Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada bir araya gəldilər. Düzdür, Azərbaycan və Ermənistan rəhbərləri arasında dəfələrlə görüş olub, amma heç bir indiki qədər strateji əhəmiyyətli keçməyib. Bu görüş iki yüz ildir Qafqazı müstəmləkəsi kimi görən Rusiyanın Ukrayna ilə müharibədə hər mənada çökdüyü, yanacaq sıxıntısı qarşısında qalan Avropanın Azərbaycan qazından asılı hala düşdüyü və nəhayət, Türkiyənin qlobal əhəmiyyətli dövlətə çevrildiyi bir vaxtda təsadüf edir. Xüsusilə, görüşün Praqanın timsalında Avropa İttifaqı ərazisində, Şarl Mişel və ya Emmanuel Makron kimi siyasətçilərin müşayiəti ilə keçməsi Rusiyanın Qafqazdan sıxışdırılması anlamına da gəlir. Amma necə, bu asan olacaqmı, fəsadlar verə bilərmi, ümumiyyətlə, irəlidəki proseslər Ermənistana və Azərbaycana nə vəd edir, Qafqaza sabitlik gətirə biləcəkmi?
Bu və digər suallara cavab verən dünya şöhrətli Misir yazıçısı, siyasi şərhçi Sabir Məşhur maraqlı fikirlər səsləndirdi. Gəlin müsahibəyə birlikdə nəzər salaq:
- Nikol Paşinyan görüşdən dərhal sonra Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu və Ermənistan bu ərazilərlə heç bir bağının qalmadığını açıqlayaraq, yarırəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Türkiyə və Azərbaycan tərəfindən basqı altındaydı. Bu səbəbdən də özünü kiçik dövlət görən Ermənistan öz ərazisində rus qoşunlarını saxlayırdı. Hesab edirdilər ki, ruslar olmasa, öz təbirlərincə desək, iki türk dövlətinin hücumu ilə üzləşə bilər. Məsələ isə bu deyil. SSRİ dağılandan bəri Ermənistanla Azərbaycan arasında hərbi münaqişə mövcud olub və ermənilər Qərbdəki hamiləri, xüsusilə də Rusiya tərəfindən çox ciddi dəstəklənib. Elə son müharibədə də Azərbaycan məhz həmin hamilərin təzyiqi altında bütün ərazilərini işğaldan qurtara bilmədi. Niyə, Rusiya, Fransa, ABŞ, İngiltərə və Avropa İttifaqı Ermənistanın müdafiəsinə qalxdı. Bu gün problemi həll etmək üçün əlverişli şərait yetişib. Ermənistanı dəstəkləyən dövlətlər Rusiya - Ukrayna savaşında yenildilər desək, yanılmarıq. Avropa İttifaqı isə qaz böhranı ilə əlaqədar imdad diləyir. Qarşı tərəf - Türkiyə gündən-günə güclənir və ən əsası, dövlətin başında dünya siyasətində böyük rol oynayan Ərdoğan kimi lider dayanır. Azərbaycana gəlincə, Ermənistanla müqayisədə qat-qat daha güclü orduya və iqtisadiyyata sahibdir.
- Praqa zirvəsində 44 ölkənin dövlət və hökumət başçıları xatirə şəkli çəkdirdilər. Tabloya baxmaqla Azərbaycan və Ermənistanın əldə etdiklərinə dair nəsə demək mümkündür?
