyyətini devirmək üçün istifadə etmələri ehtimalı, Paşinyanın artıq Ermənistan ordusunda Rusiyanın “5-ci kalon”unun sıradan çıxarılması haqda açıqlaması, ordumuzun 19-20 sentyabr əməliyyatlarından sonra keçən 3 aya yaxın müddətin əksər günlərində də Rusiya “sülhməramlı”larının öz dislokasiya xəritələrində Laçın şəhərini məsuliyyət zonalarına daxil etmələrinin səbəbləri və s. haqda danışdıq.
– Bu günlərdə sizin erməni bloqçu Natali Aleksanyanla maraqlı debatınızı dinlədik. Ümumiyyətlə, müşahidələriniz, təhlilləriniz nə göstərir? Natali kimi reallığı dərk edənlər, Qarabağdan köçənlər də daxil olmaqla, Ermənistan əhalisinin, təxminən, neçə faizini təşkil edər? Başqa sözlə, Ermənistan bir cəmiyyət olaraq Azərbaycanla sülhə nə dərəcədə hazırdır?
– Ermənistanda bloqçu Natali Aleksanyan kimi yeni reallıqları dərk edənlərin sayı, təəssüf ki, hələ çox deyil. Amma nəzərə alsaq ki, bu ölkədə Vətən müharibəsinədək belə insanların sayı yox səviyyəsində idi, o zaman indiki durumu az da olsa, qənaətbəxş hesab edə bilərik. Azərbaycan seqmentində olan jurnalistlərin, mütəxəssislərin, ekspertlərin, deputat və siyasi xadimlərin apardığı məqsədyönlü fəaliyyətlər Ermənistanda ictimai fikrin qismən də olsa, dəyişməsinə gətirib çıxarıb və son aylar ərzində biz əks tərəfdən daha çox Azərbaycanla birbaşa danışıqlar tərəfdarı olan ziyalılarına rast gəlirik...
Onu bir daha deməliyik ki, Ermənistanın Azərbaycanla sülhə hazır olmaqdan başqa yolu yoxdur. Ermənistan bu sülhü mütləq imzalayacaq. Bu gün həmin ölkəyə sülh daha çox ehtiyacdır, nəinki Azərbaycana... Azərbaycana sülh 44 günlük Vətən savaşınadək lazım idi ki, o zaman bizim qız-gəlin, uşaqyaşlı, ahıl vətəndaşlarımız öz yaşadıqları evlərdə belə düşmən güllə və ya mərmilərindən həyatlarını itirirdilər. Azərbaycan üçün belə bir təhlükə mövcud deyil. Azərbaycan qalib tərəf olmasına rəğmən davamlı olaraq sülh təkliflərini təqdim edir, Ermənistan isə prosesi bir qədər uzatmağa çalışır. Bu sülh sazişi Ermənistanın daxilində müəyyən kataklizmlərə də yol açır...
– Son illər ərzində Ermənistanın hərbi ekspertləri və ya politoloqlarıyla əlaqə quraraq oxşar debatlara çıxmağa cəhd etməmisiniz ki?
– Mən dəfələrlə efirlərdə və müsahibələrimdə istənilən şəxslə, o cümlədən Ermənistandan olan siyasətçi və politoloqlarla, xüsusilə də hərbi ekspertlərlə müzakirələrə daim açıq olduğumu bəyan etmişəm. Ermənistan televiziyalarına, saytlarına da açıqlama və müsahibələr verməyə, debatlara çıxmağa da hazıram. Mən bundan heç bir zaman imtina etməmişəm. Hesab edirəm ki, baş verən hadisə və proseslərin gerçəkliyini Ermənistan ictimaiyyətinə çatdırmaq bizim vəzifələrimizdən biridir. Erməni ictimaiyyətindən də mənim statuslarıma rəy yazanlar var... Odur ki, müxtəlif formatlarda bu cür ictimai müzakirələrin təşkili bizim üçün bəlkə də prioritetlərdən biri olmalıdır...
– Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabr tarixli lokal əməliyyatından sonra Qarabağdan könüllü şəkildə çıxan ermənilərin sayını Ermənistan da, xarici mənbələr də 100 mindən çox göstərdi. Azərbaycanın müvafiq qurumları bu haqda rəsmi rəqəm açıqlamadı və buna reaksiya da vermədi. Halbuki, o əraziyə siz də bələdsiniz, sərtdöngəli, dolama və o qədər də geniş olmayan Şuşa-Laçın-Gorus yolu ilə qısa müddətdə avtomobillərlə o sayda adamın çıxması mümkün deyildi. Sizin nə məlumatınız var, Qarabağdan köçmüş ermənilərin gerçək sayı barədə?
