Ermənistana qarşı hüquqi prosedurları sürətləndirməliyik – Tahir Kərimli

11:24 22.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarla yanaşı, ekoloji terroru da davam etdirir. Bu istiqamətdə Naxçıvanla sərhəddə yeni metallurgiya zavodunun inşasının Araz çayı və o bölgəyə vura biləcəyi zərər ortadadır. Hətta sərhəddimizdə ABŞ bayrağı da dalğalandırmağa başlayıblar. Bütün bunların fonunda Ermənistana qarşı təzminat davası da davam edir. Bu istiqamətdə “Həftə içi”nə müsaibə verən Milli Məclisin deputatı Tahir Kərimli bir çox məsələlərə diqqət çəkib.

- Ermənistanın Naxçıvanla sərhəddə, Kərki istiqamətində ekologiyamızı ciddi təhdid edən ağır metallurgiya zavodu inşa etmək planlarını necı dəyərləndirirsiniz?

– Heç şübhəsiz ki, iqtisadi, investisiya maraqlarının arxasında mütləq siyasət dayanır. Əgər bu gün ABŞ şirkətləri Ermənistana investisiya yatırıb şərikli zavod tikirsə, bu o deməkdir ki, bu ölkə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Təbii ki, bizə düşmən münasibətində olan Ermənistana Qərbdən belə bir layihə təklifi və bu zavodun da məhz Zəngəzur yolu üzərində qurulması bizi narahat etməlidir.

Digər tərəfdən, Ermənistanın Araz çayını nəhrini və  digər su hövzələrini, torpaqlarımızı zəhərləməsi ekoloji cəhətdən çox ciddi fəlakət doğurur. Ən pisi odur ki, hələ də Ermənistanla delimitasiya, demorkasiya, sərhəd məsələlərinin tam təmin edilməsini  həll etməmişik. Belə bir vəziyyətdə hansısa xarici şirkətin gəlib Azərbaycanla sərhəd yaxınlığında belə bir müəssisə inşa etməsi, düşməni qüvvətləndirməsi xeyrimizə ola bilməz. O cümlədən hesab edirəm, bu məsələdə ABŞ-ın Azərbaycana qarşı saymazlığı, hörmətsizliyi var. Təbii ki, ABŞ bu layihədən çəkinməli idi və ona görə də Azərbaycanın diplomatik korpusları, eləcə də Xarici İşlər Nazirliyi, deputatlar bu barədə öz fikirlərini bildiriblər. Görünən odur ki, Fransa öz mülki və jandarm “missiyası”, Rusiya sülhməramlıları ilə regiondadırsa, ABŞ da zavodu ilə bölgəyə lövbər salmağı düşünür. Ümid edirəm,  Amerika şirkətləri bu istəklərindən geri çəkiləcəklər.

- Beynəlxalq təşkilatların Azərbaycana qarşı müşahidə olunan ikilistandartlı yanaşması fonunda ermənilərin sərhəd təxribatları artır. Belə bir şəraitdə Brüssel, Moskva, Vaşinqton danışıqlarından hansı effekti gözləmək olar?

- “Demokratiya” şüarı çoxlarının, xüsusilə Qərbin, Avropanın böyük dövlətlərinin əlində  dəyənəyə  çevrilib. Onların “demokratiya” anlayışı başqa dövlətlərə münasibtdə açıq görünür. Məsələn, Avropa İttifaqının Türkiyəyə münasibətinə baxaq: “Biz Türkiyəni Avropa İttifaqına qəbul etmərik”,  - deyirlər.  Türkiyə türk dövləti, müsəlmandır. Bu cür yanaşma Avropanın, Qərbin ana xəttidir, qalan məsələlər isə təfərrüatdır. Müxtəlif beynəlxalq təşkilatların bizə qarşı hansısa əks-sənəd qəbul etməsi və hər vəchlə Qarabağı özlərinin regiona təsir elementi kimi əllərində təsir kimi saxlamaq cəhdləri bununla bağlıdır.  Bu, erməni təəssübkeşliyi, İslamı qəbul etməmək, türklərin inkişafını həzm edə bilməmək və buna maneə olmaq istəklərindən irəli gəlir. Bu, Amerikada da var, Rusiyada da var, Avropada da var. Təkcə insanların hüquqlarının pozulması ilə bağlı irəli sürülən iddialar bəhanədir. İnsanların hüquqları bütün dünyada pozulur. Elə bir dövlət yoxdur ki, orada az, yaxud çox dərəcədə hüquqlar pozulmasın.  O zaman sual yaranır: nə əcəb həmin dövlətlərlə bağlı belə qətnamələr qəbul etmirlər? Az qala, Avropa İttifaqının qəbul etdiyi qərarların yarısı Türkiyə ilə Azərbaycana şamil edilib. Təbii ki, regiondakı maraqlarını bu təsirlər vasitəsilə həyata keçirməyə çalışırlar. Eyni zamanda qorxurlar. Azərbaycan özünün siyasətində sübut etdi ki, doğrudan da hamı ilə balansı qorumaqla müstəqil siyasət yeridir. Bu, dünya dövlətlərini özünün vassalına çevirmək istəyən güclərin xoşuna gəlmir. Digər tərəfdən, ABŞ və başqaları vaxtilə Türkiyənin özünə bir müstəmləkə kimi baxıblar. İndi Türkiyənin özünün önəminin artması, son seçkilərdə xalqın müstəqilliyinin qarantı olan Ərdoğana səs verməsi, eləcə də Azərbaycan-Türkiyə-Pakistan yaxınlığı və digər hallar bu qüvvələrdə narahatlıq doğurur. Onlar  öyrəniblər ki, Rusiya və digər dövlətlər onlarca türk xalqını əsarətdə, müstəmləkədə saxlayıb sərvətlərini sovursunlar. Siyasi, iqtisadi, elmi cəhətdən inkişafına maneə olsunlar. İndi bu dövlətlərin ayaqda dayanması, inkişaf yolunu tutmaları bu maraqlı gücləri narahat edir. Ona görə də Azərbaycan diplomatik danışıqlarda iştirakdan imtina etmədən, özünün maraqlarını, hədəflərini gerçəkləşdirmək üçün əlində olan bütün vasitələrdən istifadə edərək daha operativ, daha dinamik işlərlə öz həqiqətlərini dünyaya çatdırmalıdır. Həm də erməni vəhşiliyi, cinayətləri ilə bağlı faktları, sübutları beynəlxalq məhkəmələrə çıxarmalıdır.

