Qarabağdan köçmüş ermənilərin geri qaytarılması imkanlarına realist yanaşmaq və İrəvanla Bakı arasında sülh şəraiti yaradılan zaman məsələni həll etmək lazımdır.
Hafta.az xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan bunu “Armenpress ” və “Şant” televiziyasına müsahibəsində deyib .
Ermənistan prezidentinin sözlərinə görə, ermənilərinin geri qayıtma ehtimalı daha uzunmüddətli problemdir.
“Hesab edirəm ki, biz Azərbaycanla həqiqətən sülh şəraitində münasibətlər qurarkən bu məsələnin həlli ilə məşğul olmalıyıq. Biz realist olmalıyıq və bu, hazırda içində olduğumuz vəziyyəti həqiqətən qiymətləndirmək deməkdir. Yəni, bu gün həmin qayıdış realdır, ya yox? Axı, bir çox fərqli amillər də var; təhlükəsizlik, Qarabağ ermənilərinin qarşısına müəyyən şərtlər qoyulacaq”, - deyə V.Xaçaturyan qeyd edib.
Prezidentin sözlərinə görə, hazırda hər hansı məsələnin həllinə mane olan problem budur. Prezidentin sözlərinə görə, hətta sülh sazişindən və ya sülhün bərqərar olmasından danışanda belə başa düşmək lazımdır ki, tərəflərin bəyanatları və ya reaksiyaları baxımından müxtəlif situasiyalar ola bilər, lakin bu, o demək deyil ki, həmin istiqamətdə iş getməməli və dayandırılmalıdır.
“Əksinə, çalışmaq, qarşı tərəfin bizim ifadə etdiyimiz fikirlərlə razılaşmamasına hazır olmaq lazımdır. Danışıqların məqsədi fikir ayrılıqlarını mümkün qədər aradan qaldırmaq və minimuma endirmək və nəhayət, ikitərəfli və ya çoxtərəfli razılaşmaya malik olan belə bir sənədi masaya qoymaqdır”, - deyə Ermənistan prezidenti vurğulayıb və əlavə edib ki, Ermənistan hazırda belə danışıqlar aparır.