Ermənilərin gözləri qarşısında 33 ilin “miatsum” hay-küyü 44 gün ərzində puç oldu
Azərbaycan torpaqlarının böyük hissəsinin işğaldan azad olunması ilə nətucələnmiş müzəffər savaşımızın sonunda imzalanmış 10 Noyabr üçtərəfli razılaşmasından 4 ay keçdiyi bir vaxtda Ermənistanda iqtisadi böhranla yanaşı, hərbi-siyasi böhran da dərinləşməkdədir. Son günlər Baş nazir Nikol Paşinyanla Baş Qərargah rəisi Onik Qasparyan arasında yaşanan münaqişə də ölkədəki qarşıdurmanı pik həddə çatdırıb. Müxalif toplum parlament binası önündən çəkilmir...
“Həftə içi”nə bu mövzuda müsahibəsində sabiq Xarici İşlər naziri Tofuq Zülfüqarov N.Paşinyanın istefaya məcbur edilməsi ehtimalından, işğalçı ordu komandanlığında yaranmış qarşıdurmadan, xarici güclərin Paşinyan hakimiyyətinə münasibətindən danışıb, Qarabağda genişmiqyaslı hərbi əməliyyatların bərpa olunacağı haqda söz-söhbətlərə və s. münasibət bildirib.
- Tofiq müəllim, Ermənistan prezidentinin Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı son mövqeyi də göstərdi ki, deyəsən, Paşinyan hakimiyyətinin istefaya məcbur olması, devrilməsi ehtimalı çox azdır. Siz necə düşünürsüz?
- Bilirsiniz, müxtəlif hadisələr baş verə bilər, ancaq hakimiyyəti devirmək üçün hansısa bir məntiqli ideya və əsas olmalıdır. Mən eks-prezident R.Köçəryanın mətbuat konfransına da tam baxmışam, keçmiş xarici işlər naziri Vardan Oskanyanın son məqaləsini də oxumuşam. Belə qərara gəlmişəm ki, onların təklifləri çox bəsitdir. Yəni onlar köhnə siyasətə qayıdış etməyə çalışırlar ki, guya bu halda 1990-cı illərdə olduğu kimi, Rusiya Ermənistanın köməyinə gələcək. Hesab edirəm ki, bu cür baxışlar Ermənistan müxalifəti üçün real nəticə hasil etməyəcək. Əvvəla, bu ölkənin həm siyasi, həm iqtisadi, həm də demoqrafik baxımdan imkanları tam tükənib. İkincisi, Rusiya da əvvəllər olduğu kimi, Ermənistanda öz siyasətini yeritmək iqtidarında deyil. Buna ehtimal çox azdır. Ortada Azərbaycanın güclənməsi, Türkiyə amili və s. faktorlar var. Yəni geosiyasi vəziyyət tam dəyişib. Üçüncüsü, heç hazırda rusların da Ermənistanla ciddi məşğul olmağa o qədər həvəsi yoxdur. Buna həvəsləri olsaydı, Ermənistanı “qulpsuz çemodan” adlandırmazdılar. Təbii ki, hansısa təxribatları-filanı istisna etmirəm. Vəziyyətə real yanaşanda, erməni cəmiyyətindəki diskussiyaları izləyəndə belə nəticəyə gəlmək olur ki, oradakı müxalif siyasətçilər nəsə yeni bir şey təklif edə bilən deyillər. Belə çıxır ki, erməni toplumu üçün də Paşinyanın Qərbə yönəlik siyasəti daha perspektivli görsənir. Bu halda ABŞ-dan, Avropadan yardımlar, investisiyalar alınması və özlərinin dediyi kimi, əllərində qalan ərazilərdə dövlətçiliklərini bərpa etmək perspektivləri var. Ermənilər üçün ən əsası odur ki, hazırda ölkədəki mənfi demoqrafik proseslər, yəni kütləvi miqrasiya və depopulyasiya dayandırılsın...
- Sizcə, regionda və ümumiyyətlə, dünyadakı hansı aparıcı dövlətlər üçün Paşinyanın devrilməsi sərfəlidir?
- Doğrudur, köhnə stereotiplər əsasında belə bir baxış da formalaşıb ki, guya Rusiya Paşinyanı devirmək və hakimiyyətə öz rusiyapərəst tərəfdarlarını gətirmək istəyir. Amma gerçək olaylar göstərir ki, bu heç də belə deyil. Yəni Ermənistan cəmiyyətini real olaraq idarə edən siyasətçinin Paşinyan olduğu bilindi. Bu baxımdan Moskva da hesab edir ki, bu hakimiyyət dövründə də Ermənistanda öz siyasətini yeridə bilər.
