“Əlbəttə, istər Ermənistanda, istərsə də Amerikada hakimiyyət dəyişərsə, başqa kursu təmsil edən şəxslər gələrsə, müəyyən problemlər yarana bilər. Lakin mən inanmıram ki, Azərbaycan-Ermənistan sülh prosesində ciddi bir problem yaransın. Həm də ona görə ki, Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, reallıqla hesablaşmalı olacaqdır. Ən yaxşı variant hal-hazırda Paşinyanın seçdiyi yoldur. Və Ermənistanda da bunu çox gözəl anlayırlar. Siyasi qüvvələr də, hakimiyyətə gəlmək istəyənlər də vəziyyətin ciddiliyini yaxşı başa düşürlər. Sadəcə bu gün hakimiyyətə gəlmək üçün müəyyən revansist şüarlar irəli sürürlər. Amma hakimiyyətə gəldikdən sonra reallıq onları Azərbaycanın tələb və prinsiplərini qəbul etməyə məcbur edəcək və imzalanmış sənədlərə əməl etmələri lazım olacaq. Bu məqamda Azərbaycanın faktoru önəmli rol oynayır”.
Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri Hafta.az əməkdaşının “Ermənistanda gələn ilki seçkilərdə rusiyapərəst, revanşist qüvvələr qalib gələrsə, Azərbaycanla Sülh Sazişinin taleyi necə olacaq? Revanşistlər Trampın sözünü eşidəcəklərmi?” sualını cavablandırarkən dilə gətirib.
“Azərbaycan heç vaxt razı olmayacaq ki, ermənilər bu xəttdən kənara çıxsınlar. Əgər çıxarlarsa, bunun ziyanını görəcəklər. Və onlar bunu da yaxşı başa düşürlər ki, Azərbaycan istənilən an öz məqsədlərinə digər vasitələrlə, həm də güclü şəkildə nail ola bilər. Bu həqiqəti onlar çox yaxşı anlayırlar və Paşinyan da bunu anladığından indiki variantla razılaşıb. Paşinyan bu razılaşmanı məhz Azərbaycanın güclü mövqeyini anlayaraq qəbul edib. O, güclü bir ölkənin qarşısında, güclü bir dövlətin qarşısında təslim olub və Azərbaycanın şərtlərini qəbul edib.
Azərbaycanın şərtlərini yalnız Paşinyan deyil, ABŞ da qəbul etdi, ABŞ da Azərbaycanın şərtlərinə uyğun təkliflər irəli sürdü və Azərbaycanın yaratdığı şəraitdən istifadə edərək ən azından sülh prosesinin davamı ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə etdi. Tramp da bunu başa düşür. Trampın yerinə başqa birisi gələrsə, o da bu reallığı başa düşəcəkdir. Yəni vəziyyətin istiqaməti belədir. Ancaq təbii ki, burada Rusiya amili də rol oynayır”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Rusiya Ermənistanda öz adamlarını hakimiyyətə gətirərsə, regionda vəziyyətin dəyişməsi üçün çalışacaqdır. Və o zaman revansist qüvvələr Rusiyanın dəstəyi ilə öz məqsədlərini həyata keçirməyə çalışacaqlar. Amma Rusiya artıq o qədər güclü deyil ki, birincisi, Ermənistanda hakimiyyəti dəyişə bilsin, ikincisi isə, hansısa qüvvələr hakimiyyətə gəlsə, Rusiyanın köməyi ilə də olsa belə, Azərbaycana qarşı hər hansı təzyiq göstərmək iqtidarında olmayacaqlar. Rusiya bu gün artıq özü Azərbaycanın qoyduğu şərtləri və sualları qarşısında duruş gətirə bilmir, Azərbaycana əlavə təzyiq edə bilmir. Kreml sabah Ermənistan vasitəsilə biz təzyiq etməyə cəhd etsə də, bunun fəsadları dərhal özünü göstərəcək və bunun bədəlini ödəyəcəklər. Və anlayacaqlar ki, Azərbaycanla hər hansı güc amili ilə, ya da başqa hər hansı vasitələrlə danışmaq mümkün olmayacaq. Bu, artıq hamıya məlumdur. Azərbaycanın mövqeyi isə hər zaman ortadadır. Kimsə hansısa başqa yollarla hərəkət edəcəksə, Azərbaycan sərt şəkildə bunun qarşısında duracaq və öz haqqını müdafiə edəcək. Necə ki, 2020-ci ildə Azərbaycan öz məqsəd və hədəflərinə güc tətbiqi ilə nail oldu, indi də Azərbaycanın bəzi məsələləri hələ həll edilməyib, məsələn, ən azından Qərbi Zəngəzurla bağlı. Azərbaycan bu məsələ ilə bağlı öz qanuni və tarixi haqqını bərpa etmək üçün digər formalardan istifadə edə bilər. Əgər biz bu gün belə addımlar atmırıqsa, sülh və sabitliyi təmin etməyə çalışırıqsa, bunu dəyərləndirməlidirlər. Amerika bunu dəyərləndirir. Rusiya da dəyərləndirməlidir. Düzdür, güc tətbiqi ilə bəzi məsələlər həll oluna bilər, amma biz bu yolu seçmirik. Lakin əgər tərəf müqabillərimiz gücdən istifadə etsələr, biz cavab verməyə məcbur olacağıq. Hətta müəyyən itkilər hesabına olsa belə, bu da Azərbaycanın maraqları üçün uyğun variant olacaq. Bir sözlə inanıram ki, mövcud şəraitdə Azərbaycan öz mövqeyini qorumağa davam edəcək və indiyə qədər olduğu kimi, gələcəkdə də bu mövqeyini qoruyacaq. Haradasa kiminsə hakimiyyətə gəlişi, artıq Azərbaycanın mövqeyinə ciddi təsir etməyəcək”, - deyə partiya sədri vurğulayıb.