- Protokola görə, dövlət başçıları qabaq cərgədə dayanır. Şəkildə prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun tən ortada dayandığını, Ermənistanın Baş naziri Paşinyanın isə hökumət başçısı olduğu üçün arxa cərgədə, amma məhz Ərdoğanın arxasında dayanması maraq doğurur. Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin və nazirlərinin masa ətrafında söhbətini əks etdirən başqa bir şəkildə isə masada kağız-qələmlə yanaşı gül də görürük. Gül ev sahibi olan Çexiya kəşfiyyatının danışıqları qeydə aldığını göstərir. Bu da prosesin Qərb, yəni Avropa və Amerika tərəfindən çox ciddi izlənildiyinə və Rusiyanın oyundankənar vəziyyətə salındığına diqqət çəkir. Paşinyan daha sonra Ermənistanın dövlət telekanalına verdiyi müsahibəsində Azərbaycan torpaqlarında gözlərinin olmadığını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirib. Bu arada, düşmən olmasına baxmayaraq, Paşinyan tarazlığı qoruyan siyasətçidir. Ermənistanda hələ də “Böyük Ermənistan” röyasını görənlər çoxdur. Paşinyan parlamentdə çıxışı zamanı bir ifadə işlədib: “Rusiya, Avropa Birliyi və ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazır deyillər!”. Bu ifadə çox dərin məna daşıyır. Paşinyan açıq-aşkar demək istəyir ki, illərdir uzanan və minlərlə insanı canından edən Qarabağ münaqişəsini yaradan Ermənistan yox, məhz Rusiya, Avropa və ABŞ-dır.
- Elə isə dünya birliyi Qarabağı nə vaxt qeyd-şərtsiz Azərbaycan torpaqları kimi görəcək?
- Dediyim kimi, ABŞ, Rusiya, Fransa və Avropa bu prosesdən kənarlaşdıqları zaman.
- Amma son axtlar, xüsusilə 44 günlük ətən müharibəsndən sonra Azərbaycanın mövqeyi ilə razılaşanların sayı daha çoxdur. Elə dediyiniz ölkələr də Bakının mövqeyinə yaxın fikir bildirirlər...
- Bu gün Rusiya öz canı ilə əlləşir. Avropa da müharibənin vurduğu iqtisadi-enerji ziyanların altında qalıb. ABŞ-ın başı Rusiyaya, o tərəfdə də Çinə qarışıb. Yəni problemi aradan qaldırmaq üçün çox yaxşı şərait yaranıb. Prezident İlham Əliyev də deyir ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları olduqları üçün bütün məsələləri Azərbaycana aiddir. Əgər Ermənistana aid olsaydı, o zaman köçüb-gedərdilər. Yox əgər, Qarabağda yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşı olmağa məcburdurlar. Düz də deyir!
- Ümumiyyətlə, Qarabağ məsələsində anti-Azərbaycan mövqeyi sərgiləyənlərin hamısı xristian ölkələridir. Müsəlman olduğumuz üçün bizə cəbhə açıblar?
- Başqa necə ola bilərdi ki, əlbəttə. Ermənilər xristiandır və din çox böyük təsir gücünə malikdir. Elə Qərbi onların arxasında dayanmağa məcbur edən amil də məhz dindir. Məsələn, bizim Misirdə hər bir seçkidə xristianlar birmənalı şəkildə avropapərəst namizədə səs verirlər. Dünyanın hər yerində belədir... Ermənistan da İsrail kimi İslam dünyası içində tampon ölkədir və türk dünyasını bölüb-parçalamaq üçün yaradılıb. Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq üçün indiki Zəngəzur adlanan ərazini hədəf seçən Rusiya vaxtilə Azərbaycanı ikiyə bölməklə bu ssenarini həyata keçirib. Bu gün Azərbaycan həmin əraziləri geri qaytarmağa çalışsa, üçüncü dünya savaşı başlayar, Rusiya, ABŞ və Avropa öz aralarındakı problemləri bir kənara qoyaraq Ermənistanın cəbhəsində yer alarlar. İsrail Suriya ilə Misiri və Liviyanı bir-birindən ayıran, İran isə Pakistanla İraqı, Suriyanı və sair ölkələrin timsalında İslam dünyasını parçalayan tampon dövlət olduğu kimi, Ermənistan da eyni vəzifəni yerinə yetirir.
- Sizcə Qərb Ermənistandan qat-qat güclü olan Azərbaycan-Türkiyə birliyinə qarşı çıxmağa həvəs göstərəcək?