– Azərbaycan ərazilərini tərk edən ermənilərin sayını təsdiq və ya təkzib etmək üçün əlimdə xüsusi mexanizm, yaxud həmin sayı hesablayacaq resurslar mövcud deyil. Qeyri-rəsmi məlumatlara əsasən deyə bilərəm ki, Qarabağdan köçmüş ermənilərin sayı göstəriləndən bir qədər az ola bilər. Bu yenə də heç nəyi dəyişmir. Həmin o əhalinin böyük bir hissəsi Ermənistan vətəndaşları idi, digər hissəsi isə xarici ölkələrdən gələrək Azərbaycan ərazisində qanunsuz məskunlaşdırılmış erməniəsilli adamlar idi. Qarabağdan Ermənistana gedən yolun dolanbac, narahat olması isə o demək deyil ki, 100 min insan bir həftədə həmin yolla ərazini tərk edə bilməzdi. Əgər hətta hesab etsək ki, Azərbaycan ərazisindən doğrudan da, 100 mindən çox erməni köçüb. Onların əksəriyyəti Azərbaycanla sərhədə çox yaxın olan Gorunzur kəndinə gedir, daha sonra onları digər rayonlara paylaşdırırdılar...
Hər bir halda Qarabağın dağlıq hissəsindən nə qədər erməninin köçməsi Azərbaycan üçün o qədər də önəmli deyil. Bizim üçün önəmli olan odur ki, ermənilərin könüllü olaraq tərk etdiyi ərazidə qalan şəxsi əmlakına toxunmuruq. Onlara aid evlər Azərbaycan dövləti tərəfindən qorunur. Qarabağda doğulub boya-başa çatan və Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan ermənilər istədikləri halda geri qayıdıb ərazimizdə yaşaya bilərlər. Qarabağa qayıdacaq ermənilərin sayının çox olacağını düşünmürəm. Onların əksəriyyəti bu və ya digər şəkildə silahlı birləşmələrin tərkibində Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edib. Ona görə də belələrinin Qarabağ geri dönüb yaşayışını davam etdirməsi məqsədəuyğun olmaya bilər...
– Bəzi siyasi şərhçilərimiz deyir ki, Qarabağdan köçən ermənilər arasındakı azı 15 minə yaxın hərbiləşdirilmiş, özü də gənclərdən ibarət kütlədən Rusiya, Qarabağ klanı və revanşist qüvvələr gec-tez Paşinyan hakimiyyətinə qarşı istifaqə edəcək və həmin hakimiyyəti devirərək Köçəryan-Sərkisyan dövründəkinə uyğun tam Rusiyameyilli bir hakimyyət quracaqlar. Siz nə düşünürsünüz bu barədə?
– Qarabağdan köçmüş erməni kütləsinin İrəvanda Paşinyan hakimiyyətinə qarşı istifadəsi mümkündür. Bunu mən əvvəllər də söyləmişəm. Həmin adamların çoxu ruhən Robert Köçəryan və Serjik Sərkisyan komandasına daha yaxındırlar. Belələrinin sığına biləcəyi yeganə qüvvələr də həmin komandalardır. Hər bir halda Azərbaycan ərazisindən köçmüş ermənilərin Ermənistan erməniləri ilə münasibətləri kifayət qədər gərgindir. Bunun bir sıra səbəblərini mən bilirdim. Bu günlərdə debata çıxdığım erməni bloqçu Natali Aleksanyandan da soruşdum. Onun bildirdiyinə görə, Qarabağda hərbi xidmətdə olarkən Ermənistandan gələn heyətə qarşı Qarabağ erməniləri böyük qəddarlıqlar törədiblər. Buna görə də indi həmin Qarabağ ermənilərinin Ermənistana gəlməsi onlar tərəfindən zülmə məruz qalmış haylara qıcıq gətirir və buna aid yetərincə videomateriallar mövcuddur...