– Azərbaycanın Ermənistanı məhkəmələrə cəlb edib, maddi, milli-mənəvi, ruhi dəyərlərimizə vurduğu zərərə görə təzminat tələb etməsi prosesi niyə gecikir?

- Biz 44 günlük müharibədən sonra bugünədək Ermənistanın Azərbaycana vurduğu zərərin ödənilməsi ilə bağlı məsələləri qaldırırıq.  Artıq komissiyalar dəymiş zərəri çoxdan hesablayıb. Əhalinin özünə dəyən maddi, mənəvi zərər, kənd, şəhərlərimizə vurulan ziyan – hamısı hesablanıb.  Maraqlıdır, bizim sovet qanununda gözlənilən gəlir tələb olunmurdu. Beynəlxalq hüquqda, hətta gözlənilən gəlir də nəzərə alınır. Yəni işğal dövründə nə qədər gəlirdən məhrum olduğumuz da hesablanıb. Mən Azərbaycanın müvafiq xarici siyasətlə məşğul olan hüquq-mühafizə orqanlarını bir qədər fəallaşmağa, bu istiqamətdə fəaliyyətlərini sürətləndirməyə çağırıram. Bu lənglik cəmiyyətdə də bir qədər narazılıq doğurur. Niyə biz təzminatın alınması, ermənilərə məhkəmələrin qurulması prosesində gecikirik? Niyə beynəlxalq instansiyalar prosesi gecikdirir?! Doğrudur, beynəlxalq instansiyalar həmişə məhkəmə baxışlarını gecikdirir. Prosesin sürətləndirilməsi ilə bağlı tələblər qoyulmalıdır. Açığı, Avropadan, Amerikadan bu məsələlərlə bağlı hər hansı bir nəticənin ortaya qoyulacağına da inanmıram. Ona görə də bu məsələlərlə bağlı xaricdən çox güclü vəkillər tutmaq lazımdır. Müsəlman olduğumuza görə bizə elə də əhəmiyyət vermirlər. Dünyada beynəlxalq təcrübəsi olan çoxlu hüquqşünas var. O hüquqşünaslar muzdla tutulmalı və bu işin araşdırılması, istintaqı başladılmalıdır.

- Azərbaycan torpaqlarının pozulmuş haqlarının müdafiəsi, bərpası istiqamətlərindən biri də Qərbi Azərbaycana qayıdışımızla bağlıdır. Bu yöndə görülən işləri, ictimai-siyasi fəallığı necə dəyərləndirmək olar?

- Elmi-tarixi nöqteyi-nəzərdən Qərbi Azərbaycanın toponimləri, hidronimlərini üzə çıxaran, o yerlərin qədim türk torpağı olduğunu sübut edən sanballı tarix, elmi kitablar, monoqrafiyalar var.  Qərbi Azərbaycan icması da bu istiqamətdə yaxşı konsepsiyalar irəli sürür. Eyni zamanda, BMT-yə bu barədə müraciətlər edərək, dialoq müstəvisi yarada biliblər. Bu istiqamətdə görülən işlərin sürəti çox aşağıdır. Bu gün Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, abidələrimizi, tariximizi məhv etməsi ilə bağlı əlimizdə böyük faktlar, sübutlar var. Ermənilər 3 milyondan aşağıdır. Yenə də böyük torpaqlara iddia edirlər. Deyək ki, Zəngəzurun bir çox yerində məskunlaşmaq çətin ola bilər. Meğri bizim dünənimizdir və əhalinin ora köçməsi üçün hazırdır. O zaman biz nəyə görə öz tarixi torpağımız olan Meğriyə köçməyək? On mindən artıq meğrili məcburən oradan köçüb. Bizim o yerlərə qayıtmağımıza maneə olan nədir?  Ona görə də diplomatik, hüquqi prosedurları sürətləndirməliyik. Bunun üçün əlimizdə maddi, hüquqi baza var. Xalqımızın, dövlətimizin, Prezidentimizin də iradəsi var. Vaxt var idi, cürət edib, “İrəvan”, “Zəngəzur” deyə bilmirdik. İndi ortaya qoyulan bu iradəni həyata keçirməliyik. Qarşıda dayanan müəyyən amillər var ki, onu gözləmək lazımdır, amma digər tərəfdən, ən azı, hüquqi prosedurların həyata keçirilməsini, beynəlxalq müstəvidə qaldırılmasını birmənalı olaraq təmin etməliyik.