- Niyə də yox, hər şey mümkündür. Ermənistan ordusunun gücünü təbii ki, Azərbaycan və Türkiyə orduları ilə müqayisə etmək ağılsızlıqdır. Amma gücləri zəiflə deyil, onun arxasındakı qüvvələrlə müqayisə etmək lazımdır. Bir misal çəkim: bizdə çox vaxt müqayisə aparırlar ki, Misirin neçə tank var, yaxud İsraildə neçəsi var. Yaxud Türkiyənin silahı nə qədərdir, filan ölkəninki nə qədər. Eləcə də səkkizillik müharibə zamanı sürəkli olaraq analiz aparırdılar: İraqın silahı-texnikası bu qədərdir, İranınkı ondan da çoxdur və sair. Amma nə oldu, İraqı kim işğal etdi, İranmı, xeyr, ABŞ. Yəni əsl həqiqət odur ki, Azərbaycan, Türkiyə, Misir və sair ölkələr öz ordularını və təchizatlarını məhz ABŞ-la, Avropa Birliyi və ya Rusiya ilə müqayisə etməlidirlər, çünki işğal edən onlardır. Yaxud Əfqanıstanı misal çəkək. Bu ölkənin dənizə çıxışı yoxdur, Asiyanın ortasında, dağlıq və kasıb ölkədir. Amma əvvəl ruslar, sonra da amerikalılar hava ilə uçaraq gəldilər və oranı işğal etdilər. Qarabağ da vəziyyət eynidir. Əgər çox güclü ordun və silahın varsa ora sənindir, yoxsa yox. Əgər ordu ilə oranı geri qaytara biləcəksənsə ora əsnindir, başqa yolu yoxdur. “Qarabağ öz torpağımızdır” deməyiniz üçün daha da güclü olmağınız lazımdır. Bunun üçün isə böyüməniz, böyük ittifaq qurmağınız vacibdir. ABŞ, Kanada və İngiltərə Anqlo-Sakson ittifaqını yaradıblar. Bu ittifaqın ərazisi 20 milyon kvadratkilometr, əhalisinin sayı isə 450 milyon nəfərdir. Müqayisə üçün Azərbaycanın 10, Türkiyənin isə 85 milyon nəfər əhalisi var, yəni toplam 95 milyon nəfər. Ölkəniz daha böyük ittifaq qurmağa çalışmalıdır.
- Axı bizim kimsəylə işimiz yoxdur, dinindən asılı olmayaraq heç bir dövlətlə düşmənçilik etmirik. Sizcə müttəfiq toplamağa başlasaq ermənilər və havadarları da eyni addımı atmazmı? Biz düşmənçiliyi alovlandırmaq yox, əksinə səngitmək istəyirik...
- Heç kim müharibə arzulamır, amma təəssüf ki, reallıq belədir. Müharibədə yeniləcəksənsə ölkənin ərazisi mütləq kiçiləcək. Fikir erin, yenilən ölkələrin hamısı kiçikdir, hətta Avropanın özü II Dünya müharibəsindən sonra xırda subyektlərə parçalanıb, İngiltərə də parçalanaraq kiçilib, amma ABŞ, Kanada, Rusiya, Çin və sair hər hansı müharibədə yenilməyib deyə bölünməyiblər. Bu gün dünya dövlətləri meşədə yaşyan heyvanları xatırladır. Gərək güclü olasan ki, sənə toxunmasınlar. Bu dəyişməz qanundur. Odur ki, güclü olmaq və bunun üçün də güclü ittifaq qurmaq vacibdir. Fikir verin: Rusiya Ermənistanla müttəfiqdir. Dar ayaqda Nensi Pelosi okeanın o tayından uçub İrəvana gəldi və dəstək nümayiş etdirdi, Avropa da eynən. Deməli, bu üç qütb erməni məsələsində bir ola bilirlər. Ona görə də Rusiya ilə Avropa və Amerika arasında toqquşmaların olması Türkiyə - Azərbaycan birliyinə sərfəlidir. Üstəlik, bu gün Azərbaycan çətin durumda qalan Avropaya təbii qaz və neft verir deyə səslərini çıxara bilmirlər. Türkiyə isə Azərbaycandan, hətta digər şərq ölkələrindən Avropaya və dünya bazarına çıxarılan yanacaq üçün tranzit rolunu oynayır. Bu səbəblər Avropanı bir az asılı hala salır.