– Bu günlərdə Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən dedi ki, artıq Ermənistan ordusunda Rusiyanın “5-ci kalon”u sıradan çıxarılıb. Yəni belə çıxır ki, artıq bir neçə ay əvvəl deyilən Moskva tərəfindən hazırlanan hərbi çevriliş planı da baş tutmayacaq. Necə hesab edirsiz, doğrudanmı Ermənistan Silahlı Qüvvələri Rusiyanın təsiri altından çıxıb?
– Ermənistan ordusunun Rusiyanın təsirindən çıxması haqqında danışmaq hələ tezdir. Düzdür, rəsmi İrəvan KTMT-dən rəsmi şəkildə çıxmasa da, onun bir sıra tədbir və təlimlərində iştirakdan imtina edir. Amma iqtisadi cəhətdən Ermənistan Rusiyadan elə bir dərəcədə asılıdır ki, Avrasiya İqtisadi Birliyindən uzaqlaşarsa, bu ölkə bəlkə də boğular. Son aylarda Ermənistanın Rusiyaya qarşı demarşlarına gəlincə isə, buna cavab olaraq böyük ehtimalla Moskva Yuxarı Lars keçidinə uzun müddətliyinə bağlayacaq. Qaz təchizatı ilə bağlı da Ermənistanda müəyyən problemlərin yaranacağını gözləməyə dəyər. Bəlkə də qazın satış qiymətində də ermənilər üçün müəyyən yüksəlişlər tətbiq ediləcək...
– Azərbaycanın bəzi politoloqları vurğulayır ki, biz Ermənistanla sərhədlərimizin delimitasiya-demarkasiya prosesində əsas kimi, nə 1991-ci il, nə 1975-ci il, xəritələrini yox, 1920-ci il, yəni Azərbaycan Xalq Cümhuriyyəti Rusiya tərəfindən işğal edilən dövrədək olan sərhədlərimizi əsas götürməliyik. Və hətta Milli Məclis adından Ermənistana Zəngəzuru Azərbaycan ərazisi kimi tanımaları haqda rəsmi təklif yollamalıyıq. Siz necə düşünürsünüz, Azərbaycana müxtəlif siyasi cəbhələrdən təzyiqlərin olduğu mövcud geo-siyasi və hərbi-siyasi durumda bu, nə dərəcədə reallığa uyğun bir strategiya ola bilər?
– Delimitasiya və demarkasiya sırf hərbi sahəyə aid olmadığı üçün burada daha çox Tofiq Zülfüqarovun fikirləri ilə razılaşmağa üstünlük verərdim. Tofiq müəllim bu sahədə kifayət qədər təcrübəlidir və onun fikirlərini təkzib etmək üçün əlimdə heç bir əsas yoxdur. Hesab edirəm ki, Azərbaycan ən azından tarixi torpaqlarına qayıtma hüququna malikdir. Və Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması üçün hər birimiz bir vətəndaş olaraq əlimizdən gələni etməliyik...
Azərbaycana xaricdən təzyiqlərə gəlincə, belə ədalətsiz təzyiqlər 1991-1994-cü illərdə Ermənistan torpaqlarımızı açıq şəkildə işğal edərkən də, bizə qarşı soyqırımları həyata keçirərkən də, 30 ilə yaxın müddətdə torpaqlarımız işğal altında qaldığı vaxtda da olub. 44 günlük Vətən savaşından sonrakı son 3 ildə də Azərbaycanın Ali Baş Komandanı və onun ətrafındakı mükəmməl diplomatik korpus bu cür təzyiqləri layiqincə cavablandırıb və bundan sonra da cavablandırmaq gücündədir...
– Son vaxtlar “Moskva Yaxın Şərqə çıxışı və digər maraqları naminə Zəngəzur yolunun açılması üçün Azərbaycanı Ermənistanla yeni müharibəyə təhrik edir” tezisinin də işlənmə tezliyi artmaqdadır. Sizin bu haqda fikirlərinizi bilmək maraqlı olardı?
