Ermənistan yeni müharibəni yaxınlaşdırır - Müzakirə

18:34 18.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın hələ də erməni işğalı altında qalan eksklav və anklav kəndlərinin geri qaytarılması məsələsi ilə bağlı ritorikalar getdikcə kəskinləşir. Ermənistan daxilində bu məsələ hazırda siyasi proseslərə əsas yön verən vasitəyə çevrilib. Baş nazir Nikol Paşinyan ilk mərhələdə dörd kəndin geri qaytarılmasının zəruriliyi ilə bağlı iddialı bəyanatları revanşistləri hərəkətə keçirib.

Son günlər Paşinyan və komandasının kəndlərin qaytarılması ilə bağlı ziddiyyətli bəyanatları Avropa İttifaqı, ABŞ rəsmiləri ilə Brüsseldə keçirdikləri görüşdən sonra daha da artıb. “Bu, Azərbaycan əraziləridir, qaytarılmalıdır”, – deyən Paşinyan Brüssel görüşündən sonra kəndlərin qaytarılması ilə baglı konkret vaxtın olmadığını bildirib. Bunun müqabilində isə sərhəddə gərginlik getdikcə artır.

Millət vəkili Hikmət Məmmədov regionda baş qaldıran gərginliyin Fransanın rəhbərlik etdiyi Qərb koalisiyasının Azərbaycanın beynəlxalq münasibətlər sistemində təklənməsinə yönəldiyini deyib. Deputat bunun nəticəsi olaraq Avropadan, Qərbdən ölkəmizə qarşı mənfi təzahürlərin ortaya çıxdığını bildirib:

“Bu gün Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlayır. Bu, hər şeydən öncə, Qərb demokratiyası adına utancdır, Qərbin təbliğ etdiyi dəyərlərlə ziddiyyət təşkil edir. Demokratik institutlar kimi yaradılan qurumları işğalçı dövlətə dəstək verirlər”.

H.Məmmədov ABŞ, Avropa İttifaqı, Ermənistanın Brüssel görüşündən qaynaqlanan müəyyən məqamlara diqqət çəkib. Bildirib ki, görüşdə müzakirə edilən məsələləri nəzərədən keçirəndə və mövcud yanaşmalara baxanda bunun təkcə iqtisadi məsələlərlə bağlı olmadığı üzə çıxır:

“Nəticə etibarilə bu, Ermənistanın gücləndirilməsinə xidmət edir. Burada Azərbaycanın hüquqlarının məhdudlaşdırılması məsələsi diqqəti cəlb edir:

“Bu, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış, bu gün də 8 kəndini işğal altında saxalayan Ermənistana siyasi, hərbi, strateji dəstək verməkdən ibarətdir. Azərbaycanın narahatlığı haqlıdır. Azərbaycan elə də zəif ölkə deyil, belə oyunlara boyun əysin:

“Azərbaycanın mövqeyi qətidir. Azərbaycan icazə verməyəcək ki, 30 ildən sonra qan tökərək əldə etdiyi mövqeləri əlindn alınsın. Belə bir risk yaranacaqsa, Azərbayan bir an belə tərəddüd etmədən layiqli cavabı verəcək.  Ermənistan və havadarları buna ciddi yanaşmalıdır”.

Bunu isə hafta.az-a siyasi şərhçi Əli Mustafa deyib: “Azərbaycanın işğalda qalan kəndlərindən dördünün geri qaytarılması ilə bağlı danışıqların dalana dirənməsi bölgədə yaranmış gərginliklə əlaqədardır. Gərginlik yalnız Azərbaycan-Ermənistan sərhədində deyil, həm də Ermənistanın daxilindədir”.

O hesab edir ki, Azərbaycan təmkinli davranmalı və ilk əlverişli şəraitdə həmin kəndləri geri qaytarmalıdır.

Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələr bu kəndlər üzərindən Paşinyana qarşı hücumlar, siyasi manevrlər edirlər. Böyük ehtimalla, Paşinyan özünü daxili hücumlardan qorumaq üçün gərginliyin səngiməsini gözləyir: “4 kəndin indi, yaxud bir aydan sonra geri verilməsi böyük problem yaratmasa da, ciddi münaqişə üçün səbəb ola bilər. Revanşist qüvvələr bu məsələnin üzərindən Paşinyanın üzərinə gedib onu devirmək istəyirlər. İndiki vəziyyətdə  Ermənistanda gərginliyin dərinləşməsini istəmirik. Bu, o demək deyil ki, biz haqlarımızdan geri çəkilirik, xeyr. Azərbaycan, nəinki 4 kəndi, bütövlükdə hazırda Ermənistanın işğalında qalan 8 kəndin hamısını geri alacaq. Ermənistanla aramızda olan problem təkcə kəndlər deyil. Ona görə də təmkinlə davranmalı və əlverişli şəraitdə kəndlərimizi geri almalıyıq. Ermənistan iqtidarı Azərbaycan ərazilərini tam şəkildə geri qaytarmalı olduğunu dərk etməlidir”.

Politoloq Rəşad Bayramov bildirir ki, Ermənistan hakimiyyəti bütün vasitələrlə Azərbaycanın 4 kəndini qaytarmaqdan imtina edir, sülh prosesini uzadır. Onun sözlərinə görə, vaxtilə kəndlərin qaytarılmasının vacibliyini bildirən Paşinyanın Brüssel görüşündən sonra 180 dərəcə dönməsi bölgədə gərginliyin saxlanılmasına yönəlib: “Parlamentdə müxalifətin tələbi ilə kəndlərin qaytarılıb-qaytarılmamasının müzakirəyə çıxarılması, referendumun keçirilməsi ilə bağlı erməni ictimaiyyətində fikirlərin yayılması və sair hallar deməyə əsas verir ki, Ermənistan hakimiyyəti prosesin maksimum uzadılmasında maraqldır. Brüsseldə istədiyinə nail olmayan Ermənistan hakimiyyəti vəziyyətin gərginləşdirilməsində və Azərbaycan-Ermənistan sərhəddində gərginliyin qalmasında maraqlıdır. Bununla da Avropadakı dostlarından əlavə dəstək almağa ümid edir”.

R.Bayramov bildirir ki, Ermənistan hakimiyyətinin hansı davranış sərgiləməsindən asıl olmayaraq həmin kəndlər beynəlxalq səviyyədə tanınan Azərbaycan əraziləridir:

“Ermənistan hakimiyyəti müxtəlif tribunalardan həmin kəndlərin Azərbaycan əraziləri olduğu barədə açıqlamalar verib. Bir ölkənin beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılmasının müzakirəyə çıxarılması özü belə qəbul olunan məsələ deyil. Ermənistan həmin kəndləri xoşluqla geri qaytarmadığı halda keçirəcəyimiz hər hansı əməliyyat beynəlxalq hüquqa uyğundur. Ona görə də Azərbaycanın öz ərazilərini azad etməsinin beynəlxlaq qınaq obyektinə gətirilməsi mümkünsüzdür. Ermənistan prosesi uzatmaqdansa Azərbaycanın ata biləcəyi addımları düşünməli və kəndlərin geri qaytarılmasını tezləşdirməlidir”.

“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Azərbaycanın işğal altında qalan səkkiz kəndindən dördünün ilkin olaraq geri qaytarılmasının vacibliyini önə çəkən Nikol Paşinyanın Brüssel görüşündən sonra fikirlərini dəyişməsi Avropdan aldığı qərəzli sifarişlə bağlıdır. Ermənistan bəzi Avropa, Qərb dövlətləri üçün gərginlik saçan poliqona çevrilir ki, bu da onun mövcudluğunu şübhə altına salır. Ermənistan Azərbaycanla oyun oynamaqdan əl çəkməli və üçtərəfli bəyanata əsasən götürdüyü öhdəlikləri yerinə yetirməli, ərazilərimizi azad etməlidir.