Regiondakı digər ölkələri götürsək, Azərbaycan və təbii ki, Türkiyə üçün də Paşinyanın hələlik hakimiyyətdə qalması bu və ya digər cəhətdən sərfəlidir...
- İran da deyəsən, tərəddüd edir Paşinyan məsələsində?...
- Təbii ki, İran Ermənistanda Qərbin mövqelərinin güclənməsini istəmir, amma reallığı da heç kəs inkar edə bilməz. Ermənistanın olanı budur...
- Əvvəldən Paşinyanı “Sorosun adamı” adlandırırlar. Görəsən, Sorosun başqa sözlə, ABŞ-ın müəyyən dairələrinin Nikolu əvəzləmək üçün digər bir ehtiyat fiquru varmı?
- Hazırda müxalif siyasi meydanda qərbyönümlü bir siyasətçi görmürəm. Ortaya çıxan Robert Köçəryan, Manukyan və Oskaryan-filandır. İkincisi, müxalifət arasında birlik yoxdur. Fəal görünən Vazgen Manukyanın da Köçəryanla münasibəti o qədər yaxşı deyil. Yəni onlar müxalifətdə birinci simanın kimin olması uğrunda dava edirlər...
- Yəqin ki, burada Manukyanın irəvanlı, Köçəryanın qarabağlı olması da rol oynayır?..
- Bəli. Çox güman ki, bu amilin də rolu var...
- Bəs sizcə, Vazgen Manukyanı hansı güclər idarə edir? Rusiya, yoxsa?..
- Hesab edirəm ki, Manukyan Qarabağ klanının hakimiyyətə qayıdışı ehtimalının qarşısını almaq üçün daxili güclər tərəfindən dəstəklənir. Ermənistan və Qarabağ erməniləri arasında gərginlik həmişə var idi, indi də müharibədəki məğlubiyyətdən sonra da özünü büruzə verir. Paşinyan devrilsə belə, Qarabağ klanının hakimiyyətə qayıtmasında böyük problemlər olacaq. İrəvanlı Manukyana gəlincə, zənnimcə, onun da Paşinyana ciddi rəqabət yaratmaq imkanı olmayacaq... Bizim üçün nə qədər gülməli görünsə də, Paşinyan erməni toplumu üçün bir natiq kimi də daha zirək görsənir və ermənilərə hansısa işıq yolunu göstərir. Yəni deyir ki, Rusiyadan uzaqlaşıb Qərbə yönələk, bizə kömək edərlər, regionda dinc münasibətlər yaradarıq və s. Bu baxımdan onun davranışı ermənilər üçün daha məntiqlidir. Hər halda Ermənistan cəmiyyətinə layiq olan fiqur odur. Bir sözlə, hesab edirəm ki, regionun və dünyanın ciddi oyunçularının real mövqeyi elə Paşinyanın hakimiyyətdə qalmasına gətirib çıxaracaq...
- Baş Qərargah rəisi Onik Qasparyanın oyunu haradan idarə olunur? Bunun sonu nə ilə bitəcək?
- Birincisi, nəzərə almaq lazımdır ki, Qasparyanı o vəzifəyə təyin edən elə Paşinyan özüdür. İkincisi, hesab edirəm ki, yüksəkrütbəli hərbçilər arasında yaranmış bu qarşıdurma Paşinyanın hakimiyyətdən uzaqlaşmasına səbəb olmayacaq. Onsuz da Azərbaycanın “dəmir yumruğu”ndan əzilmiş işğalçı erməni ordusunu tamamilə dağıdacaq, onun sonuna çıxacaq. Odur ki, bu baxımdan da Ermənistanın revanş göstərmək, yəni Azərbaycan ərazilərini yenidən işğal etmək cəhdi söhbəti daha uzaqlara gedir. Bütün bunların nəticəsində Ermənistanın Rusiyadan uzaqlaşma prosesi daha da güclənəcək. Belə görünür ki, Rusiya da buna hazırdır. Yəni Kreml Ermənistanın Qərbə yönəlmə prosesinin qarşısını almaq üçün hansısa hərəkətlər etsə də, etməsə də, ermənilərin tam könlünü almaqdan ötrü hazırda onun elə bir potensialı yoxdur... Ona görə də Türkiyə ilə birliyimizi də nəzərə alsaq, Ermənistan Azərbaycanla müqayisədə Rusiya üçün normal partnyor kimi bizimlə rəqabət edə bilməz. Odur ki, elə Moskva da Ermənistana yox, bizə stavka edəcək...
- O da var ki, Rusiya Ermənistandakı hərbi mövqelərini də gücləndirməyə çalışır...