– Bu fikrə mən bugünün kontekstindən deyil, 10 noyabr üçtərəfli bəyanatının imzalandığı günün reallığından baxmaq istərdim. Yəni bu sırf Azərbaycanın maraqları çərçivəsindən atılan bir addımdır. Çünki 2020-ci ilin 10 noyabrında nə Rusiya-Ukrayna müharibəsi vardı, yəni Rusiyanın sanksiyalara məruz qalması və çıxış yolları araması məsələləri gündəmdə deyildi, nə də Yaxın Şərqdə “HƏMAS”–İsrail savaşı başlamışdı... Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın haqqıdır. Düzdür, Ermənistan bunu müəyyən dərəcədə ləngitməklə Azərbaycanı İran üzərindən Naxçıvana yeni yolun çəkilməsi ilə bağlı saziş imzalamağa yönləndirə bildi. Zəngəzur dəhlizinin açılmaması eyni zamanda Ermənistanın da blokada şəraitində qalmasına səbəb olur. Bu, həmin ölkəyə yaxşı heç nə vəd etmir. Ermənistanın Gürcüstan ərazisi vasitəsilə Rusiya ilə əlaqəsini yaradan Yuxarı Lars yolu onsuz da narahat idi, hazırda da Moskva onu müxtəlif bəhanələrlə bağlı saxlayır və ya təmizləmir. Digər tərəfdən isə Azərbaycan ilə Türkiyə Ermənistan Zəngəzur dəhlizini açmayanadək onunla kommunikasiya əlaqələri qurmayacaq. Bu da Ermənistanın gələcəyini şübhə altına alır...
– Silahlı Qüvvələrimizin 19-20 sentyabr əməliyyatlarından sonra da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölmədə təxminən bir həftəni çıxmaq şərti ilə qalan günlərə aid dislokasiya xəritələrində Laçın şəhəri bu ölkənin hərbi qüvvələrinin məsuliyyət zonasına daxil edilir. Artıq bunun səbəbini təsadüf, texniki səhvlə və ya Rusiya MN-in həmin xəritələri tərtib edən Moskvadakı əməkdaşlarının sərxoş vəziyyətdə olmasıyla izah etmək çox gülüncdür. Rusiya MN-in belə uzun bir müddətdə Laçın kimi hərbi strateji və hazırda güclü və geniş bərpa və yenidənqurma işlərinin getdiyi, böyük maliyyə və insan resurslarının xərcləndiyi bir şəhəri virtual “işğal”da saxlamasını yalnız müstəqil Azərbaycan dövlətinə və xalqına müəyyən bir mesaj kimi dəyərləndirmək mümkündür... Siz necə düşünürsünüz?
– Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölmədə həmin qüvvələrin məsuliyyət zonalarına aid xəritələrin reallıqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Biz bu məsələləri dəfələrlə müzakirə etmişik. Özüm şəxsən bunu araşdırmaq məqsədi ilə Laçın ərazisinə bir neçə dəfə səfər etmişəm. Sonuncu dəfə bu il noyabr ayının əvvəllərində Laçın şəhərində olmuşam, yeni tikilmiş alternativ yolla “Laçın” sərhəd-keçid məntəqəsinə də getmişəm. Laçın-Şuşa yolunda da olmuşam. Və tam əminlik və səmimiyyətlə deyirəm ki, hazırda Rusiya kontingentinin ərazidəki fəaliyyəti tamamilə formal xarakter daşıyır...
Sualınıza daha konkret cavab versək, onu demək olar ki, Rusiya Müdafiə Nazirliyinin Laçın şəhərini virtual olaraq öz məsuliyyət zonaları kimi göstərmələrinə rəğmən bu şəhərimizdə eləcə də, rayonun Zabux kəndində sürətli tikinti və bərpa işləri ilə paralel Azərbaycan əhalisinin məskunlaşdırılması da davam edir. Bu gün bilavasitə Laçın şəhərində 1500-ə yaxın keçmiş köçkün vətəndaşımız yaşayır. Və bir nəfər də Rusiya əsgəri, zabiti həmin ərazidə görünmür, oraya daxil ola bilmir. “Sülhməramlı”ların Laçın şəhərinə girişi, patrul xidməti keçirməsindən və s. qətiyyən söhbət gedə bilməz...
Ümumiyyətlə, Rusiya hərbçilərinin üçtərəfli bəyanatla bağlı görəcəkləri bir iş, funksiya qalmayıb. Buna baxmayaraq, nə qədər ki, Rusiya “sülhməramlı” kontingent Azərbaycanın Yuxarı Qarabağ və Laçın “dəhlizi” deyilən ərazisində formal da olsa, fəaliyyət göstərir, təbii ki, dislokasiya xəritələrini də tərtib etməlidirlər. Amma müvafiq qurumlarımız həmin xəritələrdə Azərbaycana qarşı hansısa neqativ hallarla bağlı Rusiya Müdafiə Nazirliyinə öz iradlarını çatdırmalıdır...