Ermənilərin Kəlbəcər balı” Londonda qızıl medal aldı - FOTO

17:36 26.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Kəlbəcər rayonunun 44 günlük müzəffər savaşımızdan sonra da Rusiya “sülhməramlı” kontingentinin himayəsinə sığınmış separatçı-terrorçu erməni rejiminin nəzarətində qalmış Həsənriz(erm.: “Haterk”) kəndində fəaliyyət göstərən  "Haterk Food" şirkəti Böyük Britaniyanın paytaxtı Londonda keçirilən nüfuzlu illik “PENTAWARDS” mükafatlandırma mərasimində qızıl medal qazanıb.

 Hafta.az xəbər verir ki, bu haqda  Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Məlumatda deyilir ki,  bəhs edilən mükafatı mütəxəssislər qablaşdırma dizaynının “Oskar”ı adlandırırlar…

Zəruri xatırlatma:

Həsənriz kəndindəki sözügedən erməni şirkəti 2018-ci ildən fəaliyyət göstərir. “Haterk Food” şirkətinin rəhbəri Samvel Mirzəxanyan jurnalistlərlə söhbətində bildirib ki, belə bir məhsul istehsal etməsinə İrəvan Dövlət Tibb Universitetində oxuduği gen mühəndisliyi və geni dəyişmiş məhsulların insan orqanizminə vurduğu zərərlərdən, xərçəng xəstəliyi və s. yaratmasından bəhs edən məqalə olub. S.Mirzaxanyanın sözlərinə görə, o, dietoloqlar, həkimlər və marketinq mütəxəssisləri  ilə birgə işğal altındakı Azərbaycan torpaqlarında yetişən ekoloji təmiz məhsullardan faydalı bir qida növü hazırlanması üzərində işləyib. Nəticədə belə bir məhsul ortalığa çıxıb.

“Haterk Food”un tərkibində 6 növ qida: təbii bal, qoz, fındıq, ərik qurusu, günəbaxan  və boranı tumları vardır. Öncə bu məhsul əsasən uşaqlar üçün nəzərdə tutulub. Sonradan bir az da təkmilləşdirilən qidanın böyüklər üçün də faydalı olacağı bilinib.  “Haterk Food” insanı lazımi enerji ilə təmin edir, qocalıq və müxtəlif xəstəliklərlə mübarizə aparır, immun sistemini möhkəmləndirir.

Zəruri arayış:

Həsənriz - Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Tərtər çayının sol tərəfində, Həsənriz çökəkliyindədir. Keçmış adı Aterk(Haterk qalası) olmuşdur. Tədqiqatçıların ehtimalına görə, “aterk” - türk dillərindəki “atrak” (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə  kənd Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilib.

Həsənriz kəndi əvvəllər keçmiş  Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçirdilər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçib. Təəssüf ki, 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçiriblər. Həsənriz uğrunda döyüşlərdə neçə-neçə Azərbaycan oğlu şəhid olub….

Hazırda Həsənriz kəndi cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşir. Məlumatlara görə, son vaxtlaradək kənddə  erməni ordusunun batalyonu saxlanılıb.

10 noyabr üçtərəfli razılaşmasından sonra  Rusiya sülhməramlıları ərazi bölgüsünü keçmiş Azərbaycan SSR-in  inzibati bölgüsü əsasında apardıqlarından  Həsənriz kəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “Mardakert” rayonu tərkibindəki kimi saxlanılaraq Kəlbəcər rayonuna qaytarılmayıb.

Təbii ki, bu, qanunsuz bölgüdür... 

Oxunma sayı 1790