Ermənistan niyə silahlandırılır - "AZƏRBAYCANIN BÜDRƏMƏSİNİ GÖZLƏYƏCƏYİK" 

13:12 27.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Son günlərdə Rusiyanın Ermənistanı yenidən silahlandırması ilə bağlı proseslərə start verilib. Hətta Rusiyanın Müdafiə naziri Sergey Şoyqu erməni həmkarı ilə görüşündən sonra ona simvolik olaraq xəncər bağışladı və dedi - "Artıq Ermənistanın silahlandırılmasına başlanıldı".

Çox keçmədən Moskvada təşkil olunan beynəlxalq silah sərgisi çərçivəsində iki ölkə arasında silahların alışına dair yeni saziş də imzalandı. Müharibədən sonra iqtisadiyyatı tamamilə iflic vəziyyətinə düşmüş Ermənistanın bu silahların pulunu necə ödəcəyinə dair müzakirələr başlamamış Kremldən yeni açıqlama gəldi. Moskva bu məqsədlə İrəvana 100 milyon dollarlıq yeni kredit xətti açdı.

Təbii ki, müharibənin ili tamamlanmamış, sülh sazişi imzalanmamış, sərhədlər müəyyənləşməmiş məğlub etdiyimiz düşmənin yenidən təcili olaraq silahlahdırılması bir çox suallar doğurur. Rusiyanın məqsədi nədir? İrəvanın dağılmış ordusunun qısa zamanda bərpası hansı maraqlara xidmət edir?

Bu sualları Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev də  "CCN Türk" kanalına müsahibəsində açıq şəkildə Moskvaya ünvanladı. Ali Baş Komandan əslində bu prosesin son nəticəsini də göstərdi. Bakıda 30 il ərzində Ermənistana pulsuz şəkildə verilən hərbi texnikanın son durumunun əks olunduğu Hərbi Qənimətlər Parkı. 

Əslində isə, Moskvanın 200 ildən artıq müddətdə Cənubi Qafqazda özünün maraqlarını reallaşdırmaq üçün erməni kartından istifadə etdiyi heç kimə sirr deyil. Özünün vassalının bəzən ağasına qarşı baş qaldırmaq cədləri olanda isə cəzalandırılmasına yaşıl işıq yandırsa da, onun başının sona qədər əzilməsinə heç vaxt imkan yaratmayıb.

Bu siyasətin davamını 44 günlük müharibə zamanı da gördük. Şuşanın alınması ilə Ermənistan ordusunun çox qısa zamanda darmadağın ediləcəyini anlayan Moskva təcili şəkildə İrəvanı kapitulyasiya aktını imzalamağa məcbur etdi ki, sonradan bu dağıntıları ən azından görüntü xatirinə də olsa toparlamaq imkanı qalsın. Hazırda bu prosesə şahidlik edirik.    

30 il ərzində milyardlarda dollarlıq silahları 44 gün ərzində itirən bir orduyu indi simvolik bir rəqəm olan 100 milyon dollarlın kredit ayrılır. Əslində isə bu kiçik rəqəm müqabilində İrəvana bəlkə də yenidən milyardlarla dollarlıq pulsuz silahlar hədiyyə ediləcək. Əslində Kremlin Ermənistanı dirçəltmək cəhdlərinin Ankaraya qarşı da bir güc qazanmaq istəyindən irəli gəldiyini söyləyə bilərik.

Artıq Kremlin məlum siyasətinin hansı nəticələr doğura biləcəyinin ilkin işartılarını İrəvandakı qisasçı türk düşməni olan "siyasətçilərin" bəyanatlarında görməyə başlamışıq. 

Erməni siyasi analitik Mqer Akopyan erməni mətbuatına açıqlamasında bildirib ki, Krım məsələsi ilə bağlı Türkiyənin yanaşması Rusiyanın Ermənistanda maraqlarını gücləndirməsinə səbəb olub:

"Ermənistan müdafiə nazirinin Rusiyaya ardıcıl səfərləri və onun rusiyalı həmkarının erməni ordusunun silahlandırıması, modernləşdirilməsi ilə bağlı bəyanatlarını eşitmək çox xoşdur. Ümid edək ki, maraqlarımız hər zaman Rusiya ilə üst-üstə düşəcək və biz Rusiyadan bu silahları alaraq tədricən güclənəcəyik. Daha sonra isə, aldığımız silahlarla Azərbaycan büdrəyən kimi bu məqamdan istifadə edəcəyik". 

Göründüyü kimi, Rusiyanın Ermənistanı yenidən silahlandırması strategiyasının arxasında dayanan gözləntiləri erməni politoloqları sevinc hissi ilə açıq şəkildə bəyan edirlər.

Lakin 44 günlük müharibənin erməni mifinin tamamilə darmadağın etməsi reallığını İrəvanda ağılı və məntiqi olan siyasətçilərin anladığına inanmaq istərdik. Çünki, "Dəmir yumruq" hər zaman yerindədir və 2020-ci ilin qalibi olan Azərbaycan dövləti və xalqı 1990-cı illərdə ermənilərin qapıldığı "qələbə eyforiyası" xəstəliyinə tutulmayıb. Əksinə, hazırda qarşımızda duran ən başlıca vəzifə olan əldə edilmiş qələbənin nəticələrinin möhkəmləndirilməsi, düşmənin və onun havadarlarının mənfur planlarının puça çıxarılması istiqamətində səssiz və ağıllı siyasətimizi davam etdiririk. İstər regional, istərsə də beynəlxalq səviyyədə mövqelərimiz gücləndirilir, ordumuzun peşəkarlığının daha da artırılması, modernləşdirilməsi ilə bağlı zəruri addımlar atılır. Ermənilərin arzusunda olduğu "Azərbaycan nə zamansa büdrəyəcək" xülyaları isə elə xülya olaraq qalacaq.