R.Hüseynov bildirir ki, Ermənistan dövlət rəsmilərinin, müxalifətinin ziddiyyətli, anlaşılmaz davranışları Azərbaycanın tarixi ərazilərində tapdanan haqlarını bütünlüklə bərpa etməsi, qoruması üçün beynəlxalq hüquqa söykənən növbəti şəraiti yetişdirir. Onun sözlərinə görə, əgər Paşinyan həmin kəndlərə səfər edərkən bu torpaqların Azərbaycan əraziləri olduğunu etiraf edib, o kəndlərin geri qaytarılmasının zəruriliyini bildiribsə, bunun əksinin hansı nəticələr doğura biləcəyini də çox gözəl anlayır. Paşinyan əgər bu gün Ermənistan hakimiyyəti həmin kəndlərin geri qaytarılması ilə bağlı hər hansı vaxtın qoyulmadığını iddia edib, revanşist dirənişlər sərgiləyirsə, deməli kimlərinsə sifarişini icra edir:

“Bu onu göstərir ki, Ermənistan kənar dövlətlər tərəfindən istiqamətləndirilir.  Məhz Brüssel görüşündən sonra Paşinyanın 4 kəndin qaytarılması  ilə bağlı konkret vaxtın verilmədiyini söyləməsi bu sifarişin gərginliyin yaradılmasına hesablandığını göstərir.  Ermənistanın bu cür buqələmun siyasəti  kənar müşahidləçi ölkələr, eləcə də region dövlətləri üçün gələcəyi olmayan bir ölkə imicini yaradır”.

R.Hüseynov bildirir ki, Ermənistan və onun baş naziri Azərbaycanın öz torpaqlarını azad etməsi üçün keçdiyi hərbi yolu yaxşı bilir və sülhdən imtina edəcəyi təqdirdə nə ilə üzləşə biləcəklərini də dərk edir.  Onun fikrincə, Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməyə çalışan bəzi Avropa və Qərb dövlətləri bundan istifadə edərək Paşinyanı istədiyi kimi idarə edirlər.

“Fransız” idarəçilər “Paşinyan sükanını” indi də regionda vəziyyətin alovlanmasına yönəldib. Bu qüvvələr Azərbaycanın onsuz da bu torpaqları geri alacağını dərk edə-edə vəziyyəti müharibəyə sürükləmək istəyirlər. Bu gün söhbət tək 4, yaxud 8 kənddən getmir. Azərbaycan öz ərazilərini tamamilə bərpa eləməlidir. Ermənilər prosesi uzatmaqla vaxt qazanmağa, silahlanmağa, revanşist addımlar atmağa çalışsalar da, heç nəyə nail ola bilməyəcəklər. Ermənistan 44 günlük müharibə, imzalanan üçtərəfli sənəd, Azərbaycana olan yalvarışlarını, sonrakı mərhələdə hər hərbi təxribatlarına qarşı verilən cavabla Azərbaycanın tərs şilləsini gördü. Əgər bu dəfə də belə təxribatçı addımlar atsalar, bu tərs şilləni yenə də görəcəklər. Azərbaycanın iradəsi, diplomatik, hərbi gücü bizə bunu həyata keçirməyə imkan verir. Beynəlxalq hüquq Azərbaycanın öz ərazilərini azad etməyə imkan verir. Eləcə də azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına qayıtma şansı çoxalır. Dövlətimiz, ölkənizin siyasi rəhbərliyi bu barədə düşünür və Ermənistanı davranışlarında dürüst olmağa dəvət edir. Əks halda, bütün olanların məsuliyyəti Ermənistan və onun havadarlarının üzərində qalacaq”.

Oxunma sayı 26