- Hesab edirəm ki, Rusiyanın istər hazırda Ermənistanda mövcud olan 102-ci bazası, istərsə də sonra yaradılacaq bazası onun üçün aparıcı rol oynaya bilməz. Bəzən deyirlər ki, guya Moskva Qarabağda da hərbi baza yaratmağa çalışır. Bu da həm beynəlxalq hüquq baxımından, həm də Rusiyanın maraqları, eyni zamanda Azərbaycan ərazisindəki rus hərbi kontingentinin formatı, silahlanması və texnikası baxımından da məntiqsiz bir baxışdır...
Digər tərəfdən, indiki dövrdə müasir silahların müəyyən bir coğrafi nöqtədə yerləşdirilməsi o qədər də vacub deyil. Məsələn, hamının yadındadır ki, Rusiya Xəzər dənizindəki gəmilərindən “Kalibr” raketləri ilə heç bir problemsiz Suriyadakı hədəfləri vurdu. Bu baxımdan yüz milyonlarla xərc çəkib Ermənistanın və ya Azərbaycanın dağlarında hərbi bazalar yaratmaq heç də sərfəli deyil. Və uzaqvuran artilleriya, raket qoşunları, aviasiya, dronlar olan yerdə silahlı əsgərlərə də o qədər ehtiyac yoxdur...
- Söhbət ondan gedir ki, son Qarabağ savaşından sonra Rusiya sanki Ermənistanın bütün sərhədlərinə, yəni Azərbaycanın yerdə qalan və Gürcüstanla da sərhədlərinə öz qoşunlarını yerləşdirməyə çalışır... Son günlər Qazax, Tovuz rayonlarımızla həmsərhəd Tavuş vilayətində də rus hərbçilər görünməyə başlayıb...
- Bəli, belə məlumatlar var. Hesab edirəm ki, bu, Azərbaycanın sərhədlərinin bərpası prosesi ilə, o cümlədən Qazaxın 7 kəndinin qaytarılması məsələlərinin tənzimlənməsi ilə bağlıdır... İkincisi də Ermənistan ordusundakı hərbi böhranın tamamlanması üçün Rusiya ordusu orada lazımdır. Belə baxanda bizim üçün əsas olan sərhədlərimizin bərpasıdır. Ermənistanda Rusiya və ya Ermənistanın öz ordusunun olmasının bizim üçün prinsipial əhəmiyyəti yoxdur...
- Tofiq bəy, tutaq ki, Ermənistanda hazırda hakimiyyətə gəlməkdən ötrü canfəşanlıq edən bütün aparıcı siyasi fiqurlar, eləcə də Qarabağdakılar mitinq, çıxış və digər populist təbliğatlarını dayandırdılar. Yəni Azərbaycan və Türkiyə əleyhinə türkəfob, revanşist çıxışlar durduruldu. Bir sözlə, deyək ki, erməni toplumu öz ixtiyarına buraxıldı. Sizcə, belə halda Ermənistan cəmiyyəti hansı mövqe tutar?
- Hesab edirəm ki, erməni toplumunun birinci istəyi ondan ibarətdir ki, sərhədlər açılsın və ölkədəki iqtisadi durum düzəlsin. Digər tərəfdən, sosioloqlar belə bir nəticəyə gəliblər ki, bu ilin sonundakı ən azı, 200 min insan Ermənistanı tərk edəcək. İkincisi də görünən odur ki, artıq 10 Noyabr üçtərəfli bəyannaməsindən sonra qəsbkar ölkədə emosiyalar səngiyib. Və indi Ermənistanın yoxsul təbəqəsi əsasən onları məşğul edən məsələlərlə məşğul olacaq... O da bəllidir ki, 30 il ərzində çökdürülmüş “miatsum”, yəni Qarabağın birləşdirilməsi layihəsini yenidən bərpa edilməsinin də tərəfdarı çox olmayacaq. Səs-küy edənlər, populist çıxışlar edənlər olacaq. İnsanlar isə artıq buna inanmayacq. Gözlərinin qarşısında 33 ilin bu hay-küyü 44 gün ərzində heç nə oldu...
- Tofiq bəy, bütün bu dediklərimizdən belə çıxır ki, son vaxtlar barəsində şayiələr yayılan Qarabağda genişmiqyaslı əməliyyatların bərpası ehtimalı da çox azdır?.
- Qarabağ və ya Ermənistanla sərhədin bu və ya digər hissəsində təxribatları istisna etmək olmaz. Azərbaycan tərəfi həmin təxribatlarla bağlı öz ərazisi çərçivəsində lokal anti-terrror əməliyyatları apara bilər, amma genişmiqyaslı əməliyyatlar istisna olunur. Həm də ona görə ki, öncə dediyim kimi, Ermənistanın bunun üçün heç bir imkanı yoxdur...