- Praqada keçirilmiş görüşdən sonra Türkiyə Prezidenti Ermənistanın çox kiçik, Türkiyənin hansısa bir əyaləti boyda ölkə olduğunu deyib. Sonra da qeyd edib ki, sərhədləri qapalı olduğundan ağır vəziyyətdə qalaraq boğulan Ermənistanın nəfəs alması üçün sərhədləri açmağa hazırdırlar...
- Düz deyir, ermənilər əvvəllər Moskvanın yardımları ilə dolanırdılar. Amma Ukraynaya hücumdan sonra Rusiya iqtisadiyyatı çökdüyü üçün əli hər yerdən üzülən Ermənistan boğulur və nəfəs alması üçün yeganə yol Türkiyədir. Özü də tək Ermənistan üçün yox, elə Avropa üçün də.
- Yeri gəlmişkən, Ərdoğan Fransa prezidentini Türk Birliyinə dəvət edib...
- Ərdoğanın Makrona münasibətində bir neçə məqam diqqəti çəkir. Əvvəla, o, Fransa prezidenti ilə görüşərkən əlini onun çiyninə qoydu. Bu o deməkdir ki, Ərdoğan Makronu aşağıladı, onu balaca uşaq kimi görür və sair. Daha sonra sizin də qeyd etdiyiniz kimi, Makrona dedi ki, Fransanı Türk Birliyinə dəvət edir. Bu sözün çox böyük mənası var. Ərdoğan çox gözəl başa düşür ki, Fransa yanacaq böhranında əziyyət çəkir. Bu yandan da Rusiya onu Əlcəzairdən, Malidən və digər Sahel ölkələrindən qovur. Türkiyə əsasən Rusiya ilə ticarətə üstünlük verdi, amma Rusiya iqtisadiyyatı da çökür. Buna baxmayaraq Ərdoğan çox ustalıqla oynayır, Türkiyəyə embarqolarla təzyiq edən ABŞ-ı Rusiya ilə qarşı-qarşıya qoyub və bundan maksimum faydalanmağa çalışır. Məhz Ərdoğanın timsalında ABŞ-ın qarşısında yeganə söz dinləməyən, kimlərinsə diqtəsinə boyun əyməyən ölkə Türkiyədir. Bütün ABŞ və Avropa Rusiya ilə münasibətləri pisləşdirəndə, hava yolları uçuşları dayandıranda Türkiyə əksinə, əlaqələri genişləndirdi. Təsəvvür edin, Türkiyə də Qərbin sırasında emborqalara qoşulsaydı nə olardı - Türkiyə iqtisadiyyatı çoxdan çökərdi. Ərdoğan bu gün daha bir oyun oynamaqdadır. Ərdoğan Makrona deyir ki, əvvəla, Türkiyə ilə əlaqələri genişləndir. Türkiyə 85 milyonluq ölkə, böyük bazardır. Deyir ki, Azərbaycanla, Ermənistan və Gürcüstanla əlaqələrini genişləndir, Orta Asiyadakı türk dövlətləri ilə əməkdaşlığın səviyyəsini artır. Yəni Ərdoğan Afrika və Rusiyadakı bazarlarını itirən Fransaya Anadoludan Çin səddinədək uzanan böyük türk coğrafiyasında mövcud olan etibarlı bazar təklif edir. Üstəlik, Türk Birliyində Macarıstan da var, hansı ki, bir çox məsələdə üzv olduğu Avropa Birliyi ilə problem yaşayır. Yəni Ərdoğan Fransanı Qərb ittifaqlarından çıxarıb öz tərəfinə çəkməyə çalışır ki, bu da ABŞ-la münasibətləri tarazlaşdırmada böyük rol oynayardı. Amma Makronun siyasi idealogiyası müsəlmanlara nifrət üzərində qurulub. O, müsəlmanlara, o cümlədən Türkiyə və Azərbaycana nifrət edir. Odur ki, iqtisadi maraqları nəzərə alaraq əlaqə yaratsa belə, idealogiyası bu əlaqələrə mütləq ziyan vuracaq. O vaxt isə o, öz ayağına güllə sıxacaq...