Ermənistan yeni təxribatlar üçün hazırlıq görür - Şair Ramaldanov

10:14 16.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın Azərbaycanla şərti sərhəddə apardığı əməliyyatlar eskalasiyaya gətirən prosesdir. Ona görə də Müdafiə Nazirliyi tərəfindən təxribatlara cavab verəcək tədbirlərlə bağlı tapşırıqlar verilib. Azərbaycanın hərbi hissələri istənilən təxribata cavab verməyə hazırdır, qadirdir”. Bunu hafta.az-a hərbi ekspert Şair Ramaldanov Ermənistanın yeni müharibəyə hazırlaşması və sərhəddə topladığı qoşun və hərbi texnikanın məqsədləri ilə bağlı bildirib.

Ş.Ramaldanov sülh müqaviləsi bağlanmayana qədər Ermənistanın hərbi təxribatlara davam edəcəyini istisna etməyib.
“Qazax rayonunda 13 kilometr sərhəd xəttini çıxmaq şərti ilə digər istiqamətlər üzrə sərhəd atributları, sərhəd rejimi yoxdur. Bu gün şərti sərhədlər “təmas xətti” kimi göstərilir. Üçtərəfli bəyannamənin nəticəsinə görə Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi elan olunub və tərəflər qarşılıqlı öhdəliklər götürüb. Azərbaycan ordusu 44 günlük zəfər və antiteror tədbiri ilə separatizmə son qoyub qanunsuz silahlıları ərazilərindən çıxarandan sonra ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ancaq 4 il keçməsinə baxmayaraq atəşkəs rejimi pozulur. Ermənistan təxribatlara əl atır və yeni təxribatlar törədəcəyinə dair hazırlıqlar aparır”.

Ekspert burada bir neçə pərdəarxası məqsədlərin olduğunu deyib.

“Ermənistanın daxilində olan revanşist qüvvələri xaricdən dəstəkləyən qüvvələr var. Eləcə də Paşinyanın “iki masa arxasında oturmaq” siyasəti, 3+3 formatından kənar ölkələrin regiona daxil olmasına şərait yaradır. Qərb, Avropa qüvvələri “Ermənistanın təhlükəsizliyi dalğası”nı yaradıb bölgəyə daxil olublar. Ermənistan KTMT-də Rusiyanın təhlükəsizlik təminatına bel bağlamır və üzünü qərbə, ABŞ-a tutub. Artıq Ermənistanın Qərb, Avropa tərəfindən silahlandırılması, maliyyə dəstəyinin verilməsi göz önündə baş verir. İndi isə Avropa müşahidə missiyası tərkibinə Kanada üzvüləri də daxil olub ki, bu missiya NATO-nu təmsil edir. Bu missiya heç kimlə razılaşdırılmayıb. ABŞ və digər ölkələrin Ermənistana gəlib orada hərbi təlimlər, kurslar keçməsi müşahidə olunmaqla yanaşı, Azərbaycanı müharibəyə hazırlaşan ölkə kimi göstərirlər. Artıq Ermənistan mətbuatında Azərbaycanın Ermənistana təhlükə yaratdığı, Zəngəzur dəhlizinin açılması ilə bağlı hücuma hazırlaşdığı tirajlanmaqla gərginlik yaradılır. Bütün bunlar hamısı bir ssenarinin elementləridir”.

Ş.Ramaldanov qeyd edib ki, 3+3 formatından xaric ölkələr Orta Dəhlizdə, Zəngəzurda öz maraqlarını, nəzarət mexanizmlərini yaratmaq istəyirlər. Beləliklə, məqsədlərdən biri Rusiyanı regiondan çıxarmaq, İran rejimini dəyişib özlərinə uyğun rejim qurmaqdır. Onun fikrincə, bütün bunlar gərginliyin yaradılması və “erməni təhlükəsizliyinin qorunması” çətiri altında baş verə bilər. Ermənistanın sərhədə yığdığı hərbi texnika, qoşun buna xidmət edir.

“COP 29 dövründə Azərbaycana qarşı təzyiqlər artır və gərginləşən münasibətlər fonunda hansısa təxribatların törədilməsi planlanır. Azərbaycanın ərazi bütövlüyünü sarsıdan təxribatların olacağını düşünmürəm. Lakin təxribatlardan sonra beynəlxalq təsisastların ermənilərin xeyrinə işləməyə başlayacağı, qətnamələr çıxaracaqları qaçılmazdır. Regionda maraqlı olan qüvvələr özlərini burada aktivləşdirmək üçün hüquqi baza yaratmaq istəyirlər”.

Ekspert bu ehtimalların yeni tarixdə baş verən iki əsas amillə təsdiq olunduğunu qeyd edib. O, bildirib ki, Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsi olsa da, 30 il ərzində həmin qərarların yerinə yetirilməsi üçün heç bir iş görülmədi. Digər faktor Rusiya-Ukrayna müharibəsində 50 dövlətdən ibarət koalisiyanın Ukraynanın ərazi bütövlüyü üçün yüz milyardlarla pul ayrması və Ukraynaya ədalət istəməsidir. Hərbi ekspert bununla Qərb, Avropanın ayrı-ayrı münaqişələrə, müharibələrə öz maraqları kontekstində yanaşdığını önə çəkib.

Onun sözlərinə görə, Azərbaycana qarşı ikilistandartlı yanaşma iki masada oturan Ermənistanın hər iki istiqamətə xidmət etməsi regionun təhlükə altına alır.