Ermənistan hərbi təxribatlarla vaxt qazanmaq istəyir - Politoloq

11:42 16.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarından əl çəkmir, atəşkəsi pozur və paralel  olaraq Rusiya sülhməramlılarının dəstəyindən yararlanaraq məhv olmuş ordusunu gücləndirmək istəyir.

Hər halda erməni rəsmilərinin torpaq iddiası kontekstində çıxışları Ermənistanın öz məkrindən əl çəkmədiyini, müharibəyə hazırlaşdığını ortaya qoyur. Bir çox ekspertlər regionda erməni faşistlərinin davranışları kontekstində yeni müharibənin olması ehtimalını önə çəkir.  Bu gün Türkiyənin regionda olduğu bir vaxtda Ermənistanda həyata keçirilən hərbi təlimlər nəyi diqtə edir?

Politoloq Natiq Miri hafta.az-a bildirib ki, müharibə yalnız lokal şəkildə baş verə bilər. O, hesab edir ki, böyük anlamda müharibənin baş verməsi mümkün deyil. Ona görə ki, Ermənistan müharibə istəmir. Ermənistan Rusiyanın və rusun Qərbdə olan digər havadarlarının təhriki ilə bu cür hərbi təxribatlarla vaxt qazanmaq istəyir.

“Ermənistan Qarabağ, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi və kommunikasiyaların açılması məsələsində 4-cü-5-ci tərəflərin iştirakını təmin etmək istəyir. Ona görə də bu hərbi təxribatlar baş verir. Müharibə etmək Ermənistanın istəyi deyil, çünki ordusu olmayan ölkə müharibə edə bilməz.  Müharibə etmək üçün böyük orduya, təchizata, bütün ordu strukturlarına ehtiyac var.  Bu gün Ermənistanın belə bir ordu strukturu və onların arasında ciddi koordinasiya yoxdur.   Ermənistanın orduya cəlb olunacaq canlı qüvvəsi mövcud deyil.  Ermənistanın Azərbaycanla müharibəyə başlaması ciddi qəbul oluna bilməz”.

Politoloq bu prosesdə Rusiyanın davranışlarının bir-birinə zidd olduğunu önə çəkib.  Onun fikrincə, Rusiya xarici 3-4-cü tərəflərin prosesə müdaxilə olmasını istəmir.  Digər tərəfdən, Ermənistanın bu cür addımları, ATƏT-in Minsk Qrupunun prosesə müdaxiləsi, Qarabağın status məsələsinin müzakirə obyekti olması, sərhədlərin müəyyənləşməsi prosesinə xarici qüvvələrin  müdaxilə etməsi Azərbaycana təzyiq mexanizmi yaradır ki, Rusiya bununla özünün geosiyasi maraqlarını təmin etmək istəyir.

“Rusiya istəyir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin üzvü olsun, ancaq bu mümkün deyil. Azərbaycan bunu istəmir və bundan ötrü birinci növbədə Qoşulmama Hərəkatından çıxmalıdır. Əgər Rusiya özü regionda qalmaq istəyirsə, mütləq mənada Azərbaycana qarşı ədalətli davranmalıdır. Bu halda Azərbaycan-Rusiya-TÜrkiyə üçlük formatı yarana bilər ki,  bu da Rusiyanın geosiyasi maraqlarına xidmət edən vəziyyət yaradır".

Politoloq bildirir ki, indiki vəziyyət prosesləri başqa istiqamətə aparır. Türkiyə regionda qlobal səviyyədə söz sahibinə çevrilir. Türkiyə təkcə Suriya və Liviyada deyil, həm də  Aralıq dənizində söz sahibi olmaqdan ötə  Əfqanıstanda da varlığını sürdürür. 

“Türkiyə Mərkəzi və Cənubi Asiyada güclü bir oyunçuya çevrilir. Bu da o deməkdir ki, gələcəkdə Azərbaycan-Ermənistan arasında bütün kommunikasiyalar, Zəngəzur dəhlizi açılandan sonra Türkiyənin Orta Asiyada, xüsusilə türk cümhuriyyətlərində mövqeləri güclənəcək. Bu gün məzlumların yanında olan qalib Türkiyəni görürük”.

Oxunma sayı 21
Siyasət rubrikasından digər xəbərlər